Müasir turizmin inkişaf istiqamətlərinə nəzər yetirdikdə daha çox turistin uzun müddətə səyahətlərə cəlb edilməsi üçün mövcud olan resursların qiymətləndirilməsi və bunun əsasında turların təşkili məsələləri diqqəti cəlb edir. Özünün rəngarəng turizm ehtiyatları ilə seçilən Naxçıvan Muxtar Respublikasında da belə resurslardan istifadə etməklə turizm potensialının yaradılması bu baxımdan qarşıda duran vəzifələrdəndir. Məsələyə müasir turistlərin ən çox seçim etdikləri müalicə-rekreasiya məzmunlu səyahətlər aspektindən yanaşdıqda Naxçıvanın müalicə turizmi imkanları haqqında daha çox danışmaq mümkündür.
Sağlamlığın qorunması hər bir şəxsin əsas qayğılarındandır. Bunun üçün təbii ehtiyatlardan istifadə olunması hələ qədim dövrlərdən geniş yayılıb. Müasir dünyada isə müalicə-sağlamlıq turizmi bu baxımdan dünyada sürətlə inkişaf edərək bütün turizm dövriyyəsinin, təqribən, 14 faizlik bir həcminə çatıb. Bu isə müalicə turizminin əhəmiyyəti və yerinə yetirdiyi humanitar funksiyalarla izah olunur. Müalicə turizmi xidmətlərinin yerinə yetirildiyi mühüm məkanlar kimi sanatoriya-kurort müəssisələrinin yaradılması da təbii ehtiyatlardan istifadə əsasında müxtəlif xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyası üzrə mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu həm də təbii rekreasiya ehtiyatlarından rasional istifadəni şərtləndirən və əhali məşğulluğuna da şərait yaradan bir iqtisadiyyat sahəsidir.
Müasir dövrdə bu sahənin daha da inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir. Ölkəmizin sanatoriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyub. Belə ki, Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramında da qeyd olunduğu kimi kurort işi Azərbaycan Respublikasında dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb.
Müalicə turizmi öz məzmununa görə sosial turizm kateqoriyasına aiddir. Başqa sözlə, insanlar müalicə-sağlamlıq üçün vaxtdan və vəsaitdən məcburi olaraq istifadə etdiklərindən, xüsusən müəyyən kateqoriyadan olan insanlara bu təklif bəzi güzəştlərlə edilir. Qeyd olunmalıdır ki, bu müddəa Ümumdünya Turizm Təşkilatının da tövsiyələrində mövcud olub, dövlətlərə və turizm təşkilatçılarına insanların sağlamlığı naminə zəruri turizm xidmətlərinin güzəştli qiymətlərlə təklif edilməsini nəzərdə tutur. Məhz bu prinsiplər muxtar respublikamızda həyata keçirilən müalicə turizmi üzrə işlərin əsas məzmununu təşkil edir. Naxçıvan Muxtar Respublikasında bu sahə üzrə infrastrukturun yaradılmasını, onun müasir standartlar səviyyəsinə uyğun olaraq yenilənməsini, əhalinin məşğulluğunu, ümumilikdə, digər xidmət sahələrinin də inkişafını təmin edib.
Naxçıvanda müalicə turizminin təşkili üçün mövcud olan mineral, su və iqlim ehtiyatları arasında Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan belə müalicə turizmi xidmətləri bu baxımdan regionun ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir.
Son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında pasiyent qəbul edir. 1979-cu ildə istifadəyə verilən mərkəzdə ilk vaxtlarda lazımi şərait olmadığından mövcud tələbatı yetərincə qarşılamaq qeyri-mümkün idi. 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün yaradılmış müasir şərait bu gün müalicə turizmi üçün çox əlverişli imkanlar açmışdır. Mərkəzdə ölkəmizin dənizsahili və rütubətli bölgələri olan Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və Masallıdan, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə kimi xarici ölkələrdən gələn insanlar yuxarı tənəffüs yolları xəstəliyinin müalicəsi üçün əlverişli imkan tapırlar. Eyni zamanda Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi də tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət deməkdir.
Duzdağda müalicə olunmaq istəyən insanların artan tələbatının ödənilməsi üçün ötən ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Bu statusla mərkəz gələcəkdə insanların sağlamlığının bərpa olunması sahəsində daha də səmərəli fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikasında müxtəlif kimyəvi tərkibə və temperatura malik 250-dək mineral su mənbəyi vardır. Bu bulaqlardan gün ərzində 24 milyon litr su axır. Naxçıvan mineral sularının müalicə əhəmiyyəti hələ lap qədim zamanlardan məlumdur. Əhali bu sulardan keçmişdə də müalicə olunmaq üçün istifadə edib.
Culfa rayonu ərazisindəki Darıdağ suyundan hələ qədim zamanlardan sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunub. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Burada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan-Ordubad magistralından bu şəfa qaynağınadək olan avtomobil yolu asfaltlanaraq yenidən qurulub. 2017-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkil edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən həmin müalicəxanaya publik hüquqi şəxs statusu verilib. Bu da, şübhəsiz, əhalinin belə bir vacib kurort-sağlamlıq müəssisəsinin xidmətlərindən daha yaxşı istifadə etməsi üçün geniş imkanlar açır.
Sağlamlığın bərpa olunması üçün münasib iqlimdən istifadə keçmişdə olduğu kimi, müasir dövrdə də aktualdır. Belə ki, kurort məqsədilə istifadə olunan iqlim mənbələri bütün əhali üçün ilboyu istirahətin ən sərfəli mənbəyidir. Bundan əlavə, təbiətin gözəlliklərini seyr etməklə yaranan estetik zövq də güclü bir şəfa dəyərinə malikdir və insanın psixoloji vəziyyətində toplanmış neqativ enerjinin aradan qalxmasına kömək edir. Bu mənada, 2013-cü ilin iyul ayında istifadəyə verilmiş Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda dağ-iqlim kurortu məkanı kimi qısa müddətdə tanınıb. Gözəl mənzərələri və iqlim xüsusiyyətləri olan Ağbulaq İstirahət Mərkəzinin tarixi çox olmasa da, bura, xüsusən sosial turizm layihələrinin həyata keçirildiyi mühüm məkan adını qazanıb. Belə ki, yaradıldığı dövrdən yüzlərlə uşaq və gənc burada pulsuz olaraq istirahət edib. Onlar arasında fiziki imkanları məhdud insanlar, əlaçı tələbə və şagirdlər, habelə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni həyatında fəal olanlar üstünlük təşkil edir. İstirahət mərkəzindəki kampların təkcə yazda və yayda deyil, ilin bütün fəsillərində təşkili diqqəti cəlb edir. Bundan başqa, Ağbulaqda ailəliklə qalıb istirahət edənlərin də sayı ilbəil çoxalır. Xüsusən isti yay günlərində buraya olan tələb daha da artır.
Naxçıvanda müalicə turizmi üçün geniş potensial vardır. Yeni dövrdə qədim diyarımızda müalicə turizminin təşkili və idarəolunması məsələlərinin həlli bu sahənin inkişafı üçün əsas şərtlərdəndir. Bu sahədə bazar iqtisadiyyatı şərtləri əsasında da işin təşkil olunması zərurəti yaranıb. Bu isə mütərəqqi menecmentin tətbiqini, muxtar respublikanın bütün resurslarından səmərəli istifadəni özündə ehtiva edir.
Əli CABBAROV