22 Dekabr 2024, Bazar

İnsanların səyahət etmək istəyi qədim dövrlərdən məlumdur. Bu istək zaman keçdikcə daha da artmış və müasir dövrdə fenomenal bir sahəyə çevrilərək hər kəsin marağını cəlb etmişdir. Çünki fərqli ölkə və regionları, xalqları və mədəniyyətləri əyani öyrənməyin ən münasib yolu turizmdən keçir. Turizm, eyni zamanda ölkələri bir-birinə yaxınlaşdırır, beynəlxalq əlaqələri möhkəmləndirir, iqtisadi və mədəni bağları inkişaf etdirir. Bundan əlavə, turizm yeganə prosesdir ki, onun məhsulunun ixracını bütün ölkələr arzu edir.

Gəliri olmayan iqtisadiyyatda kütləvi turizmdən söhbət gedə bilməz. Buna görədir ki, işsizlik əmsalının çox olduğu, əməkhaqqı az olan ölkələrdə turizmin inkişafı mümkün deyil. Çünki turizm ən çox xidmətlər toplusunu əhatə edir. Xidmət sahələrinin inkişafı isə yalnız kiçik biznesin üzərində qurulur. Biznesin bu növü çoxşaxəlidir, eyni zamanda ölkə iqtisadiyyatının əsas sütunu sayılır. Bu gün dünyanın iqtisadi baxımdan ən güclü ölkələrində büdcə vəsaitlərinin təminatında ən mühüm yeri kiçik biznesin gəlirləri tutur. Məsələn, Almaniya kimi inkişaf etmiş bir ölkədə ümumi daxili məhsulun 3-5 faizi böyük şirkətlərə aiddir. Geridə qalan yüz milyardlarla dollar məhsul istehsalı və xidmətlər məhz kiçik müəssisələrin payına düşür. Turizmin inkişafında kiçik biznesin rolunu ona görə qabardırıq ki, bu biznes turizmin bu gününə və gələcəyinə, sözün həqiqi mənasında, nəzarət edir. Uzağa getməyək, bu gün muxtar respublikamıza istənilən bir ölkədən turist gəlirsə, həmin turistin burada istifadə etdiyi bütün xidmət sahələrinin başında kiçik biznesin təmsilçiləri dayanır. Dünyada elə bir nümunə yoxdur ki, hər hansı böyük şirkət bütün bu xidmətləri ödəmək imkanında olsun. Bu, fiziki baxımdan da mümkün deyil. Buradan isə belə nəticə çıxarmaq olar ki, kiçik biznes inkişaf edirsə, turizm də inkişaf edəcək. Bəs turizmin inkişafı sosial-iqtisadi vəziyyətə necə təsir göstərir?

Qeyd edək ki, turizm beynəlxalq iqtisadi münasibətlərdə mühüm rol oynayır. Çünki beynəlxalq turizm ölkələri bir-birinə yaxınlaşdırır, beynəlxalq əlaqələri möhkəmləndirir, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir, ölkələrarası iqtisadi inteqrasiya yaradır, valyutanın, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkətinə zəmin yaradır.
Hamımıza məlumdur ki, turizm siyasi baxımdan sabitliyin tam təmin edildiyi ölkələrdə daha çox uğur qazanır. Digər tərəfdən isə turizmin özü iqtisadi sabitliyin yaradılmasına imkan verir. Çünki turizmdən gələn gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə – görülən işin müqabilində paylanılır. Bundan əlavə, turizm yeni iş yerlərinin yaradılmasına stimul verir. Buradan isə o nəticəyə gəlmək olur ki, turizm dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində əhəmiyyətli rol oynayır.
Turizmin mənfəəti təkcə iqtisadi tərəfləri ilə ölçülmür. Turistlərin gediş-gəlişi nəticəsində xalqlar arasında münasibətlər daha da dərinləşir, insanlar arasında etibar yaranır. Mövcud problemlər, konfliktlər daha real və əyani şəkildə dərk olunur. Yəni beynəlxalq turizm ekspertlərinin dili ilə desək, turizm sosial-iqtisadi inkişafın katalizatoru rolunu oynayır.
Son illərdə muxtar respublikamızda turizm infrastrukturunun yaradılması ilə bağlı görülən işlər dövlətimizin bu sahənin inkişafını diqqət mərkəzində saxlamasının nəticəsidir. Bu gün artıq Naxçıvana təkcə region ölkələrindən deyil, dünyanın müxtəlif bölgələrindən turistlər gəlirlər. Sevindirici haldır ki, muxtar respublikamıza gələn turistlərin sayı ildən-ilə daha da artır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunur ki, 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikaya 338 min 715 turist gəlib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz və ya 10 min 502 nəfər çoxdur. Maraqlı məqamlardan biri budur ki, statistikaya görə, bəhs olunan dövrdə turist sayının faizlə artımı sənaye, kənd təsərrüfatı, ümumi daxili məhsul və sair sahələrdən daha çoxdur. Diqqət edilməli məqamlardan biri də budur ki, muxtar respublikaya gələn illik turist sayının muxtar respublika əhalisinin sayına çatmasına az qalıb. Qeyd edək ki, 1 oktyabr 2017-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3889 nəfər artaraq 451 min 929 nəfər təşkil edib. Bu isə o deməkdir ki, Naxçıvan artıq turistlərin diqqət mərkəzindədir və bu maraq getdikcə artır. Digər tərəfdən isə turizmin inkişafı muxtar respublikanın sabit, iqtisadi baxımdan inkişaf edən bir bölgə olduğunun göstəricisidir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR