Hüsnündən ruhuma bir az sevgi, bir az da gözəllik qat
(Esse)
Salam, a dağlar gözəli! Salam, al-qırmızı donlu, gözü zülmət gecə qarası lalələri ilə ən daş ürəkləri belə, ehtizaza gətirən yaylaqlar yaylağı! Yenə səni görməyə, buz kimi suyundan içməyə, tüstülü şəhər havası ilə boğulub məndən mədəd uman ciyərlərimə sərin mehindən bir nəfəslik də olsa, udmağa gəlmişəm.
Sən yenə də əvvəlki kimi gözəl, yenə də əvvəlki kimi füsunkar, əvvəlki kimi təravətlisən. Salvartının buzlu havası səni təkrar ürəyəyatımlı, məlahətli və əvəzolunmaz edib. Əlçatmaz, ünyetməz sıldırım qayalarda yuva salan qartalların qanadlarının kölgə saldığı gül-çiçəkli çəmənlərdə gəzib yenə səni vəsf etmək istəyirəm. Ancaq sənin ətir qoxan yamaclarını, bumbuz göllərini, dumduru göz yaşı kimi çağlayan bulaqlarını, yamyaşıl meşələrini vəsf etmək üçün saz da, söz də acizdir. Dünyanın ən böyük ustadlarını da gətirsən, bəstəkarlarını da bir araya yığsan, gözəlliyin qabağında şeir də aciz qalar, musiqi də, rəsm əsəri də. Sən elə incəsənətin özüsən. Tanrının insanlara bəxş etdiyi ən gözəl sənətlər səndə başlayır, səndə də başa çatır!
Dişgöynədən Zorbulağında çox qızlar sudakı əksinə baxıb, öz gözəlliyi ilə öyünüb, at üstündə çox igidə su veriblər. Suyundan almağa gələn xanımlarımız elə bu bulaq başında bir baxışı ilə sevdiyi igidə ümid olub. Yaylaqlarında çox igid ox atıb, qılınc oynadıb, qurşaq tutub öz məharətlərini göstərib. Hər dəfə səndən yolumu salanda, sənə pənah gətirəndə qulağıma köhlənlərin kişnərtisi, alp ərənlərin, dünya mənim deyənlərin nərəsi gəlir. Quşların şən-şaqraq hayqırışlarından, bülbüllərin nəğməsindən, narın yağan yağış damlalarının əks-sədasından, bal toplayan arıların qanad çırpıntılarından, şahinlərin qıy vurmalarından ulu Dədə Qorqudumun qopuzunun tellərinin səsi gəlir. Bəli, sən Vətənsən! Vətənin başlandığı yer, Adəm övladının ilk məkanlarından biri, qorxmaz, düşmən qarşısında əyilməz əsgərimin çəkməsinin cığırlara naxış saldığı yurdumun sərhədində bir cənnət parçasısan!
Oba-oba, oymaq-oymaq bütün dünyanı gəzsəm də, səndən gözəlini tapmayacağımı bilirəm. Dünyanın hansı məkanında olursam olum, sənin mənim qəlbimdə ayrı yerin var. Çünki sən dünyaya ün salan qəhrəman oğuzların oylağı, dan yeri söküləndə də, Günəş qüruba enəndə də, buludlar düz dünyanı suya-selə qərq edəndə də öz əsrarəngiz gözəlliyini insanlardan əsirgəməyən Batabatsan!
Səbuhi HÜSEYNOV