Ötən həftə iməciliklərdə 19575 ədəd ağac və bəzək kolları əkilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ekoloji problemlərin həllinə ciddi diqqət yetirən, təbiətin qorunması və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan dövlət başçısı demişdir: “Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək”.
Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Görülən işlərin nəticəsidir ki, son 17 ildə yaşıllıqların həcmi dəfələrlə artmış, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilmişdir. Ötən dövr ərzində muxtar respublikada ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir. İnsanlar öz zəhmətləri hesabına yaratdıqları yaşıllıq sahələrinə qulluq göstərməyi vətəndaşlıq borcu hesab edir, yaşıllıqlar diqqət və qayğıdan kənarda qalmır.
Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.
Aprelin 6-da keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstərmiş, şəhərin müxtəlif ərazilərinə 3600 ədəd meyvə ağacı əkmişlər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmiş, Naxçıvan-Sədərək magistral yolunun kənarlarına 3500 ədəd, kəndlərdə isə 1300 ədəd meyvə ağacı əkmişlər.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışmış, Naxçıvan-Ordubad magistral yolunun kənarlarına 400 ədəd meyvə, 500 ədəd meşə, Şəkərabad kəndində isə 700 ədəd meyvə, 355 ədəd həmişəyaşıl ağac və 380 ədəd gül kolu əkmişlər.
Bağlar diyarı kimi tanınan Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, rayon sakinləri Naxçıvan-Ordubad magistral yolunun kənarlarına 900 ədəd meyvə, şəhər, qəsəbə və kəndlərdə 1280 ədəd meyvə, 450 ədəd meşə ağacı əkmişlər.
Culfa rayonunun sakinləri Naxçıvan-Ordubad magistral yolunun kənarlarına 800 ədəd meyvə, 1700 ədəd meşə ağacı əkmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı bağlarda 2200 ədəd meyvə ağacı əkmişlər.
Şahbuzlular rayonun Daylaqlı kəndi ərazisində 510 ədəd meyvə ağacı əkmişlər.
Sədərək rayonunun sakinləri bölgənin müxtəlif ərazilərinə 700 ədəd meyvə, 300 ədəd meşə ağacı əkmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi