22 Dekabr 2024, Bazar

Qədim tarixə malik Naxçıvan diyarı tarixi-mədəni abidələri, gözəl memarlıq inciləri ilə zəngindir. Bu ərazidə yerləşən abidələr arasında Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən sayılan Möminə xatın türbəsi xüsusi yer tutur. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin yaradıcısı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən bu məqbərə dünya mədəniyyəti inciləri sırasında özünəməxsusluğu ilə seçilir. Abidənin yaradılışından uzun zaman keçməsinə baxmayaraq, əvvəlki vüqarını itirməyib. Türbə 2003-cü ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə əsaslı şəkildə bərpa olunub.

Bu gün Naxçıvan şəhərinin gözəlliyinə öz əzəmətli duruşu, məğrur görünüşü ilə ­gözəllik qatan bu abidə təkcə muxtar respublika sakinlərində deyil, xarici ölkələrdən gələn qonaqlarda da böyük maraq yaradır. İlin bütün fəsillərində Naxçıvana xarici ölkə­lərdən xeyli turistlər gəlir ki, onların da ilk olaraq üz tutduğu yer məhz Möminə xatın türbəsi olur. Gələn qonaqlarla həmsöhbət olub, abidə haqqında təəssüratlarını öyrənmək üçün adıçəkilən ünvana yollandıq. Biz ora çatanda abidənin ətrafı turistlərlə dolu idi. Onlardan biri, Türkiyə vətəndaşı, ixtisasca memar olan Hakan Özalla həmsöhbət olduq. O, bizimlə söhbətində dedi: “Hər il Naxçıvana gəlirəm. Bura həm qədimliyi, həm də müasir görünüşü ilə seçilir. Baxmayaraq ki, Naxçıvan düşmən ölkə ilə həmsərhəddir və ölkənizin əsas hissəsinə quru yolu yoxdur, hər il bu diyarın daha da inkişaf edib gözəlləşdiyinin şahidi oluram. Möminə xatın məqbərəsinə ziyarətim də ilk deyil. Burada öyrənmişəm ki, abidə 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə tikilməsinə qərar verib. Eşitdiyimə görə həmin möhtəşəm sənət əsəri yerli əhalinin yaddaşında elə bu səbəbdən də “Atabəy günbəzi” adı ilə qalıb. Burada diqqətimi daha çox çəkən abidənin baştağında kufi xətti ilə yazılan sözlərdir: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Mən səyahəti çox sevirəm və demək olar ki, regionun bir çox müsəlman ölkələrində olmuşam. Ancaq Möminə xatın türbəsi qədər yaşı qədim və xüsusi zövqlə işlənmiş, üzərində nəqqaşlıq sənətinin ən gözəl nümunələri olan abidəyə rast gəlməmişəm. Hər dəfə bu türbəni ziyarət edəndə, özüm üçün yeni bir naxış, Şərq memarlığının yeni bir elementini tapıram. Arzum budur ki, gələcəkdə işləyəcəyim layihələrdə Möminə xatın element­lərinə yer verim”.
Digər bir müsahibim Ukrayna vətəndaşı Valeriy Qrinyov oldu. O da, öz növbəsində, Naxçıvanın tarixini əks etdirən bu qədim abidə haqda öz təəssüratlarını bizimlə bölüşdü. Onun dediklərindən: “Şahmatla peşəkar şəkildə məşğul olmağıma baxmayaraq, tarixlə çox maraqlanıram. Məktəb illərində sovet tarixçilərinin Azərbaycan haqda cüzi və səthi yazılarını oxumuşdum. Ancaq Odlar diyarı haqda daha dərindən öyrənmək istəyirdim. Təhrif olunmuş materiallar isə mənə bu imkanı vermirdi. Yaxşı ki Sovetlər Birliyi dağılandan sonra mən Azərbaycana, onun paytaxtı Bakıya gəlmək imkanı əldə etdim, hər şeyi öz gözlərimlə gördüm. Naxçıvana gəlişim isə məni çox sevindirdi, buradakı gəzintilər zamanı bir çox tarixi abidələrlə tanış oldum. Möminə xatın türbəsi isə məni xüsusilə cəlb etdi. Burada olarkən öyrəndim ki, abidə Şərqdə qadının şərəfinə ucaldılan ilk abidələrdən biridir. Bu, məni çox heyrətləndirdi. Bildiyiniz kimi, dünyanın bir çox ölkələrində, eləcə də mənim yaşadığım ölkədə keçmişdə Şərq qadınlarının hüquqlarının olma­ması ilə bağlı mülahizələrlə qarşılaşırdım. Ancaq burada olarkən gördüm ki, o mülahizələr tamamilə əsassızdır. Öyrəndiklərimə görə İslam dininin ən təməl ideyalarından biri də anaya, qadına hörmət və ehtiramdır. Bu mənada, Möminə xatın türbəsini İslam mədəniyyətinin ən gözəl incilərindən biri adlandırmaq olar. Abidənin üzərindəki naxışlarda belə, qadın ucalığını, qadın möhtəşəmliyini və zərafətini duyur və hiss edirəm”.
İran İslam Respublikasının vətəndaşı Babək Ərdəbilinin abidə önündə xeyli dayandığını görüb ona yaxınlaşdıq. Öyrəndik ki, o, ixtisasca ədəbiyyat müəllimidir, şeirə, sənətə bağlı adamdır. Müsahibimiz dedi ki, yaşadığı ölkədə də İslam mədəniyyətinə məxsus bənzərsiz memarlıq nümunələri vardır. Ancaq Möminə xatın abidəsində nə isə əsrarəngiz bir aura, bir ab-hava mövcuddur. İnsan bu abidəyə tamaşa edəndə istər-istəməz yaradılış möcüzəsinin sirrini-sehrini hiss edir. Bundan əsrlər öncə insanoğlunun bu qədər dəqiq hesablama əsasında gözəl bir abidə yaratdığına bəzən inana bilmirəm. Elə bilirəm ki, bu, hansısa ilahi qüvvənin işidir. Şeir yazmağı çox sevdiyim üçün bu abidənin ən böyük ilham qaynağı olduğunu düşünürəm. Çünki Möminə xatın türbəsinin hər naxışında tarixin min bir qatından süzülüb gələn sehrli bir misra, ilahi eşq oduna alışıb-yanan bir şairin dodaqlarından qopan bir beyt var. Bu abidədə Nizami şeirinin incəliyi, Füzuli qəzəlinin füsunkarlığı, Seyid Əzim Şirvaninin söz dünyasının zənginliyi hiss olunur. Türbənin üzərindəki naxışlarda Hüseyn Cavid şeirinin əzəməti, Məmməd Arazın sözlə ucaltdığı başıqarlı dağların sərinliyi, dağ çiçəklərinin şehi var. Bir sözlə, Möminə xatın mənim üçün bu dünyada tayı-bərabəri olmayan bir sənət ehramı, sənət məbədidir.
Bəli, ünsiyyətdə olduğumuz xarici vətəndaş­larla söhbətlərimiz zamanı bir daha aydın oldu ki, əcnəbi sənətsevərlərin Möminə xatın türbəsinə baxış bucağı rəngarəngdir.
Möminə xatın türbəsi yüz illərin yadigarı, Azərbaycan memarlığının şah əsəridir. Naxçıvana gələn turistlər bu abidəni ziyarət etməklə xalqımızın zəngin tarixinə, bu torpağın yetirdiyi insanların zəkasına bir daha heyran qalırlar. Möminə xatın türbəsi Naxçıvanda ucalmaqla təkcə ziyarətgah deyil, həm də qədim Şərq mədəniyyətinin simvollarından biri kimi tanınır. O, daşdan-palçıqdan, kaşılardan, kərpiclərdən və memar dühasından yaradılaraq bu günümüzə miras qalmış qiymətli sənət incimizdir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR