Müasir turizm mürəkkəb sahədaxili və sahələrarası inteqrasiya əlaqələrinin mövcud olduğu və kəskin rəqabətin hökm sürdüyü sosial-iqtisadi hadisə, eyni zamanda bir biznes növüdür. Turizmin inkişafı zamanı yaranan çoxsaylı təsərrüfat əlaqələri, buradakı idarəetmə prosesləri, marketinq araşdırmaları və turizm-rekreasiya fəaliyyəti üzrə yeni layihələrin həyata keçirilməsi istiqamətində aparılan elmi tədqiqatlar statistik məlumatların toplanılması və onlardan istifadənin də əhəmiyyətini artırır.
Turizmdə statistikanın nə qədər əhəmiyyətli olduğunu görmək üçün bəzi rəqəmlərə nəzər salaq. Belə ki, turizmin idarəolunması üzrə ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarına görə, 2016-cı ildə dünya üzrə 1 milyard 235 milyon nəfər turist hərəkəti qeydə alınmışdır ki, bu da 2015-ci ildəkindən 46 milyon nəfər çoxdur. Həmin dövrdə turizm gəlirləri isə 1 trilyon 220 milyard ABŞ dolları həcmində olmuşdur ki, bu da 2015-ci ildəkindən 24 milyard dollar artıqdır. Ümumiyyətlə isə dünya üzrə səyahət edən turistlərin sayı 1950-ci illə (25 milyon nəfər) müqayisədə 24,7, turizm gəlirləri isə həmin dövrlə (2 milyard ABŞ dolları) müqayisədə 610 dəfə artmışdır. Hazırda turizm dünya üzrə ümumi əmtəə və xidmətlər ixracının 7 faizini təşkil edir. Yenə də ÜTT-nin məlumatlarına görə, 2030-cu ilədək dünya turizmi illik 3,8 faizlik artımla yüksələcək. Nəticədə, dünya üzrə 2020-ci ildə 1,4 milyard, 2030-cu ildə isə 1,8 milyard nəfərin səyahət edəcəyi gözlənilir.
Ölkəmiz üzrə statistik göstəricilərə gəldikdə, 2001-ci ildən üzvü olduğumuz həmin təşkilatın məlumatlarına əsasən 2016-cı ildə Azərbaycan Respublikasına xaricdən 2 milyon 45 min nəfər turist gəlib ki, bu da bir öncəki illə müqayisədə 6,4 faiz çoxdur. Ölkəmizin turizm gəlirləri isə həmin dövrdə 2,714 milyard ABŞ dolları təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 400 milyon ABŞ dolları çox olub. Həmin məlumatlara əsasən ölkəmizin turizm gəlirləri dünya turizm bazarının 0,6 faizini təşkil edib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilmiş məlumata əsasən 2017-ci ildə muxtar respublikamıza 413 min 357 turist gəlmiş, 122 min 597 naxçıvanlı isə müxtəlif yerlərə səyahətə çıxmışdır.
Göründüyü kimi, turizm sahəsindəki göstəricilər kifayət qədər cazibədardır. Bu sahədə rəqəmlərin dili ilə danışmaq üçün isə turizmin iqtisadiyyatın müxtəlif sahələri ilə hansı əlaqələri olduğunu bilmək lazımdır. Habelə turizmdə statistik təhlil obyekti kimi səyahət edən turistlər və onların maraqları, ölkə mənşəyi, demoqrafik tərkibi, gəldikləri təyinat yerində gecələmə sayı, eləcə də turist qəbul edən ölkə və yaxud regiondakı turist yerləşdirmə obyektlərinin tutumu, burada mövcud olan digər xidmət sahələrinin sayı və fəaliyyət profilləri maraq doğurur. Şübhəsiz, turizm fəaliyyəti haqqında statistik məlumatlar arasında ən maraqlı göstərici bu fəaliyyətdən əldə olunan gəlirlərdir. Çünki turizm ölkə və ya regionun tanıtım vasitəsi olmaqla bərabər, həm də ənənəvi olmayan sahələr arasında ən yaxşı gəlir, xüsusən də valyuta gəlirləri gətirən bir sahədir.
Bir sistem kimi turizm kənar təsirlərə həssas bir sahədir. Bu baxımdan turizmin statistikasının aparılması bu sahənin müxtəlif makro və mikro səviyyədə inkişafına təsir göstərən amillərin gücünün öyrənilməsini üzə çıxarmaq üçün ən yaxşı metodoloji üsullardan biridir. Dünya bazarında baş verən cari dəyişikliklər, valyuta kurslarındakı dalğalanmalar, fors-major situasiyalar kimi hallar turizmə təsirsiz ötüşmədiyindən onların nəticələrinin statistik təhlili bu sahənin tədqiqi və inkişafı məsələlərində maraq doğurur.
Turizm üzrə elmi ədəbiyyatlarda turizm gəlirlərinin yerli iqtisadiyyata güclü çoxaldıcı təsir etdiyi, xaricdən gələn hər bir turistin 7-9 yeni iş yeri yaratması haqqında faktlar vardır. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2016-cı ildə muxtar respublikamızda mövcud olan mehmanxana və mehmanxanatipli müəssisələrin xidmətlərindən istifadə etmiş xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 43 minə yaxın olmasını nəzərə alsaq, bu qədər sayda əcnəbi turistin nə dərəcədə faydalı olduğu maraq doğurur. Eləcə də turizm kənd təsərrüfatı və sərnişin nəqliyyatı ilə də sıx əlaqəlidir. Bu baxımdan muxtar respublikamıza səfər edən turistlərin hansı nəqliyyat vasitəsindən istifadə etməklə regiona gəldikləri, yaxud Naxçıvanda yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları istehsal edən ailə təsərrüfatlarının turistlərdən nə qədər həcmdə gəlir əldə etdiklərini bilmək bu sahənin gələcək perspektivləri baxımından faydalıdır.
İndi bütün dünyada turistlərin, xüsusilə ölkəyə gələn xarici turistlərin ölkə mənşəyi, onların maraq dairəsi, səfər motivləri, demoqrafik göstəriciləri də statistik məlumatlar kimi toplanılır və lazım gəldikdə onlardan istifadə olunur. Bunların əhəmiyyətini təsdiq etmək üçün, sadəcə, bir misal göstərmək kifayətdir. Məlumdur ki, turizm nə qədər cazibədar olsa da, çox sayda təhlükəsizlik tədbirləri də görməyi tələb edən bir sahədir. Bu baxımdan tutaq ki, hər hansı əcnəbi vətəndaş “turist” adı altında davamlı olaraq bir yerə səyahət edir. Bu, bəlkə də, adi hal ola bilər. İndi elə turizm növləri, məsələn, şoppinq, müalicə və ya işgüzar məqsədli turizm səfərləri vardır ki, turistlər davamlı olaraq, bəzən ayda bir-iki dəfə olmaqla, eyni yerlərə səyahət edirlər. Buna xüsusən sərhədyanı ticarət bölgələrində tez-tez rast gəlinir. Amma turizm nəzəriyyəsində göstərildiyi kimi, eləcə də adi məntiqlə də belə bir fikir söyləmək mümkündür ki, sırf tanışlıq və ya ziyarət məqsədli turist bir yerə etdiyi səyahətin ardından növbəti dəfə həmin yeri deyil, başqa bir istiqaməti seçir. Deməli, turistlərin ölkə mənşəyinə görə aparılan statistika turizmin təhlükəsizliyi və məqsədyönlü idarəolunması baxımından çox yaxşı məlumat bazası ola bilər.
Turizm gəlmə, getmə və daxili turizm tipləri kimi təsnif olunur. Gəlmə turizmin cazibəsindən nə qədər danışsaq da, onu da qeyd etməliyik ki, getmə turizmə olan meyil hər bir vətəndaşda vardır. İndi müstəqil ölkəmizin hər bir vətəndaşı maraq dairəsi və gəlirlərinə görə Azərbaycan torpaqlarını işğal etmiş düşmən ölkədən başqa dünyanın istənilən ölkəsinə səyahət edə bilir. Bu da, əslində, müstəqil ölkədə yaşamağın bəxş etdiyi bir xoşbəxtlikdir. Ancaq məsələyə iqtisadi tərəfdən yanaşdıqda getmə turizmin ona alternativ olan daxili turizmlə əvəz olunması üçün doğru statistikanın aparılmasının əhəmiyyətli olduğunu bir daha görürük. Yəni yuxarıda qeyd olunduğu kimi, ötən il 123 minə yaxın Naxçıvan Muxtar Respublikası sakininin hansı ölkəyə və hansı məqsədlə səyahət etdiyi haqqında əldə etdiyimiz məlumat, onların bir qisminin hansı yollarla daxili turizmə yönləndirilməsi haqqında ilkin ideyalar yaratmağa imkan verərdi. Məsələn, müşahidələr əsasında muxtar respublika sakinlərinin müalicə üçün Türkiyə və İran, istirahət üçün Türkiyə, Gürcüstan, Rusiya və ölkəmizin digər yerlərinə, alış-veriş üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, ziyarət üçün Səudiyyə Ərəbistanı, İraq, İran kimi ölkələrə səyahət etdiklərini deyə bilərik. Lakin bununla yanaşı, Naxçıvanda istirahət, rekreasiya və asudə vaxtın səmərəli keçirilməsi üçün də çox sayda məkanlar vardır. Elə təkcə kənd turizm növü üzrə ekoturizm və istirahət məqsədilə xaricə üz tutan xeyli sayda muxtar respublika sakininə daxildə daha ucuz qiymətə xidmətlər zərfi təklif etmək mümkündür. Qiymət demişkən, bu amil iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizmdə də mühüm faktorlardandır. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin mövcud tələbə görə tənzimlənməsi, resurslardan rasional istifadəyə və əmək ehtiyatlarından daha səmərəli faydalanmağa imkan verən şərtlərdəndir. Elə bu səbəbdən turizm kimi mövsümi faktorlara həssas olan bir sahədə çevik qiymət taktikası aparılması üçün statistik baza yaradılmasının əhəmiyyətini göstərə bilərik. Toplanmış məlumatlar əsasında vaxtında aparılan təhlillər turizm sənayesinin davamlı inkişafına, turizm müəssisəsinin fəaliyyətini rentabelli təşkil etmək, baş verə biləcək sosial və ekoloji nəticələrin əvvəlcədən proqnozlaşdırılması üçün nəticəyə gəlmək imkanı yaradır. Proqnozlaşdırma isə istənilən iqtisadi sahənin, o cümlədən turizmin gələcək uğuru üçün ən vacib məsələlərdən biridir.
Muxtar respublikamızda rəsmi statistikanın inkişafına göstərilən dövlət qayğısı turizm sahəsində də statistik göstəricilər sisteminin yaxşılaşdırılmasına geniş imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda turizm sahəsində də statistik göstəricilər sisteminin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Ümid edirik ki, əvvəlki dövrdə olduğu kimi, gələcəkdə də turizm sahəsində həyata keçiriləcək daha əhatəli rəsmi statistika bu mühüm sahədə idarəetmənin təkmilləşdirilməsinə və turizmin planlaşdırılmasının sosial-iqtisadi inkişafın müasir səviyyəsinə uyğun şəkildə həyata keçirilməsinə imkan verəcəkdir.
Əli CABBAROV