22 Dekabr 2024, Bazar

Mehmanxana təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Belə ki, burada turistlərə lazım olan əsas yerləşmə xidmətləri göstərilir. Bu baxımdan Naxçıvandakı mehmanxanalarda yaradılmış komfortlu şərait regiondakı turizm və qonaq­pərvərlik xidmətlərinin yüksək səviyyəsindən xəbər verir. Bu otellərdə göstərilən xidmətlər, ümumilikdə, regionda turizmin inkişafına mühüm təsir göstərir.
Naxçıvanın yüksək turizm cazibədarlığı vardır. Bunu regiona səyahət edən turistlərin sayının artmasında görmək mümkündür. Bundan başqa, turizm region iqtisadiyyatının digər sahələrinə də güclü təsir etməkdədir. Bu baxımdan muxtar respublikamıza səfər edən turistlərə göstərilən xidmətlər haqqında danışdıqda ilk olaraq zərf xidmətləri nəzərdə tutulur ki, burada da mehmanxana xidmətləri öndə gəlir. Çünki mehmanxanalar olmasa, turizmin inkişafı praktik olaraq mümkün deyil.
Hazırda muxtar respublikamızda 21 mehmanxana və mehmanxanatipli müəssisə vardır. Bu mehmanxanaların birdəfəlik tutumu 1500 nəfərə yaxındır. Naxçıvana səfər edən turistlər öz yüksək səviyyəli komfort şəraitləri ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini, habelə yeni istifadəyə verilmiş Ağbulaq İstirahət Kompleksini yaxşı tanıyırlar. Belə turistlərin ölkə mənşəyinə baxdıqda isə Almaniyadan Yaponiyaya, Çindən Türkiyəyə qədər onlarla ölkəni görməkdəyik.

Muxtar respublikadakı mehmanxanalarda yataq servislərindən əlavə, geniş çeşiddə digər xidmətlər də göstərilir. Elə bu səbəbdəndir ki, cari ildə Naxçıvandakı otellərdə gecələyən turistlərin sayında artım müşahidə olunur. Belə ki, əldə etdiyimiz məlumata əsasən bu yay mövsümündə otellərin doluluğu bəzi aylar üzrə 68 faizə çatıb. Burada göstərilən xidmətlərin keyfiyyətinin yüksək olması üçün kadrların seçiminə ciddi fikir verilir. Mehmanxanalarda çalışan 250-yə yaxın xidməti personal müasir turizmin tələblərindən, komfort standartlarından məlumatlı olan işçilərdir. Artıq dünya praktikasında olduğu kimi, Naxçıvandakı mehmanxanalarda da turistlər üçün canlı musiqilərdən konfrans, şəhərdaxili və şəhərətrafı ekskursiyalaradək hər cür xidmətlər təşkil olunur. Qeyd edək ki, turistlərin rahatlığı üçün nəzərdə tutulmuş bu xidmətlər həm də otellərin gəlirini artırır.
Turizm artıq muxtar respublika iqtisadiyyatının mühüm bir sahəsinə çevrilməkdədir. Belə ki, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikamıza 339 min nəfərə yaxın turist gəlib. Bu isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Naxçıvanın bənzərsiz turizm ehtiyatlarından istifadə etmək, onları maraqlandıran bir çox obyektlərlə rahat şəkildə tanış olmaq üçün görülən bütün tədbirlər öz bəhrəsini verməkdədir. Muxtar respublikaya səyahət edən turistlər buradakı zəngin təbii və tarixi-mədəni ehtiyatlarla yanaşı, həm də onlar üçün hər cür rahatlığın yaradıldığı mehmanxanaların xidmətlərindən də istifadə edirlər. Bu da bir iqtisadi sahə kimi turizmin region iqtisadiyyatına olan təsirini gücləndirir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR