İyunun 10-da Ordubad rayonunun Çənnəb kəndində rayonun ətraf Düylün, Üstüpü və Məzrə kəndləri ictimaiyyətinin iştirakı ilə kənd turizminin inkişafı mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev kənd turizminin mahiyyətindən danışaraq keçirilən tədbirin əhəmiyyətini qeyd edib.
“Çənnəb, Üstüpü və Düylün kəndlərinin turizm potensialı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev muxtar respublikamızın kənd yaşıl turizmi potensialının istifadə imkanları haqqında danışıb. Bildirilib ki, öz füsunkar təbiəti, qədim adət-ənənələri və tarixi-mədəni zənginlikləri ilə Ordubad kəndlərinin bu baxımdan böyük potensialı vardır. Çənnəbdə yaradılmış müasir infrastruktur, bu kəndlərdə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, istehsal olunan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları, yeni tikilmiş villatipli evlər kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Vurğulanıb ki, kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etmək mümkündür. Bu həm ailə büdcəsi gəlirlərinin artması, eyni zamanda muxtar respublikamızın tanıdılması baxımından əhəmiyyət kəsb edir.
“Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşdırılması” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin baş məsləhətçisi Əkbər Novruzov turizm ehtiyatlarından istifadə etməklə gəlirlərin formalaşdırılması məsələlərindən danışıb. Bildirilib ki, əhalinin bu sahədə maarifləndirilməsi gələcəkdə istirahətini kənddə keçirmək istəyən turistlərin sayının artmasına imkan yaradacaq. Bunun üçün turistlərə təklif olunan evlərin, digər əlavə xidmətlərin reklamını təşkil etmək, sosial şəbəkələrin gücündən faydalanmaq lazımdır.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova mərkəzin kənd yaşıl turizmin təbliğindəki rolundan danışaraq bildirib ki, Ordubad rayonu kəndlərinin turizm potensialının tanıdılması üçün mərkəzdə geniş informasiya ehtiyatları vardır.
Sonra kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.
Əli Cabbarov