22 Dekabr 2024, Bazar

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilmişdir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirmişdir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 18 mart 2016-cı il tarixdə “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahənin önəminə diqqət çəkərək demişdir: “...Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir”.

Müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına da Azərbaycanı, eləcə də Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışının diqqətdə saxlanılması, turizm sahibkarlığının inkişaf etdirilməsi, turizmlə məşğul olan sahibkarlara müvafiq tövsiyələrin verilməsi, biznes-planların işlənilməsi və onların tətbiqinə nail olunması, təşkil edilən sərgilərdə muxtar respublikanın turizm potensialının nümayiş olunması kimi vəzifələr qoyulmuşdur.
Turizmin inkişafı iqtisadiyyatın müxtəlif sahələrinə, xidmət sektoruna və sairə müsbət təsir göstərir. Bu sektordakı tərəqqiyə bağlı olan sahələrdən biri də milli sənətkarlıq və suvenir məhsullarının istehsalıdır. Muxtar respublikaya gələn xarici qonaqlar, eləcə də kənd və rayonlarımıza səfər edən yerli, xarici turistlər mənalı istirahətdən yaddaqalan bir xatirə kimi müxtəlif suvenirlər, xalq tətbiqi sənəti malları alıb aparırlar. Bu baxımdan turizm sektorunun inkişafı milli hədiyyə və suvenirlərin istehsalına diqqəti artırmağı zəruri edir.
Bu məqsədlə muxtar respublikada xalq yaradıcılığının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 50 sənətkarla maarifləndirmə istiqamətində görüş keçirilmişdir.
Maarifləndirmə tədbirləri nəticəsində ötən dövrdə sənətkarlar tərəfindən xalçaçılıq, papaqçılıq, bədii incəsənət, ağac üzərində oyma, misgərlik, daşduz üzərində oyma, gips üzərində oyma, dekorativ-tətbiqi sənət və dulusçuluq sahələri üzrə 300-dən çox əl işi və sənət əsəri (suvenirlər və hədiyyəlik xatirə əşyaları) hazırlanmış və Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilmişdir.
Ötən müddət ərzində davamlı olaraq həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının fərdi sərgiləri təşkil olunur, bölgələrdə fəaliyyət göstərən sənətkarlar geniş ictimaiyyətə tanıdılır, onların satış sərgiləri təşkil edilir.
Verilən tövsiyyələrə uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən sənətkarlar tərəfindən üzərində “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” loqotipi əks olunmuş 40 ədəd ağac üzərində oyma, 50 ədəd keramikadan sənətkarlıq nümunələri, həmçinin 40 ədəd mis üzərində döymə, 30 ədəd muncuqla düzmə, 10 xalça, 15 gips, 40 gil, 20 dəri üzərində, o cümlədən “Möminə xatın” milli moda evi tərəfindən 40 ədəd suvenir olmaqla, ümumilikdə, 285 adda əl işləri ­hazırlanmışdır.
Turistlərin ən çox cəlb edildiyi “Duzdağ”, “Təbriz” və “Qrand” otellərində, Əshabi-Kəhfdə, Duzdağ Fizioterapiya Mərkəzində, Xalça Muzeyinin birinci mərtəbəsində bütün yaradıcılıq sahələrini əhatə edən sərgi və satış mağazasında əl işləri və yerli məhsulların təşkili turistlərdə muxtar respublikanın mədəni irsi, iqtisadi inkişafı barədə ilkin təəssürat yaradır.
Ötən müddət ərzində “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli ornamentləri özündə əks etdirən 778 adda əl işi və sənət əsəri qəbul edilmiş, 317 adda əl işlərinin satışı həyata keçirilmişdir.
Qeyd edək ki, muxtar respublikada ənənə halını almış festivalların təşkili turizmin təşviq olunmasında mühüm rol oynayır. Festivallarda muxtar respublikanın daxilində olan məhsulların təbliği və satışının təşkili həyata keçirilmiş, bu festivallarda muxtar respublika əhalisi ilə yanaşı, şəhərimizin qonaqları və turistlər də iştirak etmişdir.
Xalq yaradıcılığı və milli mətbəximizin nümunələrinin turizm məhsulu kimi istehsalının genişləndirilməsi məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əl işləri mağazası, çay evi, dondurma və milli yeməklər iaşə obyektləri yaradılmışdır.
Sahibkarlıq sahəsinin bir qolu kimi turizm sahəsinin inkişafı insanların məşğulluğu və yeni iş yerlərinin açılmasına zəmin yaratdığından muxtar respublikada turizm xidmətinin və bu sahədə sahibkarlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Bu istiqamətdə işlər davam etdirilir.
“Naxçıvan Biznes Mərkəzi” MMC-də iaşə və mehmanxana obyektlərində fəaliyyət göstərən işçilərə sanitar-gigiyenik norma və qaydalara əməl olunması, xidmət mədəniyyəti ilə bağlı tətbiq olunan beynəlxalq təcrübə haqqında məlumat verilmiş, iaşə obyektində göstərilən xidmətlərin keyfiyyətinin daha da təkmilləşdirilməsi, təqdim edilən menyularda milli yeməklərin çeşidinin artırılması, qiymətlərin hazırlanan yeməklərin kalkulyasiyasına uyğun tətbiq edilməsi və mövcud qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində maarifləndirici monitorinqlər aparılmışdır.
Həmçinin ötən dövr ərzində “Naxçıvan Biznes Mərkəzi” MMC-də iaşə və mehmanxana obyektlərində fəaliyyət göstərən işçilərə xidmət mədəniyyəti ilə bağlı tətbiq edilən beynəlxalq təcrübə haqqında seminarlar təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində fəal iştirak edir, bu sərgilər ilə özünün turizm potensialını nümayiş etdirir. Hər il təşkil olunan bu cür tədbirlərdə Naxçıvanın təşviqi ilə bağlı tanıtım materialları nümayiş etdirilir. Belə ki, ötən müddət ərzində Rusiya, Çexiya, Almaniya, Türkiyə, Gürcüstan, Belarus, İran, Ukrayna, Fransa, Finlandiya, Latviya, İtaliya, Macarıstan və Polşa kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 50-dən çox beynəlxalq tədbirdə muxtar respublikadan sahibkarlıq subyektlərinin 300-dən çox nümayəndəsinin iştirakı təmin edilmişdir. Muxtar respublikanın bu cür beynəlxalq tədbir və sərgilərdə iştirakının əhəmiyyəti ondan ibarətdir ki, sərgi iştirakçıları Naxçıvanın turizm potensialı barədə ətraflı məlumatlandırılır, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR