Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda kənd təsərrüfatının ən geniş yayılmış sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafına göstərilən dövlət qayğısı ildən-ilə artmaqdadır. 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsi bunun bariz ifadəsidir.
Əhalinin meyvə, tərəvəz və üzüm məhsulları ilə dolğun təmin olunması, həmin məhsulların ixracı, nəticədə, kənd əhalisinin məşğulluğunun artırılması və maddi rifah halının yüksəldilməsi əsas istiqamət kimi götürülən birinci proqramın icrası uğurla başa çatdırılmış, hazırda ikinci proqram həyata keçirilməkdədir.
Regionda meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Bu meyvələr içərisində göycənin öz yeri var.
İstərdik ki, göycənin botaniki, biomorfoloji, aqrobioloji xüsusiyyətləri və digər məsələlər barədə oxuculara bir qədər məlumat verək.
Botaniki xüsusiyyətləri. Muxtar respublikada gülçiçəklikimilər fəsiləsinin alça sortuna daxil olan 4 növü vardır. Bunlar alça-gavalı, göyəm, Naxçıvan alçası və ev alçası növləridir. Elmi dəlillərlə güman edilir ki, Naxçıvan göycəsi xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradılmışdır. Bundan başqa, yabanı növlərin meşə və kolluq ərazilərimizdə bitən onlarca formalarına da rast gəlinir. Çəyirdəkli meyvələrdən ərazimizdə ev alçası növünün ağ alça, qızıldamcı, qırmızı alça, təbərzə, sarı alça və sair sortları da yayılmışdır.
Naxçıvan göycəsi becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılmışdır. “Göycə” sözü göyümtül mənasında olmaqla bərabər, yeni, təzə mənasını da ifadə edir. Bu meyvə yazda ilk yeyilən meyvə sortlarından biridir. Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aiddir. Yəni göycənin vətəni Naxçıvan olduğu üçün bu söz bu bölgədən başqa heç bir yerdə işlədilmir və ədəbi dildə də rast gəlinmir. Hələ VII əsrə aid səyyahların xatirələrində Naxçıvan göycəsi haqqında məlumatlar var.
Maraqlıdır ki, Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrində, xüsusilə Abşeron və Gəncə-Qazax bölgələrində yayılsa da, həmin məhsulun biomorfoloji xüsusiyyətləri Naxçıvan düzənliyi ərazisində becərilən sortun biomorfoloji xüsusiyyətləri ilə eyni deyil. Əsasən Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli torpaq-iqlim şəraiti, ekoloji mühit mövcuddur.
Naxçıvan göycəsinin irihəcmli plantasiyalarının salınması ilkin mərhələdə meyvə-tingçilik təsərrüfatının yaradılması zərurətini ortaya qoymuşdur. İndiki dövrdə muxtar respublikada ən tezyetişən kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında, xarici bazarlarda rəqabətədavamlı məhsulların satılmasında Naxçıvan göycə sortundan istifadə olunması, ixtisaslaşdırılmış fermer təsərrüfatlarının yaradılması, toplanan məhsulların saxlanılması, beynəlxalq standartlara uyğun qablaşdırılması və ixracının təşkili məqsədəuyğundur və muxtar respublikaya xarici valyuta axınını artıra bilər.
Biomorfoloji xüsusiyyətləri. Naxçıvan göycəsi ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilir. Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuq, Tumbul, Zeynəddin, Şıxmahmud və sair kəndlərdə daha tez ərsəyə gəlir. Ağacları orta hündürlükdə (2,5-3,5 metr) olub yazda yarpaq açılmamışdan əvvəl çiçəkləyir. Ağaclarda çoxlu çiçək əmələ gətirir. Ancaq bu çiçəklərin əksəriyyəti tozlanmadan sonra tökülür. Meyvələri may ayının ortalarında istifadə həddinə çatır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Meyvələri kürəşəkilli, üst və alt hissələrdən basıqdır, həmin nahiyələri bir şırım birləşdirir. Meyvələrinin qabığı qalındır, rəngi ilk vaxtlar göyümtül olur. Lətli hissə qalındır. Hər meyvədə bir ədəd kiçik toxum olur. Məhsulu tam yetişdikdə isə lətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar 35 dərəcəyə qədər şaxtaya tam dözümlüdür. Naxçıvan göycəsi, adətən, yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə ağacları uzunömürlü olur. Toxumla çoxaldıla bilməz, çünki bu sortun toxumları təbii hibrid genotipinə malikdir. Toxumla çoxaldıqda genotipdəki irsi əlamətlər də parçalanma verir və nəticədə, yerli alça formaları meydana çıxır.
Aqrobioloji xüsusiyyətləri. Fərdi təsərrüfatlarda Naxçıvan göycəsi başqa mevvə sortları ilə birlikdə becərilir. Aqrotexniki qulluğa tələbkardır. Calaq edildikdən 2-3 il sonra məhsul verməyə başlayır. Ağaclarda erkən yazda lazım olan qaydada quru budama aparılmalıdır. Ağacların çətirinə elə forma verilməlidir ki, şah budaq və ətraf budaqlar bir-birindən 50-60 santimetr aralı olsun, yarpaqlama və çiçəkləmə vaxtı çətir daxilinə Günəş şüası düşsün, normal havalanma getsin. Naxçıvan göycəsi çox məhsuldar sortdur. Məhsulu çox olanda meyvələri normal ölçüyə çata bilmir və modifikasiya dəyişkənliyinə uğrayaraq parametrləri kiçilir. Ona görə də hər il ağaclar üzərində normal bar yükü saxlanılması məqsədəuyğundur.
Məhsulundan istifadə olunması. Naxçıvan göycəsi normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Ən tez yeyilən meyvə sortudur. Məhsulu, adətən, meyvələri yumşalmağa başlayan dövrdən növrəst məhsul kimi yeyilməyə başlanılır. Meyvələri avqust ayının əvvəllərində tam yetişkənliyə çatanda daha çox sulanır, şirinləşir. Belə meyvələrdən göycə qurusu məhsulunun alınması üçün istifadə edilir. Xüsusi qaydada hazırlanan göycə qurusu xoşagəlim əmtəə görünüşünə malik olmaqla, nisbətən şirin olur. Qış dövrü xüsusi yeməklərin hazırlanmasında, kulinariya sahəsində qiymətli məhsul kimi göycə qurusundan geniş istifadə olunur.
Klon və variasiyaları. Bu meyvə Naxçıvanda qədimdən becərildiyindən ərazidə çoxlu variasiyaları meydana gəlmişdir. Göycə genetik baxımdan əlverişli torpaq-iqlim şəraitinə modifikasiyalaşma yolu ilə daha tez uyğunlaşma xüsusiyyətinə malikdir. Torpaq-iqlim şəraitinin, ekoloji mühitin təbii mutagen təsirlərinə qarşı daha tez reaksiya verən Naxçıvan göycəsinin muxtar respublikada 5-dən çox variasiyasına rast gəlinir. Belə variasiyalar bir-birindən yetişmə müddətinə, meyvələrinin parametrlərinə, keyfiyyətinə, dadına, şirinliyinə və sair genetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Dünyanın heç bir yerində bənzəri olmayan bu neməti qorumaq və tanıtmaq bizim borcumuzdur. Çünki becərilmə tarixi VII əsrə çatan Naxçıvan göycəsi yalnız Naxçıvanda öz xüsusi keyfiyyətini qazana bilir. Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif alça ağaclarına rast gəlinir, ancaq alçanın Naxçıvan göycəsi sortunun əmtəə görünüşü və keyfiyyəti, dadı tamamilə fərqlidir.
Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi üçün muxtar respublikada “Naxçıvan göycəsi festivalı”nın keçirilməsi regionda meyvəçiliyin inkişaf etdirilməsinin, genişləndirilməsinin, ümumiyyətlə, bağçılıq mədəniyyətinin dünya standartları səviyyəsinə yüksəldilməsinin bariz nümunəsidir. Ölkəmizdə və dünyada belə bir təcrübə vardır. Məsələn, Göyçayda “Nar”, Türkiyənin Antalya şəhərində “Portağal”, Adana şəhərində “Qarpız” festivalları keçirilir. Muxtar respublikada “Naxçıvan göycəsi festivalı”nın keçirilməsi yerli meyvə sortlarımızın təbliği üçün gələcəkdə “Ordubad əriyi”, “Naxçıvan üzümü” festivallarının keçirilməsinə də zəmin yaradır.
Varis QULİYEV
aqrar elmlər üzrə elmlər doktoru