Muxtar respublikamıza səyahət edən əcnəbi turistlərin sayı artdıqca qədim Nuh yurdu haqqında xarici ölkələrin mətbu orqanlarında da yayımlanan bir-birindən maraqlı səyahət təəssüratlarına rast gəlirik. Ötən ay ABŞ-ın nüfuzlu “Conde Nast” jurnalında dərc olunmuş “Dünya tufanı”ndan sonra bütün insanlar Naxçıvan haqqında danışırlar” sərlövhəli məqalə bu baxımdan diqqəti cəlb edir. Yazı amerikan səyyahı Ken Cenningsin Naxçıvana səfəri zamanı əldə etdiyi məlumatlar əsasında hazırlanıb.
Öncə eksklav region anlayışı haqqında oxucularına məlumat verən müəllif dünyanın bir çox yerlərində belə ərazilərin mövcudluğu və Azərbaycanın tərkib hissəsi olaraq ərazicə ondan ayrı salınmış Naxçıvan Muxtar Respublikasının, təqribən, ABŞ-ın Delavar ştatı qədər bir əraziyə malik olmasından, həmçinin geostrateji maraqların kəsişmə nöqtəsi kimi Naxçıvanın həmsərhəd olduğu ölkələrdən də ətraflı bəhs edir. Daha sonra məqalədə Naxçıvanın adı “Nuhun ayağının dəydiyi yer” kimi izah edilərək “Dünya tufanı” əfsanəsində olduğu kimi, Nuh Peyğəmbərin gəmisinin dağa toxunaraq dayanması və burada ilk insan məskənlərinin yaranması haqqında oxuculara məlumat verilir. Məqalədə tarixboyu Naxçıvanda müsəlman əhalisinin yaşadığını və İran, Osmanlı və Rusiya arasındakı çəkişmələrdən əziyyət çəkən Naxçıvana çar Rusiyası dövründə başqa ölkələrdən xristian ermənilərin köçürüldüyü və onların da bundan sonra torpaq iddiaları qaldırması da yazılıb. 1918-ci ildə Naxçıvandan imperialist qüvvələrin qovularaq burada Araz-Türk Respublikasının yaradılması və 1920-ci ildən isə muxtar qurum kimi Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilməsi də müəllif tərəfindən qeyd olunub.
Məqalənin Naxçıvanın ən yeni tarixindən bəhs edən bölümündə Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında 30-50 kilometrlik bir zolaq kimi yerləşən Ermənistanın Naxçıvana gedən yolları kəsərək blokadaya alması, bunun nəticəsində də region əhalisinin uzun müddət maddi çətinliklər çəkməsi qeyd olunur. Müəllif vurğulayır ki, bu gün Naxçıvanda ənənə halını almış kütləvi ağac əkilməsi də həmin dövrdə soyuqdan donmamaq üçün insanların kəsib yandırdığı ağacların əvəz olunması məqsədi daşıyır.
1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunduqdan sonra Naxçıvana texnoloji kapital axınının sürətlənməsi, burada orqanik kənd təsərrüfatı, ekoturizmin inkişaf etdirilməsi, yüksək texnoloji islahatların həyata keçirildiyi qeyd olunan məqalədə Naxçıvanda yaşayan vətənpərvər azərbaycanlıların dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevlə fəxr etdikləri də vurğulanır. Naxçıvanda təhlükəsizliyin ən yüksək səviyyədə olduğu məqalədə əks olunan son fikirlərdəndir.
Qeyd edək ki, “Conde Nast” jurnalı ABŞ-ın “Advance Publications” media qrupuna məxsus 18 jurnaldan biri kimi 1909-cu ildən fəaliyyət göstərir və jurnal 27 sayt, 50-dən artıq mobil əlavəyə, populyar sosial şəbəkələrdə milyonlarla izləyicilərə və Rusiya da daxil olmaqla, dünyanın bütün aparıcı ölkələrində filiallara malikdir.
Hazırladı: - Əli Cabbarov