Uca dağların qoynunda məskunlaşan zəhmətkeş insanlarla görüşə tələsirik. Avtomobilimiz Ordubadın mənzərəli kəndlərini bir-bir geridə qoyur. Yolboyu barlı-bəhərli bağlarından, bağçalarından məhsul yığan kənd adamları diqqətimizdən yayınmır.
Təbiət mənzərələrinə isə söz ola bilməz. Yaşıl donunu geymiş kəndlər, gur sulu çaylar, diş göynədən buz kimi bulaqlar uzun yola körpü salır. Nürgüt kəndini keçib üzü dağlara doğru yol alırıq. Ordubadın uca və əzəmətli dağlarının, buz kimi bulaqlarının əhatəsində yerləşən saf havalı, füsunkar təbiətli Süleyman yurdu, Xan çeşməsi, Əyriçay, Çadırdaş, Tüklü Çəmən yaylaqlarında illərdir, insanlar obalar qurar, burda məskən salarlar.
Yaylaqlarda Ordubad rayonunun Kotam, Babək rayonunun Naxışnərgiz, Kəngərli rayonunun Çalxanqala və Xok, Culfa rayonunun Bənəniyar kəndlərindən 10 oba vardır. 12-13 ailə burada yaşayır. Ümumilikdə, təsərrüfatlarda 20 mindən artıq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlanılır. Bizi qarşılayan fermer Xanlar Həşimov bildirir ki, başlanğıcını 80 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu ilə başlamışdıqsa, hazırda təsərrüfatımızda 500 baş iribuynuzlu, 5000 baş xırdabuynuzlu saxlayırıq. Göstərilən baytarlıq xidmətinin nəticəsidir ki, təsərrüfatlarda saxlanılan mal-qaranın və heyvanların cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq artırılır. Saxlanılan cins keçilər ildə iki dəfə bala verir. Hər keçidən 3 litr süd əldə edilir.
“30 ildir biz bura gəlirik. Ərazini yüksəkliyinə, sərinliyinə, sulu yer olduğuna, genişliyinə görə seçmişik. Səfalı yerlərdir”, – deyir fermer Eylaz Xudanov. Yaylaqda heyvanları bəsləməyin əhəmiyyətindən bəhs edən həmsöhbətimiz bildirir ki, buraların faydalı bitkilərlə, saf sularla zənginliyi heyvanların qidalanmasına müsbət təsir edir. Nəticədə, yüksəkkeyfiyyətli ət və süd məhsulları əldə olunur. Bu da daxili bazarın yerli məhsullarla təminatında önəmli rola malikdir. Digər tərəfdən, kəndli mal-qarasına bu dövr ərzində qış üçün də yem toplamış olur. Elyaz Xudanov onu da deyir ki, burada heyvandarlıqla yanaşı, həm də əkin sahəmiz var. İldə 4-5 ton kartof yığırıq. Hər həftə məhsulumuzu bazara göndəririk. Dolanışığımız yaxşıdır.
Ömürlərini zəhmətə bağlayan insanlar təsərrüfatın digər sahələrindən də qazanc götürürlər. 10 hektardan artıq sahədə kartof əkilib. Bir sözlə, günlərini hədər keçirməyən zəhmət adamları üçün yorğunluq yad anlayışdır. Onlar torpağa tapınırlar. Təbiətlə təmasda olan bu insanlar elə təbiətin bəxş etdiyi bütün sərvətləri dəyərləndirir, faydalarını öyrənir və tətbiq edirlər. Baldırğan, çaşır turşusunun, min bir dərdə dəva çobanyastığı, kəklikotu, böyrəkotu, qantəpər, yarpız dəmləməsinin əvəzi tapılmaz. Xalidə Kərimova 12 ildir qardaşı ilə birgə Əyriçay obasına gəlir. Həm heyvan saxlayır, həm də dağlardan dərdlərin dərmanı olan bitkiləri toplayır. Onların faydalarını sayan həmsöhbətimiz bildirir ki, bizim dərmana ehtiyacımız olmaz. Bu bitkiləri qurudur, qış uzunu işlədirik.
Bəli, çox maraqlıdır yaylaq həyatı. Hər evin özünün təndiri var. Təndirdə çörək bişirilər, yeməklərin də əksəriyyəti burda hazırlanar və çox dadlı olar. Burda 3 ay boyunca köç salanlar isə bu nemətlərin qədrini bilirlər. Təbiətin dilini də öyrənib onlar. Açıq ərazilərdir. Əgər canavar sürüyə hücum edər, ziyanlıq verərsə, oba sakinləri bundan heç də pərişan olmaz. Bir yerə toplaşar, həmin ailəyə dəymiş ziyanı birgə aradan qaldırarlar. Bir də atalar yaxşı deyib: “Qurddan qorxan qoyun saxlamaz”. Odur ki, bu yurd yerlərində rahat, asudə yaşayar, təsərrüfatları ilə məşğul olarlar. Xain düşməndən isə onları qoruyan ordumuzun mətin əsgərləri var, arxayındırlar.
Buralar süni bər-bəzəkdən, dekorasiyadan tamamilə uzaqdır. Nə varsa hər şey təbii, hər şey olduqca sadədir. Təmtəraqlı nəyəsə rast gələ bilmərsən. Yaylağın da gözəlliyi elə bundadır. Şəhərin səs-küyündən uzaq, sərin dağ havası, dumduru bulaq suları və təbii məhsullar.
Müşahidələrimizə əsasən deyə bilərik ki, burada qadınların əməyi çox böyükdür. Təmizlik işlərindən tutmuş ta sağım və məhsulların ərsəyə gəlməsinədək. Bu zəhmətkeş insanlarla həmsöhbət olmaq istəsən, gərək saatlarla gözləyəsən. Əl saxlamadan işləyəcəklər ta hava qaralana qədər. Odur ki, harda fürsət düşdü, orda da həmsöhbət olmaq lazımdır. Digər həmsöhbətimiz Nəzakət Haşımova bildirir ki, yaylaq dövrü burada qadınlar şor, lor, kərə, qaymaq və digər ağartı məhsulları istehsal edər, qış azuqələrini hazırlayar, həm də satışa çıxararlar.
Süddən başqa digər ağartı məhsullarını, hətta qatığı belə konservləşdirib qış çıxana qədər istifadə edərlər. Bir sözlə, bir damcı süd belə, burda hədər getməz. Zəhmətlə qənaətcillikdən bir-birindən ləziz, dadlı və ən əsası yüksəkkeyfiyyətli məhsullar ərsəyə gələr. İstehsal olunan süd məhsulları ərazidəki bulaq sularından istifadə edilərək yaradılan, necə deyərlər, təbii soyutma şəraitində saxlanılır. Buz kimi axar su məhsulların daim sərin qalmasını təmin edir. Alıcı sarıdan heç bir problemləri yoxdur. Maşın-maşın bazarlara daşınan ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsullar böyük həvəslə alınır. Naxçıvanın dadlı məhsullarına bələd olan Bakı şəhər sakinləri də onlara müraciət edirlər.
Burada təbiət öz qələmi ilə möcüzə yaradıb. Bir tərəfdə əzəmətli dağlar, axar sular, digər tərəfdə təbiət gözəli Göygöl və palıd ağacları ilə zəngin Tillək meşəsi.
Çadırlardan müvəqqəti yaşayış yeri kimi qurulan və asanlıqla sökülə bilən alaçıqlarla yanaşı, artıq dağların qoynunda daşdan tikilmiş yaşayış binalarına da rast gəlmək olur.
Hava qaralanda zəhmət adamları əllərini işdən çəkərlər. Burda işıqlanmanı alaçıqda lampalar, çöldə isə ay işığı əvəz edər. Dan yeri söküləndən ta qaş qaralana kimi çalışan zəhmətkeş insanları bir də açılan yeni sabah, dağların arxasından boylanan Günəş səfərbər edəcək.
Ruhiyyə RƏSULOVA
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru