22 Dekabr 2024, Bazar

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilmişdir. Bu gün həmin sahə sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevrilmişdir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Hazırda Naxçıvan Muxtar Respublikasında təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Turizm insanların, bütövlükdə, cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Bu sahə əməktutumlu fəaliyyət növü olduğundan əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır. Bundan əlavə, infrastrukturun, yerli sənayenin və xalq yaradıcılığı sahələrinin inkişaf etdirilməsinə şərait yaradır. Digər tərəfdən, turizm iqtisadiyyatın əsas aparıcı sahələri olan nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, istehlak mallarının istehsalı və sair sahələrə güclü təsir göstərir. Bununla da, sosial-iqtisadi inkişafın özünəməxsus katalizatoru kimi çıxış edir.

Məsələn, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muxtar respublikada sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 2 milyard 467 milyon 422 min 400 manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 2,1 faiz artaraq 5581,1 manat olmuşdur. Həmin dövrdə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 390 minə yaxın turist gəlmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 3,1 faiz çoxdur. 2017-ci ildə isə ümumi daxili məhsul istehsalı 2 milyard 701 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 5 min 990 manat olmuşdur. Ötən il muxtar respublikaya, ümumilikdə, 413 min 357 turist gəlmişdir ki, bu da 2016-cı ildəki göstəricidən 2,5 faiz və ya 10 min 82 nəfər çoxdur.
2018-ci ilin ilk rübündə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 248 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur. Xatırladaq ki, bu dövrdə ümumi daxili məhsulun həcmi 524 milyon 186 min manatdan artıq olmuşdur. Bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artmışdır.
İqtisadiyyat nöqteyi-nəzərindən turizm iqtisadi kompleksdən ibarətdir. Onun inkişafı daha çox təsərrüfat prosesləri və münasibətləri ilə izah edilir. Bu baxımdan turizm, yuxarıda da qeyd etdiyimiz kimi, sürətlə inkişaf edən ölkələrin iqtisadi artımında mühüm katalizator rolunu oynayır. Çünki turistlər səfərdə olduqları bölgələrdə yerli məhsulları almaqla və xidmətlərdən istifadə etməklə həm yerli istehsalı artırır, həm də o bölgələrdə yeni iş yerlərinin yaradılmasına təkan vermiş olurlar. Eyni zamanda daxili turizmin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə müsbət meyillərin qazanılmasına öz təsirini göstərir. Məhz bu amil nəzərə alınaraq muxtar respublikanın sahibkarları beynəlxalq və daxili turizm sərgilərində fəal iştirak edir, bu sərgilərdə qədim diyarın turizm potensialını nümayiş etdirirlər. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, ötən dövrdə Rusiya, Çexiya, Almaniya, Türkiyə, Gürcüstan, Belarus, İran, Ukrayna, Fransa, Finlandiya, Latviya, İtaliya, Macarıstan və Polşa kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 50-dən çox beynəlxalq tədbirdə muxtar respublikadan sahibkarlıq subyektlərinin 300-dən çox nümayəndəsinin iştirakı təmin edilmişdir. Muxtar respublikanın bu cür beynəlxalq tədbir və sərgilərdə iştirakının əhəmiyyəti ondan ibarətdir ki, sərgi iştirakçıları Naxçıvanın turizm potensialı barədə ətraflı məlumatlandırılır, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılır.
Ümumdünya Turizm Təşkilatının ekspertləri müəyyən etmişlər ki, ölkə­də turizmin inkişaf tendesiyası ilə onun iqtisadi vəziyyəti arasında sıx əlaqə mövcuddur. Səyahətlərin dinamikası isə ölkədə olan iqtisadi vəziyyətə çox həssasdır. Beynəlxalq statistika göstərir ki, son bir neçə il ərzində beynəlxalq səyahətlər və onlardan əldə edilən gəlirlər dünyanın bütün regionlarında artmışdır. Bu isə paralel olaraq dünya ölkələri arasında daha çox turist cəlb etməyin yollarını ön plana çıxarır, deməli, həm də rəqabəti artırır. Bu rəqabətə davamlılığı təmin edən ən vacib amil isə turistlər üçün lazımi imkanların daha əlçatan olmasıdır. Bu gün muxtar respublikamız beynəlxalq turizmdə yeni səyahət marşrutu sayıldığından, Naxçıvanın təbliğinə daha çox ehtiyac duyulur. Bu mənada, muxtar respublikada keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti, eyni zamanda xaricdə təşkil edilən beynəlxalq sərgilərdə yerli məhsulların təbliği, ixrac məhsulların həcminin artırılması və daha çox ölkələrlə iqtisadi əlaqələrin qurulması, investisiya mühitinin səmərəliliyinin daha da artırılması kimi amillərin əvvəlki dövrlərdə olduğu kimi, yenə də diqqət mərkəzində saxlanılması öz aktuallığını qoruyur.
Sevindirici haldır ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda, eləcə də muxtar respublikamızda turizm və xidmət sferası iqtisadi inkişafın prioritet istiqaməti kimi müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” isə turizm sektoruna kompleks yanaşmanı ortaya qoymuş, eyni zamanda proqramın icrası bu sahədə görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar açmışdır. Ümumilikdə isə həm müxtəlif dövrlərdə qəbul edilmiş dövlət pro­qramları, həm də muxtar respublikanın aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş vəzifə və tapşırıqlar, eyni zamanda bu sahənin inkişaf etdirilməsində vətəndaş amilinin ön plana çəkilməsi yaxın gələcəkdə turizmdə mühüm nəticələrin əldə olunacağına böyük ümidlər yaradır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR