Təbii gözəlliklər və tarixi zənginliklərlə eyni məkanda tanış olmaq üçün Naxçıvan turistlərin ən sevimli təyinat yerlərindəndir. Naxçıvan şəhərindən üzü Şərqə doğru getdikcə ucalan dağların sehrinə qapılanlar bunu yaxşı bilirlər. Tarix boyu heç bir yadelliyə boyun əyməmiş qalalarında sirlər barındıran, gursulu çayları, qayaları, gül-çiçəyi ilə insanı valeh edən Naxçıvan torpağının hər qarışı buraya səfər edən turistlərdə unudulmaz təəssürat yaradır. Əgər qonaqlarınıza Naxçıvandan Əlincə istiqamətinə səyahət etməyi təklif edirsinizsə, onda bu təəssüratın daha da zəngin olacağına əvvəlcədən inana bilərsiniz. Qarşıda bizi rəngarəng təbiət və insan əli möcüzələri ilə tanışlıq gözləyir!
Tanışlıq-dərketmə əksər turizm növləri üçün əsas motivlərdən hesab olunur. Ona görə də Əlincə istiqamətinə turist qrupu aparmağı planlayarkən marşrut boyunca yol və zaman seçimi düzgün hesablanmalıdır. Ümumiyyətlə, Əlincəyə istər Naxçıvan şəhərindən, istərsə də muxtar respublikamızın giriş qapılarından biri – Culfa şəhərindən olan məsafə çox da uzaq olmadığından birgünlük ekskursiya zamanı kifayət qədər rekreasiya ehtiyatları ilə tanışlıq mümkündür. Naxçıvan şəhərindən cəmi 30 kilometr məsafədə yerləşən unikal təbiət və insan əli abidələri, landşaft-rekreasiya məkanları planlı və düzgün tərtib olunmuş marşrutda, şübhəsiz, dərhal öz qiymətini tapacaqdır. Ona görə də bu istiqamətə təşkil olunmuş səyahət zamanı yetərincə tarix, iqtisadiyyat və coğrafiya təhsili almış turizm mütəxəssisi öz bələdçi məharəti ilə elə ilk andaca turistlərin diqqətini cəlb edə bilər.
Naxçıvan-Əlincə turizm marşrutunun mühüm bir hissəsi Əlincə çayı boyunca uzanır. Bu çay yatağı boyunca yerləşən yaşayış məntəqələri, tarixi yerlər öz unikal zənginlikləri ilə təkcə Naxçıvanın deyil, eyni zamanda ölkəmizin tanınmış məkanlarındandır. Həmin marşrutda hərəkət edərkən bir-birindən çox uzaq olmayan Çeşməbasar, Güznüt, Ərəzin, Qızılca, Əbrəqunus, Bənəniyar, Kırna, Saltaq, Göydərə, Əlincə, Xoşkeşin, Xanəgah kimi kəndlərin müasir sosial-iqtisadi inkişafı fonunda regionumuza gələn qonaqlara görməli yerlər təqdim edərkən səyahətin haradan başlamaq lazım olduğunu planlamaq ilk baxışda bir qədər çətin görünə bilər. Amma bu məsələyə yerli əhali təmsilçisi kimi deyil, elə qonaqlardan biri kimi yanaşsaq, hər şey öz-özlüyündə həll olunacaqdır. Əlincənin hekayəsinə möhtəşəm Haçadağdan başlaya bilərik. Şübhəsiz, bu təqdimata səyahət yolundan – Naxçıvandan, yaxud da Culfa şəhərindən qarşıladığınız turistləri daşıyan lüks mikroavtobusdan da başlamaq olar. Dünyanın qədim insan məskəni və mədəniyyət mərkəzi Naxçıvan olduğu kimi, Naxçıvanın da sanki mərkəzi buradır: üz-üzə dayanmış iki möhtəşəm təbiət abidəsi – Haçadağ və Əlincə qalası! Naxçıvana hava yolu ilə gələn turistlər hələ yerə enməmiş bu abidələr hava gəmisinin gövdəsindəcə öz cazibə gücünü ortaya qoyur. Eyni cazibədarlıq Culfa gömrük-keçid məntəqəsindən gəlmiş turistlərin də gözündən yayınmır. Doğrudur, Culfa şəhərində qonaq qalmış turistlər əgər tanış bir yer tapmasalar, onların buradakı kiçik “Araz” otelində qaldıqları bir gecənin təəssüratını bu yazının əsas motivlərinə görə xatırlamaq heç yerinə düşməz. Mehmanxana təsərrüfatındakı komfort və xidmət səviyyəsi gömrük-keçid məntəqələri ilə birlikdə region və ölkə haqqında ilk təsəvvürləri, müsbət imici formalaşdıran amildir. Amma yaxşı ki, bəzi qaşqabaqlı gömrükçülərin və komfortdan uzaq belə mehmanxananın qonaqlarda formalaşdırdığı mənfi təəssüratı silmək üçün şüşədən də hamar yollarımız, müasir kənd mərkəzlərimiz, mədəniyyət müəssisələrimiz vardır. Bir də bu yerlərin insanlarının qonaqpərvərliyi! Xüsusən yay fəslində yolunuz buraya düşsə, Əlincəçay vadisinin o dadlı meyvələrini sizə qonaq edən zəhmətkeş insanların xoş münasibətləri heç zaman unudulmayacaq təəssüratlardandır. Ona görə də turistlərlə birgə Əlincə çayı boyunca hərəkət edərkən Naxçıvan Muxtar Respublikasının bu regionun ən görməli, mənalı istirahətə ən uyğun və həm də təhlükəsiz bir məkan olduğundan həvəslə bəhs etmək olar.
Naxçıvanda hər insan məskəninin, hər daşın, hər qayanın bir hekayəsi var. Bu hekayələri biz yerli sakinlər bir zamanlar necə maraqla dinləyirdiksə, indi onları regionumuza səfər etmiş turistlərə danışmağın tam zamanıdır. Bunun üçün isə ixtisas bacarığı ilə birlikdə xüsusi istedad və vətənpərvərlik hissləri ilə dolu ürək də lazımdır. Təkcə ona görə yox ki, turizm, mənalı istirahətin təşkilati forması yaxşı biznes növüdür, həm də ona görə ki, gəlmə turizm, xüsusən beynəlxalq turizm regionu və ölkəni tanıtmağın ən yaxşı yollarından biridir. Müxtəlif turizm obyektlərini turistlərə tanıtmaq üçün nəinki on minlərlə, heç on dənə də bukletimiz olmasa da, bu yerlərə canlı səyahətlər təşkil etmək üçün kifayət qədər imkanımız vardır. Həm də bu turistlər yeni iş yerləri, xüsusən gənclərə, xidmət sektoruna qazanc yoludur. Yəni turizm dili ilə desək, əslində, Əlincə qalasını deyil, Naxçıvan-Əlincə marşrutu üzrə təşkil etdiyimiz turu reklam etməliyik. Onda “biri beş qəpiyə” buklet çap etməyə pul qazanarıq, xüsusi bir Əlincə saytı yaratmağa kadr da taparıq. Bunlar üçün isə “resurs yoxdur” deməyə heç adamın dili gəlmir. Turizmdə resurs deyərkən, bu sözü əzbər deyən bəzi adamların düşündüyü kimi, heç də pul, maşın, kompyuter, nə bilim fotoaparat kimi bəhanələr artıq qəbul edilmir. Bizim turizm resursumuz dünyanın heç bir yerində bənzərinə rastlanmayan Naxçıvan torpağı, onun Əlincəsi, Xanəgahıdır. Bu yerlərin meyvəsi, bağ-bağatı, südü, qaymağı çox bənzərsizdir. O yalçın qayaların fotoşəklini çəkmək üçün Con min dollarından keçməyə hazırdır. Nəyə görə o ingilis gəlib bu dağların hekayələrini həmin o daşların, qayaların, bulaqların, yenicə çiçək açan kəklikotunun, yovşanın yanındaca dinləməsin. Qoy turistlər Əlincə qalasına sizinlə bərabər birnəfəsə dırmanıb, oradan Naxçıvanın mavi incisi Araza baxsınlar. Haçadağda axşamçağına qədər qalıb, Günəşin qürubuna buradan valeh olsunlar. Xanəgahda Şeyx Nəiminin fəlsəfəsinə bizimlə birgə şahidlik etsinlər. Bütün inanclar müqəddəs, Naxçıvan isə müqəddəslər diyarıdır. Və turistlərimiz bilməlidirlər ki, Naxçıvanın müqəddəs Əshabi-Kəhf ziyarətgahı ilə bərabər, bütün ayaq dəyməmiş bulaqları, quş səkməmiş bütün qayaları, bütün zirvələri, əslində, bir ziyarətgahdır.
Bəli, bu hekayələr çox sirli, çox maraqlıdır. Amma burada öz yerimi gülərüz xanəgahlı bələdçimizə verib, sözümü bitirməliyəm. Onu gözləyənlər var. O, Naxçıvana internetdən tur sifariş edərək uzun yol gəlmiş növbəti turist qrupuna yol göstərib, maraqlı söhbətlərlə mənalı səyahət təşkil edəcək.
Naxçıvana xoş gəlmişsiniz!
Əli CABBAROV