22 Dekabr 2024, Bazar

Müasir dövrdə turizm cəmiyyətin sosial-iqtisadi həyatında oynadığı rola görə iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Bu gün turizm yeni iş yerlərinin açılmasında, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Ölkəmizdə turizmin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıdandan sonra da bu sahəni diqqət mərkəzində saxlamış, ilk dəfə 1999-cu il 4 iyun tarixdə “Turizm haqqında” Qanun qəbul edilmiş, turizm sahəsinin hüquqi əsasları, turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydaları müəyyənləşdirilmişdir.
Ümummilli liderimizin turizm sahəsində müəyyənləşdirdiyi strateji xətt hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla davam etdirilir. Ötən dövr ərzində muxtar respublikada bütün sahələrdə infrastruktur yenilənmiş, müasir avtomobil yolları inşa olunmuş, tarixi yaddaşı özündə əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılmış, yeni otel və istirahət mərkəzləri tikilmiş, Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.


Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2016-cı ildə keçirilmiş müşavirədə Ali Məclisin Sədri demişdir: “Bu gün ölkələrin əsas gəlir mənbələrindən biri kimi turizmin inkişafı məsələləri xeyli aktuallaşıb. Azərbaycanda bu sahədə kompleks tədbirlər görülmüş, yeni turizm infrastrukturları yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada tarix-mədəniyyət abidələrinin, zəngin təbiətin, şəfalı suların, təbii müalicə mərkəzlərinin mövcudluğu turizmin inkişafı üçün geniş imkanlar yaratmışdır...”
Ötən illər ərzində beynəlxalq standartlara cavab verən mehmanxanalar, müasir əyləncə və iaşə obyektləri, Ağbulaq İstirahət Mərkəzi tikilmiş, Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmiş, yeni turizm marşrutları yaradılmışdır.
Turizm sahəsinin inkişafı istiqamətində muxtar respublikada Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmış, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisasları açılmış, İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejimi sadələşdirilmiş, yeni beynəlxalq marşrutlar təşkil edilmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər 2017-ci ilin ilk yarımilində də davam etdirilmişdir. Ötən dövr ərzində muxtar respublikaya info-tur təşkil olunmuş, Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən gəlmiş 220 sahibkar və turizmçi Naxçıvanın turizm imkanları, tarixi, dini abidələri, müalicəvi yerləri ilə tanış olmuşlar.
Bütün sahələrdə qeydə alınmış dinamik inkişafla yanaşı, muxtar respublikanın təhlükəsiz region kimi tanınması da buraya gələn turistlərin sayının artmasına müsbət təsir göstərmişdir. Əgər 1995-ci ildə muxtar respublikaya 38,6 min nəfər turist gəlmişdirsə, bu göstərici 2006-cı ildə 93,9 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2016-cı ildə 403,3 min nəfər olmuşdur. 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı 1995-ci illə müqayisədə 10,4 dəfə artmışdır. Cari ilin ilk yarımili ərzində muxtar respublikaya gələn turistlərin sayı bir il öncəyə nisbətdə 4,2 faiz artaraq 195 min nəfəri ötmüşdür.
Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması muxtar respublika haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, turizmin inkişafına geniş imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR