Turizm hazırda dünya iqtisadiyyatında mühüm yerlərdən birini tutur. XX əsrin sonlarından başlayaraq inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişikliklərinin baş verməsi onun növlərinin artmasına da imkan verib. Məhz idman turizmi anlayışı da bu dəyişikliklərin bir nəticəsi kimi ortaya çıxıb. Söhbət burada idmanın turizmlə əlaqələndirilməsindən gedir. Bəs hazırda bu əlaqələndirməyə nə qədər ehtiyac var?
Son illərin təcrübəsi göstərir ki, turizm daim yenilikləri özünə cəlb edən sahədir. Bu sahənin inkişafı o zaman təmin olunur ki, kütləvi maraqları cəlb edə bilsin. Son dövrlərdə dünya turizm bazarının idarəçiləri o qənaətdədirlər ki, zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verirlər. Bu isə, nəticədə, idman turizminin ayrı-ayrı növlərinin inkişaf etdirilməsini zəruri edir. Çox zaman “ekstremal turizm” adlandırılan bu sahə özündə müəyyən riskləri daşısa da, nəticə etibarilə, çoxları üçün əsrarəngiz bir istirahətdir. Buna görədir ki, hazırda dünya turizm bazarının 10 faizi ekstremal turizmin payına düşür. Belə bir mövzuya müraciət etməyimizin səbəbi də Naxçıvan Muxtar Respublikasında bu turizm sahəsinin böyük potensiala malik olmasıdır.
Hamımıza məlumdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların cənuba doğru uzanan orta və alçaq dağlıq yaradan qolları tutur. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsiləsidir. Bu silsilənin ən hündür zirvəsi olan Qapıcıq dağı isə (3906 metr) Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir. Bundan əlavə, hündürlüyü 3000 metrdən çox olan Yağlıdərə, Qazangöl, Sarıdərə, Dəvəboynu dağları, dəniz səviyyəsindən yüksəkliyi 2000 metrdən çox olan onlarla aşırımlar, eləcə də alçaq və orta yüksəklikli çoxsaylı dağ və təpələr Naxçıvanın əsrarəngiz relyefini formalaşdırır. Bu coğrafi potensial ekstremal turizmin inkişafında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, ekstremal turizm alpinizm, speleoturizm (mağara turizmi), qayayadırmanma, veloturizm, ultramarafon, piyada turizmi, dağ xizəkçiliyi və sairi özündə birləşdirir. Təsadüfi deyil ki, Şahbuz rayonunun Ağbulaq kəndində yeni dağ-xizək turizminin yaradılması muxtar respublikada idman turizminin inkişafında atılan ilk uğurlu addımlardandır. Cari ilin iyul ayından burada tikintisinə başlanılmış xizək mərkəzində artıq işlərin 80 faizi başa çatdırılıb. Ərazinin relyefi, qış fəslində qarın 4-5 ay yerdə qalması xizək turizmi üçün burada geniş imkanlar yaradır.
Alpinizmin inkişafı üçün də muxtar respublikada potensial baza var. Səyahətin idmana yaxın olan bu mürəkkəb növünün inkişaf etdirilməsi üçün yüksək, orta yüksək və alçaq dağlıq ərazilərin coğrafi imkanları, eyni zamanda qayayadırmanma üçün ərazi obyektlərinin müəyyənləşdirilməsi bu işə öz töhfəsini verə bilər. Doğrudur, turizmin bu növü alpinist və dağ turist düşərgələrində təlim keçmiş fiziki, nəzəri və praktik cəhətdən hazır olan idmançılar üçün məqbul sayılsa da, dünya turizmində buna böyük maraq var. Təcrübəli və səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilən belə tədbirlər üzrə artıq püxtələşmiş ölkələr mövcuddur. Və yaxud speleoturizmi götürək. Mağara turizmi mənasını verən bu turizmin inkişafı üçün Naxçıvan ən unikal məkanlardandır. Çünki Cənubi Qafqaz regionunda təbii mağaraların ən çox yayıldığı ərazi Naxçıvan ərazisidir. Qeyd edək ki, bu turizm növünün məqsədi mağaraların kəşfi və tədqiqi sayıldığından bu sahəyə idmançılarla yanaşı, tarixçilər də böyük maraq göstərirlər.
İdman turizmində diqqətçəkən mühüm sahələrdən biri də veloturizmdir. Veloturizm az fiziki qüvvə sərf etməklə nisbətən yaxın məsafələrin təbiəti, tarixi abidələri ilə tanış olmağa imkan verən turizm növüdür. Atmosferi çirkləndirməyən, insan səhhətini möhkəmləndirən velosipedin nəqliyyat vasitəsi kimi universallığı ondan hər yerdə istifadə etməyə imkan verir. Əlavə olaraq orta dağlıq və dağətəyi regionlarda dağ velosipedi yarışlarının təşkili də müasir dövrdə ən populyar idman yarışlarındandır.
Ümumiyyətlə, idman turizminin müxtəlif növlərinin inkişafı üçün muxtar respublikamızda hərtərəfli şərait mövcuddur. Uzağa getməyək, elə Türkiyə Respublikasında son dövrlərdə turizmin hərtərəfli inkişafı idman turizminin də dirçəlməsinə imkan verib. Bu ölkənin Kapadokya bölgəsi hər il dünyanın müxtəlif ölkələrindən bura gələn turistlərlə dolu olur. Beynəlxalq səviyyəli ultramarafonlar, triatlon və dağ velosipedçiləri üçün təşkil olunan yarışlar artıq bu bölgəni idman turizmi üçün də ildən-ilə daha cəlbedici edir. Düşünürük ki, muxtar respublikamızın təbii şəraiti bu turizm sahəsinin inkişafı üçün daha çox və fərqli imkanlara malikdir.
P.S. 2016-cı ildə Honqkonqda keçirilən ümumdünya ultramarafon (100 kilometr) yarışının litvalı qalibi Gedminas Griniusdan soruşmuşdular ki, yaşadığınız Vilnüs şəhəri tamamilə düzənlikdir, bəs dağlıq ərazilərdə keçirilən bu tip ultramarafonlarda necə qalib ola bilirsiniz? Cavab vermişdi ki, bəli, yaşadığım yerlərdə bəzi kiçik təpələr istisna olmaqla heç bir dağ yoxdur. Buna görə də həmin təpələrə dəfələrlə qalxıb enməklə yarışlara hazırlaşıram.
Demək ki, dağlara sahib olmaq Tanrının bizə bəxş etdiyi zənginlikdir.
Səbuhi HƏSƏNOV