22 Dekabr 2024, Bazar

4-7 may tarixlərdə Amerika Birləşmiş Ştatlarının vətəndaşları Lillie Echevarria və Kazi Vaqar Ahmed Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Onlar internet saytlarında ­və sosial şəbəkələrdə Naxçıvan səfərlərindən ­yazıblar.
Möminə xatın türbəsi və Əshabi-Kəhf haqqında fikirlərini paylaşan Lillie Echevarria qeyd edib ki: “Möminə xatın türbəsi Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz tərəfindən həyat yoldaşı Möminə xatının məzarı üstündə ucaldılıb. Abidənin üzərində “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar” sözləri yazılıb. Əshabi-Kəhf ziyarətgahı isə Naxçıvan şəhərinin şərq hissəsində yerləşən təbii mağaradır. Qədim dövrlərdən bəri Əshabi-Kəhf müqəddəs ziyarətgah kimi qəbul edilib. Bu yer təkcə Naxçıvan Muxtar Respublikasında deyil, Azərbaycanın digər rayonları və Yaxın Şərqdə də müqəddəs yer hesab olunur. Hər il on minlərlə insan bu ziyarətgaha səfər edir”.
Kazi Vaqar Ahmed isə Naxçıvan barədə daha geniş bəhs edir: “Naxçıvan Azərbaycanın ən mühüm tarixi ərazilərindəndir. Buranı mütləq görməlisiniz. Muxtar respublika İran, Türkiyə və Ermənistanla sərhəddir. Qədim abidələri, zirvələri qarla örtülü dağları, bütün İslam və xristian dünyası üçün mühüm əhəmiyyətli dini əraziləri ilə məşhurdur. Bakıdan Naxçıvana Azərbaycan Hava Yollarının təyyarələri ilə gündəlik 4 uçuş həyata keçirilir. Uçuşların müddəti 1 saatdır. Naxçıvan şəhərində gözəl “Təbriz” oteli fəaliyyət göstərir. Bu otel turistlərə bütün imkanları olan təmiz otaqlar, sürətli internet və səhər yeməyi təklif edir”.

Daha sonra o yazır: “Möminə xatın türbəsi XII əsrdə inşa edilib. Dünyada üzərində “Yasin” surəsi yazılmış yeganə tarixi abidədir. Nuh Peyğəmbərin türbəsi də Naxçıvandadır. Yerli tədqiqatçılar araşdırmalar aparmışlar. Nəticədə, dəniz balıqlarının fosilləri, dəniz ilbiz qabığı, həmçinin Nuh Peyğəmbərin dövründə dəniz səviyyəsindən 3700 metr yüksəklikdə insan yaşayış məskənləri tapmışlar. Türbə sadə bir quruluşa malikdir. Eksponatlar nümayiş etdirilən otaq və məzarın ehtimal olunduğu yeraltı hissədən ibarətdir.
Digər görməli yer isə “İncil” kitabında da adıçəkilən mağara sakinləri ilə əlaqəsi olan Əshabi-Kəhfdir. Bu, elə bir yerdir ki, ziyarətgahı şəkil və video ilə təsvir etmək çətindir, insanın özünün görməsi lazımdır. Bərpa olunmuş pilləkənlərlə qalxaraq dağın içərisindəki mağaraya çatmaq olur. Müqəddəs “Qurani-Kərim”də bəhs olunan hadisəni Əshabi-Kəhf mağa­rasının içərisinə girdikdən sonra hiss etmək olur. Mağaranın girişində bulaq var. Ziyarətgahın aşağı hissəsində hədiyyə mağazası və çay içmək üçün xüsusi yerlər vardır”.
ABŞ vətəndaşının son qeydləri Duzdağ Fizioterapiya Mərkəzi barədədir: “Naxçıvanda astma və tənəffüs yolları xəstəliklərinin duz şaxtasında müalicə edildiyinin şahidi oldum. Şaxtanın içərisində xəstəxana var və insanlar orada müalicə olunur. Xəstələr şaxtada 12 gün yatır. Müalicə olunduqdan sonra onlar özlərini çox yaxşı hiss edirlər. Pakistanın “Xevra” adlanan böyük duz şaxtası var. Nə üçün biz eyni müalicə mərkəzini orada yaratmırıq? Məsləhət görərdim ki, tədqiqatlar aparılsın, Xevra şaxtaları da Naxçıvandakı kimi müalicə və turizm məqsədilə istifadə edilsin”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR