Müasir insanın əsas tələbatlarından biri olan turizm səyahətləri hər il dünya üzrə 1 milyard 200 milyondan artıq turistin səfər motivini yaradır. Bu motivlər turizm ehtiyatları, rekreasiya üçün yaradılmış infrastruktur və milli qonaqpərvərlik üzrə dəyişilsə də, elə zəruri şərtlər vardır ki, bunlar, əslində, yeni dünyanın yeddi möcüzəsindən biri hesab edilən turizm səyahətlərinə yollanmağın əsas səbəblərindəndir. Hər il 450 minə yaxın turistin səfər etdiyi qədim və müasir Naxçıvan da turistlər üçün belə cazibədar xüsusiyyətlər ilə zəngindir. Praktika göstərir ki, çox zaman səfərə hazırlaşan turistlərə onları səyahətə cəlb edə biləcək belə səbəblər barədə əvvəlcədən məlumat verməkdə çox fayda var. Bəs bu səbəblər hansılardır?
Təhlükəsizlik hər bir səyahət zamanı ən vacib məsələdir. Şübhəsiz, yol çantasını götürüb bilinməyənlərə doğru səfərə çıxan hər bir adamın evinə sağ-salamat qayıtması onu gözləyənlərin ən böyük arzusudur. Düzdür, turistlər səyahət müddəti boyunca onlara yad ölkədə rast gələ biləcək hər cür riskli hallardan sığortalansalar da, yaxşısı budur ki, belə hallar heç baş verməsin. Turistin əşyasını, pulunu, yaxud sənədlərini itirməsi, hansısa bir qəza halında çıxılmaz vəziyyətə düşməsi və ya sadəcə, hansısa bədniyyətli insanların xoşagəlməz hərəkətləri ilə rastlaşması dünya ölkələrinə səyahətlər zamanı tez-tez rast gəlinən hallardandır ki, bunlarla bağlı dünyanın aparıcı xəbər portallarında bu barədə çoxsaylı məlumatlara rast gəlmək olar. Amma bütün bunları eşidəndə düşünürsən ki, nəyə görə Naxçıvana səyahət edən turistlər, xüsusən əcnəbilər özlərini evlərindəki kimi hiss edirlər? Kifayət qədər həssas geostrateji mövqedə yerləşən Naxçıvanda həm yerli əhalinin, həm də turistlərin təhlükəsiz şəraitlə təmin olunması etibarlılıq baxımından, əslində, hər kəs üçün vacib amildir.
Gözəl hava şəraiti, xüsusən səyahət zamanı hər kəs üçün arzuolunandır. Əgər fikir versək, səyahətə yollanan, yaxud səyahətdən qayıdan hər kəs gedəcəyi yerin iqlimi və hava şəraiti ilə çox maraqlanır. Şübhəsiz, hər bir insan illər boyu yaşadığı təbii mühitə uyğunlaşdığından onun üçün uzaq yerlərdəki qeyri-adi hava şəraiti həmişə sürpriz ola bilər. Ona görə də ilin hansı fəslində olursa-olsun, Naxçıvana səyahətə gələn hər bir turist üçün bu torpağın, necə deyərlər, büllur kimi saf havasını udmaqdan gözəl rekreasiya yoxdur. Çox səyahət edənlər yaxşı bilirlər ki, bol oksigenli, quru və təmiz hava həmişə insanın yorğunluğunu çıxaran, iştahasını açan əsas təbii amillərdəndir. Belə hava isə Naxçıvanda ilboyu vardır.
Yol mədəniyyət, həm də uzaq səyahətin başlandığı yerdir. Xüsusən yaddaqalan səyahət üçün rahat və təhlükəsiz yollar turistlərin maraq dairəsindədir. Dünyada elə yerlər vardır ki, buradakı turlar məhz yolları görmək üçün dizayn olunur. Tarixən qədim İpək Yolu üzərində mühüm ticarət karvanlarının keçid yolu olmuş Naxçıvan öz müasir yolları ilə hətta ən inkişaf etmiş ölkələrdən gələn turistlərin də, sözün əsl mənasında, ürəyincədir. Yol-nəqliyyat hadisələrinin yox səviyyəsində, turistlərə xidmət edən sürücülərin öz işində dəqiq və vicdanlı olması Naxçıvana gələn turistləri həmişə qane edib.
Qida servisləri hər bir səyahət zamanı turistlərin istifadə etdiyi üç əsas xidmətdən biridir. Səyahət etdiyi regiona xas olan keyfiyyətli və ləziz yeməklər isə hər bir turistin yaddaşında həmişəlik qalır. Bu mənada, Naxçıvan mətbəxi dünyanın istənilən yerindən gəlmiş turistlərin həmişə diqqətini cəlb edir. Dəfələrlə Naxçıvandakı restoranlarda nahar və ya şam edən turistlərin avropasayağı olaraq süfrəyə təklif olunan salat çeşidlərinin hər birindən əvvəlcə azacıq dadmaq istədiklərinin, sonra isə böyük ləzzətlə hamısını yediklərinin şahidi olmuşuq. Şübhəsiz, Naxçıvan torpağının, suyunun və zəhmətkeş kəndlisinin əməyinin bəhrəsi olan ekoloji təmiz yerli ərzaq məhsullarımız peşəkar qonaqpərvərliklə turistlərə təqdim olunduqda, onlar da bu diyara ikinci dəfə sırf qastronomik turizm üçün də gəlmək istədiklərini düşünürlər.
Naxçıvan təbiəti çox əsrarəngizdir. Burada milyon illər əvvəl dəniz dibində yaşamış canlıların izlərindən tutmuş müasir təbabətdə geniş istifadə olunan dərman bitkilərinə, səhratipli iqlimə malik düzənliklərdən tutmuş dörd fəslin bir arada yaşandığı dağ çəmənliklərinədək hər cür təbiət gözəllikləri tapmaq mümkündür. On milyonlarla ton duz ehtiyatlarının mövcud olduğu, şoranlaşmış torpaqda bakteriyalar daxil olmaqla, heç bir canlının yaşaması mümkün olmadığı Duzdağdan cəmi 15-20 kilometr məsafədə, məsələn, Qarabağlar Asnısında qaynayan həyatı gördükdə Uca Yaradanın qüdrətinə bir daha şahidlik edir insan. Yazın şişək çağında, Ağbulağın dolaylarından enərkən açılan təbiət mənzərəsi hər gün yüzlərlə, minlərlə turistin saatlarla tamaşasına dayanmağına bəs edər. Saat demişkən, Nəhəcir bulağının fontanına baxmağa gələn turistlər də bu bulağın aktivliyinə görə saatlarının düz işləyib, işləmədiyinə inanırlar. Necə deyərlər, tam təbii İsveçrə dəqiqliyi.
Tarixi zənginlik Naxçıvanın əsl sərvətidir. Şübhəsiz, hər turist tarixi əsərlərə meyilli deyildir. Hətta elə yaşlı turistlərlə rastlaşmaq olar ki, onların heç tam orta təhsili də yoxdur. Belə turistlər ən çox təbiətlə ünsiyyətdə olmaq, yaxud əyləncə xatirinə səyahət edib, yaxşı pul xərcləyirlər. Amma səyahət edənlərin əksəriyyəti, xüsusən elit seqmentə aid turistlərin gözündən tarixi dəyər kəsb edən, kiçicik də olsa, heç bir əsər yayınmır. Bəzən elə məqamlara rast gəlinir ki, turistlər bizim üçün ilk baxışda adi görünən bir eksponat qarşısında öz təəccübünü gizlətmir. Məsələn, Naxçıvanın simvollarından biri olan Əlincəqalaya səyahət zamanı buradakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində sərgilənən və VI əsrə aid olduğu hesab edilən gümüş pula baxan turistlər Naxçıvanın hələ min illər öncədən sahib olduğu iqtisadi və mədəni inkişaf səviyyəsi haqqında təsəvvür əldə edə bilirlər. Naxçıvan abidələri, qalaları, burada yaşamış dünya şöhrətli insanların fəaliyyəti, Naxçıvanın İslam mədəniyyətinə verdiyi töhfələr tarix həvəskarları olan turistlər üçün çox qiymətli cazibə elementləridir.
Və mədəniyyət elə bir gücə malik olan sərvətdir ki, onun vasitəsilə bütün dünyanı idarə etmək mümkündür. Naxçıvanda mövcud olan sosial-mədəni inkişaf, insanların tolerantlığı və milli qonaqpərvərlik kimi turizm baxımından çox vacib olan elementlər buraya səyahət edən yerli və əcnəbi turistlər tərəfindən çox bəyənilən, haqqında müsbət fikirlər deyilən mədəni keyfiyyətlərdəndir. Mədəniyyət bir xalqın min illər boyu yaşadıb, inkişaf etdirdiyi, tarixi təkamül nəticəsində formalaşan ən mühüm göstəricisidir. Onun vasitəsilə cəmiyyətin istənilən sahəsinə qiymət verib, eyni zamanda arzu edilən nəticələrə çatmaq mümkündür. Bu mənada, Naxçıvan Azərbaycan xalqının qədim tarixinin yaşandığı, bugünkü inkişafının əks olunduğu mühüm turizm destinasiyalarından biridir. Qayda-qanunlara hamılıqla dəqiq əməl olunduğu, insan amilinə ən yüksək diqqət göstərildiyi, hər kəsin əməyinə dəyər verildiyi bir məkanda turistlərin də özlərini yad planetdə deyil, öz evlərindəki kimi hiss etməsi onları Naxçıvana səyahət etməyə cəzb edən səbəblərdəndir.
Naxçıvana səfər edən hər turist burada özü üçün yeni bir dünya kəşf edir. Bu dünyanın gözəllikləri isə yeddidən yetmişədək hər bir səyahətçi üçün paylaşıla biləcək qədər zəngindir. Bu, Naxçıvanın turizm cazibəsidir.
Əli CABBAROV