“Nəqşicahan Holdinq” tərəfindən Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə aprelin 8-dən 10-dək qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İnfo-tur çərçivəsində 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200 nəfərdən çox sahibkar və turizmçi muxtar respublikamıza gəlib.
Səfərin ilk günü “Duzdağ” otelində “Nəqşicahan Holdinq” və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin yerli turizm nümayəndələrinin iştirakı ilə qonaqlarla görüş keçirilib.
Sonra qonaqlar Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında iştirak ediblər. Bir-birindən maraqlı musiqi nümunələrini dinləyən info-tur iştirakçıları müxtəlif növdə bişirilən kətələrin də dadına baxıblar.
Ardınca Culfa rayonunun ərazisində yerləşən “Əlincəqala” tarixi abidəsi və muzeyi ziyarət edilib. Burada info-tur iştirakçılarına məlumat verilib ki, Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Əlincəqala tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sahibkar və turizmçilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə xatının məzarı üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub.
Xan sarayında info-tur iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasında xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Qonaqlar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında da olublar. İnfo-tur iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının məzarlarını ziyarət ediblər.
Sahibkar və turizmçilərin Duzdağ Fizioterapiya Mərkəzi, Uzunoba İstirahət Kompleksi, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağı ilə tanışlığı da yaddaqalan olub. Məşhur Üzən ada, Ağbulaq İstirahət Mərkəzi qonaqlarda xoş təəssürat yaradıb.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvanın turizm potensialı” adlı tanıtım filminə baxış olub. Burada turizmçilərə qədim diyarın çoxsaylı turizm məkanlarının təbliği məqsədilə hazırlanmış bukletlər də təqdim edilib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Atçılıq Mərkəzi, Naxçıvan Biznes Mərkəzi ilə tanış olan info-tur iştirakçıları muxtar respublikada turizmin inkişafı imkanları, qədim diyarın sürətli sosial-iqtisadi tərəqqisi ilə bağlı ətraflı məlumatlar əldə ediblər.
Gəzinti əsnasında qonaqların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Qonaqların fikrincə, Naxçıvanın geniş turizm potensialı var və mövcud potensialdan lazımınca istifadə olunması üçün qarşılıqlı əməkdaşlıqlar bundan sonra daha geniş məcrada davam etdirilməlidir.
Sonya Rəhim Nejat (İran): – Bu, mənim Naxçıvana ilk gəlişimdir. Bir neçə yerlə tanış olduqdan sonra belə qənaətə gəldim ki, Naxçıvanın böyük turizm potensialı var. Göstərilən tanıtım filmindən daha ətraflı məlumat aldıq ki, Naxçıvanda tarixi abidələrin bərpası, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılıb, mühüm layihələr həyata keçirilib. Naxçıvanın kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi.
Əlincəqala çox möhtəşəm bir tarixi abidədir. Əslində, qala ilə bağlı məlumatım var idi, lakin orada olmağı çox istəyirdim. Bu gün İran İslam Respublikasından Naxçıvana gələn turistlərin sayı kifayət qədərdir. Biz də çalışacağıq ki, bundan sonra da muxtar respublikaya daha çox turistin gəlməsinə öz töhfəmizi verək.
Serpil Onal (Türkiyə): – Əvvəlcə “Nəqşicahan Holdinq”ə minnətdarlığımı bildirirəm ki, bizim üçün belə bir imkan yaradıb Naxçıvana dəvət ediblər. Bu, Naxçıvana ilk gəlişim deyil, lakin turizimçi kimi ilk dəfədir ki, belə böyük layihədə iştirak edirəm. Muxtar respublikanın özünəməxsus gözəlliyi, qonaqpərvər insanları və hər şeydən öncə, səliqə-sahmanı ilə seçilən şəhər və kəndləriniz var. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarını daha da artırır. Buna görə də muxtar respublika bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək.
Samir Cabbarov (Quba): – Naxçıvanla bağlı məndə çox xoş təəssüratlar yaranıb. Çünki mən bir turizm işçisi olmaqla yanaşı, həm də fotoqrafam. Şəkillərdə Naxçıvanı görürdüm və bu, məndə maraq hissi yaradırdı. Buna görə də Naxçıvana dəvət ediləndə çox sevindim. Gördüklərim isə məni yaxşı mənada təəccübləndirdi. Hər şeydən əvvəl deyim ki, burada bütün küçələr, yollar çox təmizdir. Naxçıvan şəhəri isə xüsusilə gözəldir. Şəhərdə müasirliklə qədimlik bir-birini tamamlayır.
Ötən iki gün ərzində Naxçıvanın bir çox gəzməli-görməli yerlərində olduq. Muxtar respublikada daha çox diqqətimi çəkən yerlər Batabat yaylağı və Ağbulaq İstirahət Mərkəzidir. Buradakı təbiət mənzərələri heyranedicidir. Ümumilikdə götürsək, Naxçıvan müasir inkişafı, turizm potensialı və qonaqpərvərliyi ilə xeyli sayda turisti qəbul etmək imkanlarına malikdir. Qarşıdakı ayda Naxçıvana yenidən gəlib buranın təbiəti, tarixi abidələri, qədim yurd yerləri və müasirləşən yaşayış məntəqələri ilə bağlı fotoreportaj hazırlamaq fikrindəyəm.
Xəbərlər şöbəsi