Qədim tariximizin salnaməsi Gəmiqaya əsrlər boyu ulu babalarımızın ilkin yurd yeri olub. Zəngin keçmişini özündə əks etdirən bu abidənin gözəlliyinə gözəllik qatan, əzəmətli dağların ətəyində qədim oğuz-türk elinin adı ilə bağlı bir göl var ki, bu da sirli-sehrli Göygöldür. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz, igidlik, mərdlik simvolu olan bu gölün tarixi eramızdan əvvəllərə söykənir.
Ecazkar təbiəti, sirli-sehrli aləminin canlı şahidi olmaq üçün üz tuturuq insanları özünə heyran edən dörd fəsilli, füsunkar mənzərəli Göygölə... Bu göl Gəmiqaya ətəklərində, Nürgüt kəndini əhatəyə alan sıra dağların arasında yerləşir. Elə Nürgüt kəndini digər kəndlərdən fərqləndirən də zümrüd rəngli, səfalı Göygöldür.
Yolumuz uzundur. Elə bu səbəbdən sübh tezdən, dan yeri ağaran kimi üz tuturuq Göygöl istiqamətinə. Günəş hələ təzəcə dağların arasından ahəstə-ahəstə çıxır. Şəfəqləri qarşıdakı uca dağların başına yayılır. Yol boyunca rastlaşdığım mənzərə – yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı, yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan cürbəcür ağaclar, nadir bitkilərlə zəngin olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçay və Saqqarsu çaylarının həzin zümzüməsi... Tanrının xüsusi zövqlə, incəliklə yaratdığı möcüzəvi bu yurd yeri sanki bütün təbii gözəllikləri sehrli bir qüvvətək özünə çəkib.
Bu yolların keçmişinə yaxşı bələdəm. Bir anlıq xəyalımda yolların illər öncəki vəziyyəti canlanır. Əvvəllər bu yolları gedib-gəlmək çox çətin idi... Demək olar ki, kənd sakinlərinin ən böyük problemi də elə bu idi. Lakin indi dövlətimizin qayğısı sayəsində strateji əhəmiyyətə malik olan Biləv-Göygöl avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi kənd sakinlərinin əsas problemini aradan qaldırıb. İndi bu yolları rahat getdikcə, uca dağları yararaq geniş yollar çəkən insanların qüdrətinə, əllərinin gücünə heyran qalmamaq mümkün deyil.
Nürgütə yaxınlaşdıqca gül-çiçəyin təravətli qoxusu, Saqqarsu çayının zümzüməsi, quşların cəh-cəhi insanı bihuş edir. Elə kəndin girişindəcə çağlayan buz kimi bulaq yoldan ötənləri qarşılayır. Bir tərəfi göz ayıra bilmədiyimiz təbiətin gözəlliyi, bir tərəfi isə könüloxşayan şəhər mənzərəsi... Yəqin ki, duruxdunuz... Bəli, yeni məktəb binası, səhiyyə ocağı, kənd və xidmət mərkəzləri, məscid, sanki indicə çəkilmiş yolların üzərindən bir-birini ötüb keçən maşınlar... Bu xoş görünüş, gözəl mənzərə insana bütün yorğunluğunu, dərd-qəmini unutdurur.
Maşınımız Göygöl yaylaqları ilə irəliləyir. Aran bölgələrdən bu yaylağa qalxmış insanların obaları gözə dəyir. Obaların ətrafında isə yüzlərlə arı pətəkləri...
Artıq Göygöldəyik. Burada biz tək deyilik. İstirahət etmək üçün bir neçə ailə artıq çoxdan samovarını qaynadıb, gölün sakit ləpələrini seyr edə-edə çay içir. Görünür, gözəl təbiəti olan bu diyarın elə insanları çox mehriban, qonaqpərvərdirlər. Xurs kənd sakini Eldar Haqverdiyev bizi çay içmək üçün yaşıllıq üzərində açdıqları süfrənin başına dəvət edir. Süfrənin ətrafına toplaşanlar onun və Bakı şəhərindən qonaq gələn yaxın dostunun ailəsidir. Eldar Haqverdiyev bizə göl haqqında maraqlı məlumatlar verir: “Dəniz səviyyəsindən 3065 metr yüksəklikdə olan bu göl muxtar respublikanın ən hündürdə yerləşən gölüdür. Gölün dərinliyi 5, bəzi yerlərdə isə 7 metrə çatır. Gölün suyunun mənbəyi dağ zirvələrindəki əriyən qarlar, ilin bütün fəsillərində yağan yağış və onun ətrafında qaynayan mərcan gözlü bulaqlardır. Bu yerlərin kəskin iqlim şəraiti olsa da, gölün ətrafı qeyri-adi təbiətə malikdir. Yerli əhali arasında “Dörd fəsil” adlandırılan gölün bir tərəfində qar olanda, digər tərəfində çiçək açır. Gördüyünüz kimi, avqust ayı olsa da, dağların yamaclarında qar var, gölün dörd bir tərəfi isə al-əlvan gül-çiçəklə doludur”.
Həmsöhbətimiz və onun ailəsi ilə bir daha görüşmək ümidilə sağollaşırıq. İndi isə yol alırıq Gəmiqayanın sol qolu olan Saqqarsu çayına. Öz mənbəyini Göygöldən alan, Gilançayla qovuşan çaya toxunduqda buz kimi su insanın sümüyünə işləyir. Çayın həzin səsi bir xoş nəğmə kimi insanın ruhuna dinclik verir. Gölün üzərində əks olunan buludların axışı, xəfif mehdən xışıldayan otların səsi, Saqqarsu çayının şırıltısı insanı bir başqa aləmə aparır.
Zəngəzur silsiləsi, Gəmiqaya dağı və Ağdağın ətəklərində ecazkar gözəlliklə insanları heyran edən Göygöllə Nuh müqəddəsliyi arasında bir vəhdət var sanki. Gölün mərkəzində yerləşən kiçik bir ada Nuhun quruya çıxdığı, qayaların qüdrətdən təbii istehkam qurduğu dağın ətəyində gizlənmiş adanı xatırladır. Göygölün sirri-sehri elə Nuh əfsanəsinin özü qədər realdır. Bu reallığın ən gerçək əksi isə gölün üzərində qıy vuran qartallar qədər məğrur və qorxmaz Azərbaycan əsgəridir. O əsgər ki, Gəmiqaya zirvəsində sinəsini Vətən torpağına sipər edib, dumanı, çəni əskik olmayan bu dağların köksündə, Vətən sərhədində doğma torpağın keşiyini çəkir. Düşündüm ki, bura gəlib soyuq səngərlərdə Vətən keşiyində duran əsgərlərimizə baş çəkməmək qəbahət olar. Bu fikirlə keçilməz qala, igid oylağı olduğu uzaqdan bilinən səngərə doğru irəlilədim. Burada xidmət edən zabit Nurlan Həmidovla salamlaşdım. Tovuz rayonundan olan Nurlanla söhbətə körpü saldıq. Düşmən üzərində qələbənin çox uzaqda olmadığını qürurla və əminliklə deyən gənc komandir əsgərlərin məişətinə, qida təminatına, hərbi hazırlıqlarına ciddi diqqət yetirildiyini bildirir. Onun sözlərinə görə, mütəmadi olaraq keçirilən təlimlərdə əsgərlər komandirlərindən hərbi texnikanın sirlərini öyrəndikləri üçün ədalətsiz müharibədən böyük qələbə ilə çıxacaqlarına əmindirlər.
...Yurdumuzun şanlı tarixinin şahidi, özündə min sirri-sorağı saxlayan Göygöl! Sən öz füsunkarlığınla, ecazkarlığınla, mərd, əyilməz dağlarınla, dağlarının qoynundan süzülüb gələn göz yaşı qədər duru bulaqlarınla, hay-haraylı çaylarınla hələ çox dastanlara mövzu, sirli-sehrli təbiətinlə daim bu yurdun, bu elin bəzəyi olacaqsan.
Gülcamal TAHİROVA