2013-cü ildə istifadəyə verilən istirahət mərkəzi kənddə həmin ildən turizmin inkişafına şərait yaradıb. Mərkəz 3 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Otaqlarda istirahət üçün hər cür şərait yaradılıb, havalandırma sistemləri quraşdırılıb və sürətli internetlə təchiz edilib. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da vardır ki, burada turistlərə ekoloji cəhətdən sağlam və yüksəkkeyfiyyətli məhsullar təklif olunur. Kompleksin ərazisinə 2 kilometr məsafədən uzunömürlülüyün sirrini gözyaşı kimi şəffaf sularına hopduran büllur bulaqlardan su xətti də çəkilib.
İllərdir ki, yayın istisindən yayınmaq, yazın-payızın gözəlliyini duymaq istəyən yüzlərlə turist axışır bu gözəl məkana. Və onların hər biri buradan evlərinə unudulmaz təəssüratla, yenidən bu doyumsuz təbiəti görmək arzusu ilə qayıdırlar.
Ağbulaq kəndinin turizm potensialını yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərkəzin açılış mərasimində deyib: “Ağbulaq kəndində istirahət mərkəzinin yaradılması təsadüfi deyil. Hələ keçmiş Sovetlər Birliyi dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. Bu, o dövrdə həyata keçirilən mühüm tədbirlərdən biri idi. Bu gün müstəqil Azərbaycanda da xidmət sahələrinin inkişafına, yeni istirahət komplekslərinin tikilməsinə və turizm infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun dövlət başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişafa nail olunmuş, sabitlik təmin edilmişdir. Bütün bunlar ölkəmizdə yay və qış turizminin inkişafını daha da sürətləndirir. Ağbulaq İstirahət Mərkəzində də yay və qış turizminin inkişafı üçün əlverişli şərait vardır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əlverişli təbii-coğrafi şəraitə malik olan Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Bu ilin iyul ayının 17-də burada Ali Məclis Sədrinin iştirakı ilə Xizək Mərkəzinin təməlatma tədbiri olub.
Bu günlərdə Xizək Mərkəzində görülən işlərlə tanış olmaq məqsədilə kəndə üz tutduq. Ağbulağa çatmamış onunla eyni istiqamətdə yerləşən Kolanı kəndinin bir səmtindən yaradılan Xizək Mərkəzinin aydın göründüyünü müşahidə etdik. Yerdən dağların zirvəsində olanları gördükdə bu qənaətə gəldik ki, mərkəz istifadəyə veriləndən sonra Kolanıya oradan doyumsuz bir mənzərə açılacaqdır. Ağbulağa çatanda isə, sözün həqiqi mənasında, gözlərimizə inanmadıq. Kənddə onsuz da böyük quruculuq işləri aparılıb, yol infrastrukturu tamamilə yenidən qurulub, 2013-cü ildə burada yeni sosial obyektlər istifadəyə verilib. Turizm inkişaf etdirilən kənddə son iki ildə bütün evlərin çardaq hissəsi yenilənib, həyətlərə hasarlar çəkilib. Sıx, hündür ağacların arasından ancaq görünən rəngarəng boyalı evlərin, həm də rəngarəng dam örtükləri, yol kənarlarındakı evlərin yaraşıqlı hasarları buraya əsl turizm məkanı ab-havası bəxş edir, baxdıqca baxmaq istədiyin bir gözəllik yaradır. İstirahət mərkəzinə çatdıqda isə buradan bir qədər aralıda indiyədək torpağın üzərində gördüyümüz tikinti meydançası ilə bu dəfə dağların sinəsində – zirvəsindən bir az aşağıda qarşılaşdıq. İnşaatçıların bu qocaman dağların bağrını yarıb yüzlərlə metr hündürlükdən layihəyə əsasən ümumi uzunluğu 1500, eni isə 30 metr olması nəzərdə tutulan üzüaşağı xizək enişi yaratmaları, bunun üçün maşın və texnikaların dağların sinəsində hərəkəti, xizək yolunu hamarlamaları, yolun sağ və sol hissələrində su axarları düzəltmək üçün buraya qum, beton qarışığı daşımaları kənardan baxanlarda belə bir təəssürat yaradır: İnsan zəkası, insan əlləri nələrə qadirmiş.
Mərkəzin əsas infrastrukturu kanat yoludur. 952 metr uzunluqda kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla, 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyer xətləri çəkiləcəkdir. Burada xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaqdır. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaqdır. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcəkdir. Layihə ilə tanış olarkən və bunun çox sürətlə reallaşmağa doğru getdiyini görərkən adam özünü nağıllar aləmində hiss edir.
Çoxlarımız istirahət deyiləndə nədənsə yay fəslini düşünürük. Lakin bəziləri öz istirahətlərini ancaq qış fəslində təsəvvür edə bilirlər. Təbii ki, bu seçim insanların zövqündən daha çox asılıdır. Yaşıllığı, gülü-çiçəyi sevənlər kimi, göz baxdıqca uzanan gözqamaşdırıcı qar örtüyünün vurğunu olanlar da az deyil.
Ağbulaqda – bütün fəsillərin gözəli və bütün zövqlərin məkanında qış turizmi üçün yaradılanları gözlərimizlə gördük. Deməli, yüksək səviyyəli turizm infrastrukturu yaradılan bu kənd öz əsrarəngiz qoynunu yay istirahəti üçün insanlara açdığı kimi, yaxın zamanda muxtar respublikamızda dağ-xizək turizminin də yeganə ünvanı olacaq. Bu ünvanda yayda istirahət edənlərdə buraların qışını, qışda istirahət edənlərdə isə yayını görmək arzusunun yaranacağı da şübhəsizdir. Bütün bunlar isə Ağbulaq İstirahət Mərkəzinə turist axınını bu gündən şərtləndirən amillərdir. Qoy gəlsinlər, görsünlər: Ulu Yaradanın Naxçıvana bəxş etdiyi füsunkar təbiəti, yüzilliklərə söykənən adət-ənənələrimizi, milli dəyərlərimizi, bənzərsiz mətbəximizi.
Mətanət MƏMMƏDOVA