Xəbər verdiyimiz kimi, “Nəqşicahan Holdinq” tərəfindən Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə aprelin 8-10-da qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İki gün ərzində Naxçıvanın tarixi, dini, mədəni abidələri, mədəniyyət, səhiyyə müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olan turizmçilərin aprelin 10-da muxtar respublikaya səfərləri başa çatıb. Yola düşməzdən əvvəl onların bir neçəsinin səfər təəssüratlarını öyrəndik:
Mustafa Coşqun(Türkiyə): – Türk dünyasının qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanın tarixi yerləri, eyni zamanda füsunkar təbiəti ilə tanış olmaq fürsətini qazandığım üçün sevincliyəm. Biz info-tur çərçivəsində muxtar respublikanın səfalı təbiət guşələri kimi şöhrət qazanan Batabat yaylağı və Ağbulaq İstirahət Mərkəzində olduq, yolboyu bənzərsiz mənzərələri heyranlıqla seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət abidələri ilə qarşılaşdıq. Gəzib-gördüklərimdən sonra məndə Naxçıvanın böyük turizm potensialına malik olmasına dair əminlik yarandı. Batabat yaylağının qorunub saxlanılması gələcəkdə də ekoturizmin inkişafı üçün əsaslı zəmin yaradır. Bu ərazidəki Üzən ada və ətrafdakı təbiət mənzərələri özünün cazibədarlığı, gözəlliyi ilə seçilir, insanda maraq oyadır.
Qeyd etmək yerinə düşər ki, təbiətin, ətraf mühitin qorunması gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir. Çox gözəl haldır ki, Naxçıvanda olduğumuz müddətdə biz bunu əyani şəkildə müşahidə etdik. Yolboyu çətir tutan ağaclara əməksevər insanların göstərdiyi qulluq nəzərimizdən yayınmadı. İnfo-tur iştirakçıları bu gözəl mənzərəni ürəkdən alqışladı və sevindik ki, təbiəti sevən, ona qayğı ilə yanaşan insanların yaşadığı bir diyardayıq.
Mustafa Kalaycı (Türkiyə): – Azərbaycanın dilbər guşəsi olan Naxçıvan diyarı öz füsunkar təbiəti, qədim tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün çox cazibədar bir yerdir. Naxçıvanla tanışlıq zamanı burada turizmin inkişafı ilə bağlı böyük işlər görüldüyünün şahidi olduq. Bunun üçün möhtəşəm otellər, əyləncə və istirahət mərkəzləri tikilib istifadəyə verilib, yay günlərində insanların mədəni istirahəti üçün çox gözəl bir məkan – Uzunoba çimərliyi yaradılıb. Yəni bu gün muxtar respublikada bu və digər sahələri əhatə edən əhəmiyyətli infrastruktur layihələri həyata keçirilib. Şəhər, qəsəbə və kəndlər, demək olar ki, yenidən qurulub. Eyni zamanda Naxçıvanda xidmət sektoru əsl inkişaf dövrünü yaşayır. Bu sahənin inkişafı və muxtar respublikanın mövcud turizm potensialı belə deməyə əsas verir ki, gələcəkdə bu diyar regionun qabaqcıl turizm mərkəzlərindən biri olacaq.
Onu da qeyd etmək istəyirəm ki, Naxçıvanın tanıtımı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çünki bu diyara gələn qonağın buraya bir daha gəlmək istəyəcəyindən əminəm.
Araş Gəraylı (İran): – Hamımız bilirik ki, bu il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtıdır. İnfo-tur zamanı mən bir daha şahidi oldum ki, bu, heç də təsadüfi deyil. Çünki Naxçıvanda İslam mədəniyyətinin çoxsaylı nümunələri vardır. Ən əsası isə həmin nümunələr bu gün ən yüksək səviyyədə bərpa edilib və əvvəlki əzəmətli görkəminə qaytarılıb. Bu həm də İslam dünyası üçün çox əhəmiyyətli bir hadisədir.
Naxçıvan dini turizmin inkişafı baxımından da önəmli bir diyardır. Burada Əshabi-Kəhf kimi İslam dünyasında müqəddəs sayılan bir ziyarətgah vardır. Bildiyimiz kimi, bu məkan haqqında “Qurani-Kərim”in “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində bəhs edilir. Bundan başqa, burada öyrəndim ki, muxtar respublikada imamzadələr, çoxsaylı pirlər, zaviyələr, xanəgahlar da var. Bütün bunlar belə deməyə əsas verir ki, yaxın gələcəkdə muxtar respublikada dini turizm daha da inkişaf edəcək, bir sıra müsəlman ölkələrindən bura çoxsaylı ziyarətçilər gələcəkdir.
Yelena Qoroxova (Rusiya): – İndiyədək dünyanın bir çox ölkələrini gəzib, dəyərli məlumatlar əldə etmişəm. Naxçıvana gəlməzdən öncə sosial şəbəkələr vasitəsilə bu qədim diyar haqqında kifayət qədər məlumat toplamışdım. Naxçıvanın zəngin tarixi, mədəniyyəti, müasir görünüşü, burada formalaşan milli-mənəvi dəyərlər mənim diqqətimi cəlb edirdi.
Ən çox marağında olduğum yer isə Duzdağ Fizioterapiya Mərkəzi idi. Sevinirəm ki, info-tur çərçivəsində mən həmin məkanı görə bildim. Duzdağ özünün görünüşü və müalicəvi xüsusiyyətləri ilə məni heyrətə saldı. Oradakı duz tuneli və duz qayalarına təəccüblə baxdım. Müalicə ocağında havanın çox şəfalı olduğunu, burada astma xəstəliyindən əziyyət çəkənlərin müalicə aldığını öyrəndim. Yaşadığım ölkədə tanıdığım bir çox insan məhz bu xəstəlikdən əziyyət çəkir. Vətənə qayıtdıqdan sonra onlara ilk sözüm Duzdağ Fizioterapiya Mərkəzinin faydaları barədə olacaq.
Onu da vurğulamaq istəyirəm ki, info-tur zamanı Naxçıvanın hər guşəsində bizi qonaqpərvərliklə qarşıladılar. Qədim diyarı yaxından tanımaq imkanı əldə etdiyim üçün çox xoşbəxtəm və gələcəkdə bura təkrar gəlməyi düşünürəm. Həm də bütün dostlarımı da gətirmək fikrindəyəm.
Farzona Sufiyeva (Tacikistan): – Naxçıvanda olmağı əvvəllər çox arzulayırdım. Bilirəm ki, Naxçıvan torpağı Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edib. Ona görə bu unikal diyarda olmaq mənim üçün xoş və olduqca yaddaqalan oldu.
Qeyd etməliyəm ki, bu gözəl diyar haqqında bütün müsbət düşüncələrim nəinki özünü doğrultdu, hətta muxtar respublikanın unikallığı məni gözlədiyimdən də çox heyrətə düşürdü, zəngin təəssüratlar yaratdı.
Naxçıvanda olduğum müddətdə diqqətimi çəkən əsas məqamlar küçələrdəki təmizlik və səliqə-sahman, insanların qonaqpərvər və gülərüz olması idi. Şəhəri gəzdikcə tarixiliklə müasirliyin möhtəşəm kompozisiyası gözlər önündə canlanır. İnkişafın davamlı xarakter alması və bununla birlikdə tarixi abidələrin bərpası, yəni tarixi keçmişə göstərilən diqqət bu diyarın möhtəşəm gələcəyindən xəbər verir. Hesab edirəm ki, bu, hər bir naxçıvanlı üçün qürurverici haldır. İnfo-turda iştirak etdiyim üçün məmnunam. Sevinirəm ki, qayıdandan sonra dost-tanışla bu diyar haqqında paylaşacağım çox məlumatım var. Bu mənada, burada izlədiyimiz tanıtım filmi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə təqdim edilən bukletlər də Naxçıvanın turizm potensialı haqqında daha geniş məlumatların əldə olunması baxımından əhəmiyyətli mənbədir.
Nail ƏSGƏROV
Tural AĞAYEV