Naxçıvançay vadisindəki bu məkanda şəhər sakinləri üçün hərtərəfli şərait yaradılıb
Buranı “Əyləncə adası” adlandırırlar. Ətrafı su ilə əhatə olunmasa da, bu “ada”nın hər kəs, xüsusilə uşaqlar üçün əsl əyləncə məkanı olduğunu bilməyənlər çox az olar. Vaxtilə müxtəlif məqsədlər üçün istifadə edilmiş, son illərdə isə yararsız vəziyyətə düşmüş bu ərazi indi şəhər əhalisinin mövsümdə ən çox üz tutduğu ünvanlardan birinə çevrilib. Söhbət Naxçıvançay vadisində salınmış və 2014-cü ildə əhalinin istifadəsinə verilmiş Əyləncə və İstirahət Mərkəzindən gedir.
Qeyd etmək lazımdır ki, bu istirahət mərkəzi yerləşdiyi mövqeyə görə Naxçıvanın şəhər infrastrukturunda əhəmiyyətli rol oynayır. Naxçıvan şəhərinin mərkəzi ərazilərində müxtəlif istirahət parkları və əyləncə məkanları olsa da, bu mərkəzin yaradılması bir çox əlverişli tərəfləri ilə seçilir. Belə ki, Əyləncə və İstirahət Mərkəzi digərlərindən ərazisinin böyüklüyü, dayanacaq probleminin olmaması, fərqli istirahət və əyləncə bölümlərinin mövcudluğu, müxtəlif attraksionlara malik olması ilə diqqət çəkir. Qeyd edək ki, ərazisindən çay axan şəhərlərin inkişafında çayboyu müxtəlif istirahət və turizm infrastrukturu obyektlərinin yaradılması təcrübəsi uzun illər Naxçıvanımız üçün də gözlənilən idi. Digər tərəfdən hava limanından Naxçıvan şəhərinə gələn qonaqlarda ilk təəssüratın gözəl bir mənzərə ilə başlaması, düşünürük ki, hər bir naxçıvanlı üçün qürurvericidir.
Hazırda mərkəz şəhər sakinlərinin, eləcə də bura gələn qonaqların mənalı istirahətinin təşkilində əhəmiyyətli rol oynayır. Ümumi sahəsi 38 min kvadratmetr olan mərkəzdə 200-ə yaxın işçi çalışır. Ərazidə inşa edilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində dünyanın tanınmış geyim firmaları məhsullarının satıldığı mağaza, 2 kafe və sahəsi 1230 kvadratmetr olan örtülü oyun salonu yerləşir. Oyun salonunda uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müasir oyun avadanlıqları quraşdırılıb.
Binanın ikinci mərtəbəsində isə yerli və xarici mebel dəstləri, çilçıraq və pərdə satışı bölmələri fəaliyyət göstərir. Əyləncə və İstirahət Mərkəzinin həyətində isə 33 metr hündürlüyündə 24 kabinəli 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, uşaq maşınları, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Burada 1 fəvvarə və 4 hovuz yaradılıb. Həmçinin ərazidə böyüklər üçün kafe və peyntbol meydançası da fəaliyyət göstərir. Bu günlərdə mərkəzin həyətində yeni səhnə də qurulub ki, bu da mövsüm ərzində müxtəlif konsert proqramlarının təşkilinə imkan verəcək.
Qeyd edək ki, artıq havaların isinməsi ilə mərkəzə gələnlərin sayı da artır. Xüsusilə axşam saatlarında qələbəlik daha çox nəzərə çarpır. Bura üz tutanlar içərisində uşaqlarla bərabər, təbii ki, böyüklər də az deyil.
Naxçıvan şəhər sakini Mustafa Bağırov öz ailəsi ilə bura gəlib. Yaradılmış şəraitdən ağızdolusu danışır: “Ötən il ailəmizlə mütəmadi olaraq bura gəlirdik. Bu il isə birinci dəfədir. Buranı seçməyimizdə uşaqların təkidi müəyyən rol oynasa da, bizim üçün də sərfəlidir. Çünki avtomobili saxlamaq üçün geniş əraziyə malik dayanacaq var, bağlı və açıq məkanlarda ailəliklə oturub çay, kofe və yaxud sərin içkilər içmək, söhbət etmək imkanı yaradılıb. Belə bir istirahət məkanını yaradanlara minnətdarlığımızı bildiririk”.
Səmənnaz Sadiqova isə iki azyaşlı nəvəsi ilə bura gəldiyini bildirir: “Yaxınlıqda yaşayırıq. Ona görə də mövsümdə tez-tez bura gəlirik. Burada balacaların əyləncəsi üçün çox gözəl şərait yaradılıb. Bizim vaxtımızda harada idi belə gözəl məkanlar, oyun avadanlıqları? İnanın, bizim üçün yeganə əyləncə televizora baxmaq idi, o da maraqlı bir proqram olanda. Hələ mən gənclik illərimi nəzərə alıb bunu deyirəm. O zaman çox ailələrdə heç televizor yox idi. Ancaq indi uşaqların əylənməsi üçün nələr düşünülməyib? Bizimkilər (əli ilə yaxınlıqdakı nəvələrini göstərir) buradakı oyun avadanlıqlarının hər birinin funksiyası haqqında elə danışırlar ki, elə bil bunları özləri ixtira ediblər”.
Bir az aralıda isə balacaların qatarda gəzintisini mobil telefonun yaddaşına köçürən Fəxri Məmmədovla tanış oluruq. Babək rayonundan gəldiyini söyləyir. Deyir ki, ötən il mövsüm boyu mütəmadi olaraq ailəliklə bura gəlmişik. Uşaqlarımız buranı çox sevirlər. Hətta ötən il aldığım kartı da saxlayıblar. (Üzərində “Əyləncə adası” yazılmış plastik kart ərazidəki attraksionlardan istifadə üçün nəzərdə tutulub). Müsahibimiz, yeri düşmüşkən, bu plastik kartın üstünlüklərinə də toxunur. Bildirir ki, istirahət mərkəzində istifadə olunan bu kartın özəlliyi ondadır ki, kartla ödənişlərin edilməsi vaxt itkisinin qarşısını alır. Həm də ödəniş zamanı kiçik pul problemi ilə qarşılaşmırsan. Ərazidə fəaliyyət göstərən mağaza və kafelərin fəaliyyətindən danışan həmsöhbətimiz deyir ki, bəzən elə olur vaxt azlığından ailə üzvləri ilə birlikdə geyim və yaxud məişət əşyalarının satıldığı ticarət obyektlərinə gedə bilmirsən. Burada isə, əksinə, istirahətlə birlikdə bu imkandan da yararlana bilirsən. Bir sözlə, bu istirahət mərkəzində uşaqlar üçün də, böyüklər üçün də çox gözəl şərait yaradılıb. Bu işdə zəhməti olanlara “sağ ol” deyirik.
Bəli, Əyləncə və İstirahət Mərkəzində görüşüb söhbətləşdiyimiz hər kəs burada yaradılmış şəraitdən razılıq etdi. Bu məkanın təkcə uşaqlara deyil, böyüklərə də xoş təsir bağışladığını bildirdi. Söhbətləşdiyimiz insanlar şəhər sakinləri üçün yaradılmış bu şəraitdən, Naxçıvançay boyu açıq ərazinin təmiz havasından, göstərilən xidmətdən, təhlükəsizlik tədbirlərindən məmnunluqla danışdılar. Burada olduğum müddətdə bir nüans da nəzərimdən yayınmadı: vaxtilə dövrün diktə etdiyi şərait və imkanlardan dolayı öz uşaqlığını yaşaya bilməyən yaşlı sakinlər də sanki bu gün balacaların gözündə həmin dövrü yenidən yaşayırdılar...
Səbuhi Həsənov