Memarlıq və tarixi abidələri, yaşı əsrlərlə ölçülən vüqarlı çinarları, gözəl meyvə bağları, ipəyi ilə məşhur olan, füsunkar təbiəti, insanın ruhunu oxşayan başıqarlı dağları, buz bulaqları, çayları, zəngin fauna və florası ilə seçilən yurd yerimiz, gözəl mənzərələr məskəni Ordubad…
Uca Yaradan bu qədim diyardan səxavətini əsirgəməyib. Bir tərəfdə adı Nuh əfsanəsi ilə bağlı olan yalçın, şişqayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan, uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyən, özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya… Digər tərəfdə isə zəngin tarixi keçmişimizi özündə əks etdirən, bu qiymətli abidənin gözəlliyinə gözəllik qatan, ecazkar görünüşü ilə hamının qəlbini riqqətə gətirən, füsunkar təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi məkan, adı dillər əzbəri olan Göygöl…
Göllər gözəlini görmək, təbiətin yaratdığı bu gözalıcı gözəlliyin seyrinə dalmaq, ruhumuzu bir az da dincəltmək üçün üz tuturuq Göygölə. Gedirik müqəddəs bir məkana. Dünya mədəniyyətinin və dinlərinin kəsişdiyi nöqtəyə, sivilizasiyanın başlanğıc götürdüyü Zəngəzur silsiləsinə, Gəmiqaya dağı, Ağ dağın ətəklərinə. Bu fərqli gözəlliklə Nuh müqəddəsliyi arasında vəhdət var sanki. Gölün mərkəzində yerləşən kiçik bir ada Nuhun quruya çıxdığı, qayaların qüdrətdən təbii istehkam qurduğu dağın ətəyində gizlənmiş adanı xatırladır. Göygölün sirri-sehri də elə Nuh əfsanəsinin özü qədər realdır…
İrəlilədikcə insanın zövqünü oxşayan, təbiətin yaratdığı qeyri-adi gözəllikləri görür, ilham alırıq. Yol boyunca bizə yoldaşlıq edən yamyaşıl ağacları, Günəşin bərq vurduğu dağları seyr etmək ürəyimin dərinliklərindəki həyəcanı azaltmır. İlk dəfədir ki, yollandığım ucqar dağlarla əhatəli bu məkanı görmək istəyi qəlbimi sevinclə doldurur. Əvvəlcə gəlirik ana təbiətin bənzərsiz abidəsi olan gölün yerləşdiyi Ordubad rayonunun Nürgüt kəndinə. Rayon mərkəzindən çox uzaq olsa da, Nürgüt də inkişafdan geri qalmayıb. Muxtar respublikanın bir çox kəndləri kimi, bu yaşayış məntəqəsi də illərdir ki, müasirliyə qovuşub. Nürgütlülərin qonaqpərvər və mehriban olduğunu eşitmişdik, bir daha bunun şahidi oluruq. Kənddə görüşdüyümüz Həsən Məmmədov ağızdolusu burada yaradılan şəraitdən danışır. Deyir ki, mavi yanacağın fasiləsiz şölələndiyi evimizdə telefon, internet xidmətindən istifadə edir, rahat yoldan və səhiyyə xidmətindən yararlanır, uşaqlarımız müasir məktəbdə təhsil alırlar. Yaradılan belə şərait kəndlinin rifah halını yaxşılaşdırmaqla bərabər, digər tərəfdən də məskunlaşmanın ilbəil artmasına səbəb olur.
Burada olarkən öyrənirik ki, Nürgüt kəndini digər kəndlərdən fərqləndirən əsas cəhətlərdən biri də səfalı Göygöldür. Göl suyunun mənbəyini dağ zirvələrindəki əriyən qarlar və gölün ortasında qaynayan bulaqlardan alır. Yerli əhali buranı “dörd fəsil” gölü də adlandırır. Çünki gölün bir tərəfində qar olanda digər tərəfində yaz çiçəkləri açır. Göl o qədər böyük olmasa da, gözəl təbiət abidəsi kimi göz oxşayır, qonaqları əfsunlayaraq öz sehrinə salır. Necə deyərlər, bu yerləri bir dəfə görən insan buranı ömrü boyu unutmaz. Gölə gedən yolda çox sayda sərin bulaqlar, kənd sakinlərinin obaları və onların ətrafında yüzlərlə arı pətəyi gözə dəyir. Tanrının xüsusi zövqlə, incəliklə yaratdığı möcüzəvi yurd yeri sanki bütün təbii gözəllikləri sehrli bir qüvvətək özündə birləşdirir.
Göygölə yaxınlaşdıqca gül-çiçəyin təravətli qoxusu, Saqqarsu çayının zümzüməsi, quşların cəh-cəhi insanı bihuş edir. Fəsillərin birlik ocağı, möcüzəli bir cənnət bucağı olan Göygölə çatırıq. Məğrur dağlar qoynunda ecazkar sənət əsərini xatırladan gölə tərəf addımlayırıq. Gölün gözəllikləri insanı hər addımda heyran edir, sanki təmiz, pak bir dünyaya aparır. Zirvəsi daim qarla örtülü olan dağların isə sirli-sehrli cazibəsinə düşməmək mümkün deyil. İnsanın ruhunu oxşayan, qəlblərə sakitlik gətirən gölün ecazkar gözəlliyini görmək istəyən təkcə biz deyilik. Artıq bir neçə ailə onun gözyaşıtək şəffaflığı ilə seçilən sərin suyuna əl vurur, qızlar yamyaşıl otların içərisindən baş qaldıran, bu yeri cənnətməkana çevirən müxtəlifrəngli, al-əlvan güllərdən dərir, uşaqlar elə onlar qədər saf və təmiz, əsrarəngiz təbiətin qoynunda olmaqdan həzz alır, gözəl mənzərələrin təsiri altında xoş bir gün yaşayırlar.
Göygöl həm də Naxçıvanın mirvarisi hesab olunur. Havası, suyu sərin olan dağlar qoynuna sığınan gölün ətrafında hər nəfəs aldıqda havanın təmizliyini, oksigen ilə zənginliyini hiss etmək olur. Yaşıllıqların əhatəsində qərar tutan, Tanrıdan aldığı gözəlliyi ilə ətrafa hakim kəsilən, bu gözəlliklə sanki təbiətin özünə belə, naz edən Göygölə baxdıqca düşünürsən: Doğma diyarın təbiətinin füsunkarlığından vəcdə gəlməyə bilərikmi? Əsla yox!
Zəngəzur dağ silsiləsinin cənub yamacında, dəniz səviyyəsindən 3065 metr yüksəklikdə yerləşən Göygöl, mənşəcə buzlaq gölüdür. Şirinsulu, axarlı olan, “Kitabi-Dədə Qorqud”da adıçəkilən bu göl Azərbaycanın, eləcə də muxtar respublikanın ən gözəl, füsunkar göllərindən biridir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə 7 metrdir. Kəskin kontinental iqlim şəraiti, eləcə də tektonik aşınmalar gölün həcmini azaltsa da, onun gözəlliyini azaltmayıb. Zirvəsi buludlarla örtülü olan əzəmətli dağlar, qayalardan çağlayan, ətrafa hay-haray salan çaylar, qar talalarını öz çevrəsinə alan ətirli dağ çiçəkləri, sıldırım qayaların yamaclarına yaşıl xalısını sərən çəmənlər, duruluqda göz yaşına bənzər bumbuz bulaqlar bu yerlərə xüsusi gözəllik bəxş edir. Heç zaman zirvəsindən çəni-dumanı əskik olmayan şiş qayalar sanki bir əsgər kimi Vətən sərhədlərinin keşiyini çəkir. O əsgər ki Gəmiqaya zirvəsində sinəsini Vətən torpağına sipər edib, başıqarlı dağların köksündə, Vətən sərhədində doğma toprağını amansız düşmənlərdən qoruyur.
Gilançayın sol qolu olan Saqqarsu öz başlanğıcını Göygöldən götürür. Göldən bir az cənubda hündürlüyü 3829 metrə çatan Qazangöldağ, cənub-şərqdə isə Zəngəzur dağ silsiləsinin dağ yamacında Göygölə çox bənzəyən Qazangöl yerləşir. Buzlaq gölü olan Qazangölün mənsəbi Oxçuçaydır. Bu iki dağ gölünü bir-birindən Qazangöl aşırımı ayırır.
Ətrafa diqqətlə nəzər saldıqca görürük ki, zirvədə qıy vuran qartallar Gəmiqaya ətəklərində sükutu pozur. İnsan bu sakitlikdə təbiətin özünü dinləyir, səma ilə yerin az qala birləşdiyi zirvədə buludların axışını, suyun, xəfif mehdən xışıldayan otların səsini eşidir. Göygöldən başlanğıc götürüb Gilançaya tökülən Saqqarsuya toxunanda isə soyuq iliyə işləyir. Göygölə yaz avqustun ortalarında gəlir və bir qədər sonra dörd fəsil bir arada yaşanır. Sıldırım qayanın sinəsində sanki növbəti mövsümü gözləyən qar qışı, bir tərəfdə qorxa-qorxa baş qaldıran otlar yazı, güney tərəf yayı, digər tərəfdəki olan otlar isə payızı xatırladır.
Yay fəslində Göygölə səfər edənlərin sayı çox olur. Buranı pir hesab edənlər də az deyil. Eşitdiyimizə görə, insanlar ürəklərində tutduqları niyyətlərinin qəbul olunması üçün Göygölün kənarına bir alma atarmışlar. Əgər alma həmin insanın səmtinə doğru yenidən qayıdarsa, o insanın ürəyindəki arzular hasil olarmış. Göygölün sirli-sehrli olduğunu demişdik axı…
İnsanın ruhunu oxşayan, onu təlatümə gətirən, qəlblərə sevinc və xoşbəxtlik bəxş edən gözəlliklərdən doymasaq da, yavaş-yavaş bizi tilsimləyən əzəmətli dağlarla əhatə olunmuş cənnətməkandan ayrılırıq. Şəhərə xoş təəssüratlarla qayıdırıq və bilirik ki, bu, bizim Göygölə son səfərimiz olmayacaq…
Güntac ŞAHMƏMMƏDLİ