Müasir dünya iqtisadiyyatında mühüm yer tutan turizm gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətlidir. Xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın bir göstəricisi olan turizmin inkişaf etdirilməsi bu baxımdan diqqəti cəlb edir. Ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da böyük potensialı olan dini-ziyarət turizmi belə səyahət növlərindəndir.
Azərbaycan özünün multikultural dəyərləri, xalqımızın tolerantlığı ilə dünyada adına hörmətlə yanaşılan ölkələrdəndir. İnsanların inanc və etiqadlarına hörmət min illər ərzində formalaşmış humanist dəyərlər kimi xalqımızın yaddaşında möhkəmlənərək bugünkü milli qonaqpərvərliyimizin əsas elementlərindən birini təşkil etməkdədir. 2009-cu ildə paytaxt Bakı, önümüzdəki 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi də Azərbaycanın müsəlman dünyasının layiqli bir üzvü kimi dünyanın diqqət mərkəzində olmasından irəli gəlir.
Naxçıvan zəngin turizm ehtiyatları – qədim tarixi və müasir inkişafı, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə-rekreasiya məkanları, yaradılmış müasir sosial-mədəni infrastrukturu ilə güclü turizm cazibəsinə malikdir. İl ərzində 400 mindən artıq turistin səyahət etdiyi muxtar respublikamıza gələn qonaqlar buradan dərin təəssüratlarla ayrılır. Bütün bunlar Şərqlə Qərbin qovşağında yerləşən Naxçıvanın ümumi inkişafına mühüm təsir göstərməklə, eyni zamanda Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq üçün də yaxşı fürsətdir.
Hazırda dünya üzrə dini-ziyarət turizmi geniş inkişaf edib. İl ərzində təqribən 1 milyard turistin 200 milyona yaxını məhz ziyarət məqsədilə səyahət edir. Müxtəlif din və inanc sahibləri olan insanlar bir çox dini-ziyarət mərkəzlərinə səyahətlər etməklə hər bir insan üçün zəruri olan mənəvi zənginləşmə və rekreasiya tələbatının ödənilməsinə çalışırlar. Bu da, öz növbəsində, turizm sektorunun inkişafına və iqtisadiyyatın digər sahələrinin canlanmasına səbəb olur. İnanc turizminin bahalı xidmətlərlə zəngin olması bu gəlirliyin daha da artmasına səbəb olur. Belə ki, dini-inanc turizmi kruiz və işgüzar turizmdən sonra ən sərfəli turizm növlərindən biridir. Başqa sözlə, qədimdə zəvvarlar at və dəvələrlə səyahətlərə çıxan varlı adamlar olduğu kimi, hazırda da onların böyük əksəriyyəti hava yolu və bahalı kruiz marşrutlarını seçən insanlardır. Naxçıvanın beynəlxalq hava və quru yolları və yaxın gələcəkdə istifadəyə veriləcək dəmir yolu imkanları dünyanın bir çox ölkəsindən buraya ziyarət məqsədilə gələn turistlərin qarşılanıb yola salınması üçün çox əlverişlidir.
Qeyd edək ki, dini-turizm marşrutları bəzi ölkələrdə mövsümi olsa da, muxtar respublikamızın ərazisində bu turizm növünün inkişafı üçün həmin problem yox səviyyəsindədir. Mövsümilik isə turizm üçün ənənəvi bir problemdir. Bu, xüsusən Qurban bayramı ərəfəsində Həcc ziyarəti zamanı çox kəskin şəkildə özünü göstərir. Ancaq muxtar respublikamıza gələn zəvvarlar üçün mövsümilik problemi yoxdur. Ona görə də ilboyu ölkəmizin digər yerlərindən və xarici ölkələrdən qədim diyarımıza gələn zəvvarlar Naxçıvanın ziyarətgahlarına baş çəkib, burada niyyətlərinin qəbulu üçün dualar edir, qurbanlar kəsdirirlər.
Muxtar respublikamızdakı ziyarətgahlar haqqında danışarkən ənənəvi olaraq müqəddəs Əshabi-Kəhf ziyarətgahını, Nuh Peyğəmbərin türbəsini, qədim tarixi məscidlərimizi, imamzadələri, müxtəlif pirləri sadalaya bilərik. Naxçıvanda, demək olar ki, hər kəs bu yerlərdə olub, onların yeri və tarixçəsi ilə tanışdır. Xüsusən müqəddəs Əshabi-Kəhf ziyarətgahı ilboyu ziyarətçiləri özünə çəkməkdədir. Amma insan inancının dərinliyinin sirridir ki, hər dəfə bu yerlərə ziyarətə gələnlər bir daha burada olmağı arzulayır, özü üçün əvvəlkilərdən fərqli yeni təəssüratlar əldə edirlər. Çünki bu müqəddəs məkan dünyanın elə bir nöqtəsində yerləşir ki, o sanki bütün inanc sahiblərini həyatın əbədi olaraq var oluşuna bir daha inandıra biləcək gücdədir. Daş mağarada Uca Haqqın ədalətinə sığınıb, ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, elə yaşadığın şəhərin lap yaxınlığındakı təbiət möcüzəsində axtaranlar üçün beşminillik Naxçıvanın müqəddəs məkanları, onun Əshabi-Kəhf ziyarətgahı, bu mənada, hamının ziyarət etmək istədiyi bir yerdir.
Əshabi-Kəhf ziyarətgahı Naxçıvanı dünyada tanıdan simvollardan birinə çevrilib. Keçmişdəki dəmir rejimin qadağalarına baxmayaraq, bu müqəddəs məkana ziyarətlər heç kəsilməmiş, insanlar ürəyinin hökmü ilə paklığına inandığı nə əməl varsa, onu yerinə yetirmək inadından dönməmişdir. İndi isə ölkəmiz müstəqildir və müqəddəs Əshabi-Kəhf ziyarətgahını bütün dünyanın zəvvarları ziyarət edirlər. Çünki dünyada inanclarla yaşayan tək varlıq kimi hər bir insanın Yaradanına sevgisi, insanların hörmət və məhəbbətini qazanmaq kimi ülvi duyğuları, müqəddəs yerləri ziyarət etmək və bu inancları daha da dərinləşdirmək istəyi vardır.
Əli CABBAROV