Çox zaman turizmin cazibəsinə qapılıb onun gücündən istifadə etmək yollarını axtaranda ya təkcə turizm ehtiyatları, ya bacarıqlı menecment haqqında fikirlər söylənilir, ya da ki məsələnin, sadəcə, turistlərin səxavətindən asılı olması qənaətinə gəlinir. Amma halbuki turizm elə sahələrarası inteqrasiya gücünə malikdir ki, o, başda iqtisadiyyat olmaqla digər sosial-mədəni xidmət sahələri ilə birgə bütöv bir turizm sənayesini formalaşdıraraq ölkəyə turizm gəlirləri imkanı yaradır. Əlbəttə ki, burada təkcə rekreasiya xidmət sahələrində deyil, bütün turizm sənayesinə aid olunan sahələrdə öz funksiyasını yerinə yetirə bilən kadrlardan çox şey asılıdır.
Turizmdə kadr deyəndə çox vaxt turistlərə xidmət göstərən gülərüz, peşəkar xidməti işçilər başa düşülür. Mehmanxana, restoran, nəqliyyat və ekskursiya xidmətləri zamanı belə işçilər bilavasitə servislə əlaqədar olduğundan onların işinə də müvafiq qiymət verilərək göstərdikləri xidmətin səviyyəsinə görə bəxşiş alıb, bəzən də şikayət olunurlar. Ancaq turizm sənayesində rol alan və turistlərlə heç zaman üz-üzə gəlməyən çoxlu sayda sahələr vardır ki, onların fəaliyyətinin son nəticəsi regiona xas olan turizm məhsulunu formalaşdıran bir amil kimi özünü göstərir.
Turizm sənayesi regionda turizm məhsulunun istehsalı və turistlərə çatdırılması üzrə fəaliyyət göstərən xidmət və qeyri-xidmət sahələrinin məcmusudur. Evindən mənalı istirahət məqsədilə səyahətə çıxan turistlərin istifadə etmək istədiyi hər bir xidmət turizm sənayesinin məhsuludur. Belə xidmətləri göstərən xidməti heyət isə turizm sənayesinin aparıcı qüvvəsi olub, regionun mövcud turizm ehtiyatlarını və milli qonaqpərvərliyini son məhsul şəklinə salaraq turistlərə sata bilmək üçün turizm məhsulunu istehsal edir. Göründüyü kimi, turizm sənayesi düşünüldüyü qədər heç də sadə bir quruluşa malik olmayıb, turizm xidmət servislərindən başqa, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, hədiyyəlik əşya istehsalı, hətta kənd təsərrüfatı, tikinti, pərakəndə ticarət, sərnişin nəqliyyatı kimi sahələr arasında da möhkəm bir inteqrativ zəncir rolunu oynayır. Əgər turizmdən pay almaq, onun vasitəsilə ölkəni tanıdıb valyuta gəlirləri də əldə etmək məqsədimizdirsə, bu zaman bir qismini sadaladığımız sahələrin turizm sənayesinə verəcəyi töhfəni düzgün balanslaşdırmaq, konkret vəzifə bölgüsü aparmaq lazımdır. Məhz belə bir şəraitdə bir-birinin sifarişlərini yerinə yetirən və son nəticədə, ölkəyə gəlmiş turistlərə hazır, həm də markalı məhsul sata bilən bütöv bir turizm sənayesi kompleksindən danışa bilərik.
Turizm sənayesinin mühüm bir tərkib hissəsi kadr və bu kadrları hazırlayan təhsil müəssisələridir. Turizmin xidmət sahələri və idarəetməsi üçün lazım olan kadrlar bir çox səviyyələrdə – ali, orta, peşə təhsili müəssisələrində və turizm-xidmət firmasının (mehmanxananın, restoranın və ya ekskursiya bürosunun) özünün təşkil etdiyi kurs və treninqlərdə hazırlanır. Öz təyinatına görə belə kadrlar turizm sənayesində müxtəlif pillələr tutaraq gələcək xidmət sahələrində öz bacarığını ortaya qoymalı, iqtisadiyyatın müxtəlif sahələrindən baş çıxarmaqla özlərinə lazım olanı deyil, məhz turistə lazım olan tələbatları düzgün qiymətləndirməyi bacarmalıdırlar. Çünki turistlərin tələbatları fərqlidir və onların reallaşdırılması xidmətlə eyni anda baş verdiyindən gözlə göstərilə bilinməyən turizm məhsulu yalnız turistlərin ona pul ödədiyi zaman dəyərini qazanır. Belə olduğu təqdirdə turizm sahəsində çalışan istənilən kadr bu sahədə formalaşmış bütün bilgiləri və dünya təcrübəsindən əldə etdiyi praktik vərdişləri ortaya qoymağı bacarmalıdır.
Turizm kadrlarının hazırlanması çoxpilləli bir prosesdir. Göstərilən servislərin məzmunu və dərinliyinə görə yetişdirilən turizm mütəxəssisinin ondan ilk tələb olunan gülərüz peşəkarlıqdan tutmuş dərin iqtisadi savada qədər hər şeydən xəbəri olmalıdır. Bundan əlavə, turizmdə çalışmaq arzusunda olan gənc tarix, coğrafiya, mədəniyyətşünaslıq kimi elm sahələrindən yaxşı məlumatlı olmalı, xarici dilləri bilməli və müasir informasiya-kommunikasiya texnologiyalarından da baş çıxarmalıdır. Ona görə də turizm kadrlarının yüksək ixtisaslı əllərə həvalə edilməsi, onların bu sahə üzrə peşəkarların rəhbərliyi altında yetişdirilməsi turizm sənayesinin bir sifarişidir. Turizm kadrlarının dünyagörüşünün, savadının yalnız “şiş-kabab fəlsəfəsi”ndə məhdudlaşmaması üçün onlar günün komfort tələbləri, müasir insanların artan tələbatlarının ödənilməsi ruhunda yetişdirilməlidir. Çünki turizm iqtisadiyyatın bir sahəsidir və bu xidmət sahəsinin də digər sosial-mədəni sahələr kimi tələb və təklifə əsaslanan öz qanunları vardır.
Ümumiyyətlə, “kadrlar hər şeyi həll edir” fikri hər sahədə özünü doğrultduğu kimi, turizm sənayesində də bu, öz aktuallığını həmişə qoruyur. Turizm sahəsində kadr yetişdirmək, gələcəkdə onların bəhrəsini görmək üçün dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir. Muxtar respublikamızın zəngin turizm ehtiyatları əsasında güclü turizm sənayesi yaratmaq qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Odur ki, yurdumuzun hər guşəsində turistləri özünə cəlb edən zənginliklərdən bacarıqla istifadə edə biləcək kadrların və kadr hazırlığı müəssisələrinin üzərinə böyük vəzifələr düşür.
Əli CABBAROV