Əbrəqunusdan Boyəhmədədək
(Reportaj)
Yəqin ki, müəyyən yaşa çatmış hər kəs həyatında heç olmasa bir dəfə sübh çağında Günəşin necə doğmasını seyr edib və yaxud hər gün təkrarlanan bu təbii hadisəyə bu və ya digər şəkildə diqqət kəsilib. Ancaq kütləvi yaşayış yerləri sayılan şəhərlərdən fərqli olaraq kənd insanlarının buna daha çox imkanları olur. O ki qala yaşadığın kənd dağlarla əhatəli olsun, təbii şüaların yer üzünü necə ağartdığını və yavaş-yavaş nura boyadaraq zülmət gecələri işıqlı sabahlara çevirdiyini öz gözlərinlə görəsən.
Bu mənada, Naxçıvan dağlarının arxasından Günəşin necə doğmasını seyr etmək müqayisəolunmazdır. Eyni zamanda qədim yurdun möhtəşəm dağları hər səhər bu ecazkar şüaları ilk qarşılayan və onun ilıq təravətindən payını alanlardır. Elə biz də – mən və redaksiyamızın fotoqrafı Əli Xudiyev bu ilıq görüşün şahidlərini fotokameranın yaddaşına köçürmək üçün yola çıxmışdıq. Məqsədimiz yeni bir layihə üçün Günəşi qədim diyarın möhtəşəmlik simvolu olan Haçadağla birgə qarşılamaq idi...
... Əvvəlcədən müəyyənləşdirdiyimiz əraziyə çatanda hər tərəf qaranlıq idi. Ətrafda sakitlik hökm sürürdü. Yalnız bəzi çöl quşlarının səsi dan yerinin sökülməsinə az vaxt qaldığından xəbər verirdi. Axı quşlar heyvanlar içərisində ən tez oyananlardır. Fotokameranı hazır vəziyyətə gətirib uzaqlara doğru uzanan qaranlıq səmaya baxırıq. Təxminən, 20-25 dəqiqə keçdikdən sonra dağların arxasında süzən buludların aşağı hissəsinin qızardığını müşahidə edirik. Bu, o deməkdir ki, bir azdan hər tərəf aydınlanacaq, Günəşin ilk şüaları ətrafa yayılacaq. İrəliləyən dəqiqələrdə səma yavaş-yavaş ağarır və bu aydınlaşma getdikcə bütün ətrafa yayılırdı. Demək ki, dan yeri sökülürdü... Bir azdan Günəş şüaları ətrafdakı sərin mehi aparacaq, yeni bir səhər açılacaqdı... və həmin səhər bizim Culfa rayonunun Əbrəqunus kəndindən ən ucqar Boyəhməd kəndinə qədər yolçuluğumuz başlayacaqdı...
...Əbrəqunus kəndinə daxil olanda aradan xeyli vaxt keçmişdi. Bu müddətdə maşında bir qədər mürgü vurmuş, sonra qalxıb səhər çayını içmişdik. Hətta çəkdiyimiz kadrları “Nikon”un gözlüyündən sürətləndirilmiş rejimdə dəfələrlə izləyərək fikir mübadiləsi də aparmışdıq. İndi isə Əlincəçay boyunca yerləşən kəndlərdən keçərək rayonun ən ucqar kəndinə tərəf yola çıxırıq. Qeyd edim ki, coğrafi baxımdan rayon mərkəzinə yaxın məsafədə yerləşən bir neçə kənddən başqa, rayonun əsas kənd yaşayış məntəqələri bu yol üzərində yerləşir. Yəni rayon əhalisinin böyük əksəriyyəti bu istiqamətdə yaşayır. Məhz bu amil nəzərə alınaraq, ölkə başçısının 2011-ci ildə imzaladığı müvafiq sərəncamla Babək rayonunun Çeşməbasar kəndindən Culfa rayonunun Boyəhməd kəndinə qədər uzanan 57,6 kilometrlik avtomobil yolu yenidən qurulub. Culfa rayonunun 17 kəndində yaşayan sakinlər hazırda bu rahat və abad yoldan istifadə edirlər.
Əbrəqunus kəndində maşından enirik. Bir zamanlar rayon mərkəzi olan bu kənd Culfa rayonunun sosial, iqtisadi və mədəni inkişafında mühüm rola malik olub. Kəndin mərkəzində yerləşən yeni tikililər buraya əsl qəsəbə görkəmi bəxş edib. İlk rastlaşdığımız kənd sakini Vəli Məmmədovla tanış oluruq. Əbrəqunusun dünənindən, bu günündən söhbət salırıq. Deyir ki, bu kənd vaxtilə, daha doğrusu, 1925-30-cu illərdə 30 kəndi əhatə edən dairə mərkəzi, 1930-cu ildən sonra isə 19 il rayon mərkəzi olub. Həmin dövrdə burada müxtəlif idarə və təşkilatlar fəaliyyət göstərib. Elə bizim Fikrət müəllim də (əli ilə məktəbin qarşısında dayanmış birini göstərir) buradakı internat məktəbinin direktoru vəzifəsində çalışıb.
Burada internat məktəbi də fəaliyyət göstərib? – sualıma həmsöhbətim Fikrət müəllimin bu haqda daha məlumatlı olduğunu bildirir. Növbəti müsahibimlə söhbətləşmək üçün yeni tanışımla məktəbə tərəf addımlayırıq. Ömür-gününü təhsilə, məktəb həyatına bağlamış Fikrət Quliyev bizimlə səmimi görüşür, Əbrəqunusun keçmişi və bu günü haqqında maraqla danışır. Deyir ki, Əbrəqunus kəndi vaxtilə rayon mərkəzi olduğuna görə buradakı qurumların çoxu sonrakı illərdə də fəaliyyətlərini davam etdiriblər. Məsələn, 1959-2007-ci illərdə kənddə fəaliyyət göstərən internat məktəbində təkcə Culfa rayonundan deyil, muxtar respublikanın müxtəlif bölgələrindən uşaqlar oxuyub. Bundan əlavə, burada bir kənd xəstəxanası var idi. Kənddə yeni obyektlər tikildikdən sonra yeni həkim ambulatoriyası bu səhiyyə ocağını əvəz edib.
Hər iki müsahibimiz Əbrəqunusun müasir dövründən də maraqla danışırlar. Deyirlər ki, tarixin heç bir dövründə Əbrəqunus bu qədər gözəl, abad, gözoxşayan olmayıb. Müstəqil Azərbaycanın bizə bəxş etdiyi bu gözəlliyi nə sovet dövründə, nə də ondan əvvəlki dövrlərdə heç kim görməyib. Bir az söhbətləşdikdən sonra həmsöhbətlərimizin bizi təkidlə evə dəvət etmələrinə öz minnətdarlığımızı bildirib yolumuza davam edirik.
Yolboyu Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Qazançı, Milax kəndlərinin ərazilərindən keçirik. Bu kəndlərdə maşınımızı saxlayıb yolüstü qarşımıza çıxan sakinlərlə hal-əhval tutur, qısa da olsa, onlarla söhbət edirik. Bəzən yolüstü qonaq olduğumuzu söyləyirik. Bunu ona görə edirik ki, onlarla apardığımız söhbətlərdə obyektivlik daha ön planda olsun. Yanılmırıq, sonda ümumi nəticə bundan ibarət olur ki, görüşdüyümüz insanların hər biri bizə qonaqpərvərliklə yanaşır, necə kömək edə biləcəyini soruşur, eyni zamanda biz soruşmasaq belə, bir-iki dəqiqəlik söhbət əsnasında yaşadıqları kəndin müasir vəziyyətindən, abadlığından, yaradılmış səliqə-sahmandan ağızdolusu danışır, bu rahatlığı bəxş edənlərə minnətdarlıq etməyi də unutmurlar. Məsələn, Bənəniyar kəndində rastlaşdığımız Rahilə Əsgərova, Göydərə kəndində söhbətləşdiyimiz, təxminən, 60 yaşlarında olan Fərəc Qasımov, Milax kəndində görüşdüyümüz Hatəm Zeynalov, Rizvan Hüseynov və başqaları son illərdə Əlincəçay boyunca yerləşən kəndlərdə aparılan quruculuq və abadlıq tədbirlərindən minnətdarlıqla danışırlar. Hatəm Zeynalovla Milax kəndinin girəcəyindəki əkin sahəsinin yaxınlığında rastlaşmışdıq. Qardaşı ilə bərabər onlara məxsus pay torpağında çalışırdılar. Əllə istifadə etdikləri dizel mühərrikli torpaq şumlama texnikasını dövlət dəstəyi ilə əldə etdiyini deyən Rizvan bildirdi ki, indiki dövrdə kim öz işindən, qazancından, gündəlik həyatından narazıdırsa, günah onun özündədir. Zəhmətə qatlaşmadan uğur əldə etmək istəyənlər, təbii ki, günahı başqasında axtararlar. Hazırladıqları sahədə ayın sonuna yaxın satış üçün pomidor əkəcəklərini bildirən qardaşlar zəhmətsevərliyi, torpağa bağlılıqları ilə bizdə də pozitiv əhval-ruhiyyə yaratdılar.
Yuxarıda adını çəkdiyim 60 yaşlı Rizvan Hüseynov isə kənddə misgər kimi tanınır. Bu peşənin sirlərinə gənc yaşlarında Bakıdakı bədii sənətkarlıq məktəbində yiyələnsə də, uzun müddət peşəsindən ayrı düşüb, daha doğrusu, misgərlik ona ailəsini dolandırmağa imkan verməyib. Son illərdə isə xalq yaradıcılığına göstərilən diqqət onun yenidən bu peşəyə qayıtmasına imkan verib. Hətta əlaqədar qurumlar qısa müddətdə onu axtarıb tapıblar. Hazırda düzəltdiyi misgərlik nümunələrindən bir qismi Naxçıvan şəhərindəki aidiyyəti mağazalarda satışa qoyulub. Sadə, öz peşəsinin vurğunu olan bu insan həyata nikbin baxışlarla baxır, muxtar respublikada turizmin inkişafının misgərlik peşəsinin də yaşadılmasına töhfə verəcəyinə inanır. Biz isə ona sevimli sənətində uğurlar arzulayıb yolumuza davam edirik...
...Rahat yolları, təbii yaşıllıqları, müasir tikililəri ilə gözoxşayan Ərəfsə və Ləkətağ kəndlərindən keçib Qarlı dərənin ətəyində özünə məskən salmış Boyəhməd kəndinə tərəf hərəkət edirik. Üzüyuxarı qalxdıqca, digər dağ kəndlərinə məxsus relyef imkanları bu kəndin də əkin sahələri baxımından bəxtinin yetərincə gətirmədiyini göstərir. Yəni kənd sakinləri dəmyə sahələr istisna olmaqla, yalnız özlərinə məxsus həyətyanı sahələrlə kifayətlənmək məcburiyyətindədirlər. Ancaq bu, o demək deyil ki, kəndin digər təsərrüfat imkanları yoxdur. Bir azdan kənd sakinləri ilə etdiyimiz söhbətdən məlum olacaq ki, Boyəhməddə heyvandarlıq, arıçılıq, meyvəçilik əsas inkişaf etdirilən sahələrdəndir.
...Ləkətağ kəndindən, təxminən, 3 kilometrdən bir az artıq məsafədə yerləşən Boyəhməd kəndinə çatanda günortadan xeyli keçmişdi. Xidmət mərkəzinin qarşısında ilk rastlaşdığımız kənd sakini, Boyəhməd məktəbinin müəllimi Nizami Yaqubov olur. Müxbir olduğumuzu öyrənən Nizami müəllim bizi yaxınlıqda söhbət edən kənd ağsaqqalları Əmralı Novruzov və Nəsrəddin Quliyevlə tanış edir. Qismətə bax, – deyir Nizami müəllim: “elə bir az bundan əvvəl evə getmək istəyirdilər mənim bu həmsöhbətlərim, ancaq söhbətimiz şirin oldu, bir az gecikdik. Demək, müxbir qonağımız olacaqmış”. Hər üçü gülümsünür. Kiçik bir tanışlıqdan sonra söhbətimiz bu ucqar dağ kəndinin keçmişi və bu günü üzərində köklənir. Yaşı 90-ı haqlayan Əmralı kişi deyir ki, oğul, bu kənd bir zamanlar hər kəsin gözündən uzaq bir kənd olub. Təsəvvür edin ki, kəndimizdə adicə orta məktəbi oxuyub bitirmək belə, çətin idi.
Necə yəni, burada məktəb olmayıb? – deyə soruşuruq.
Nizami müəllim söhbətə qoşularaq deyir ki, kənddə ilk məktəb 1920-ci ildə açılıb və təxminən, 1974-cü ilə qədər 4 illik, 1992-ci ilə qədər isə 8 illik məktəb kimi fəaliyyət göstərib. Sovet dövründə fəaliyyət göstərən bu məktəbdə cəmi iki sinif otağı olub. Sinif otaqları çatışmadığından razılıq əsasında yaxınlıqdakı evlərdən bir neçəsindən məktəb kimi istifadə edilib. Burada oxuyan uşaqlar sonra Ləkətağ və Ərəfsədəki məktəblərdə orta təhsillərini başa vurardılar. Qız uşaqları isə digər kənd məktəblərinə getməzdilər. Onlar üçün buradakı sinif otaqları aldıqları biliklərin ilk və son ünvanı olardı. Əmralı dayı bildirir ki, bu kəndin yolları da bərbad vəziyyətdə idi. Adi bir iş üçün aşağıdakı Ləkətağ və Ərəfsə kəndlərinə gedib-qayıtmaq, xüsusilə qış fəsillərində əməlli-başlı problemə çevrilirdi. Ancaq buna baxmayaraq, bu kəndin insanları zəhmətkeş, böyüyə-kiçiyə hörmət edən, yurduna bağlı insanlar olublar. Nəsrəddin kişi söhbətə qoşularaq deyir ki, son 20 ildə bu kənddə heç bir zaman öz həllini tapmayan problemlər həll olunub. Kənd qazlaşdırılıb, elektrik xətləri yenilənib, kəndin yuxarı hissəsində yerləşən Qarlı dərədən bura su xətti çəkilib. Suyun paylanılması üçün kəndin yuxarı hissəsində böyükhəcmli su çəni qoyulub. Ləkətağ kəndi ilə eyni inzibati ərazi dairəsində birləşsək də, Ləkətağda olduğu kimi, burada da kompleks quruculuq işləri aparılıb. Kənd mərkəzində dövlət işində çalışanlar üçün rahat iş şəraiti yaradılıb. Kənddə yeni mağaza, bərbərxana fəaliyyətə başlayıb. Nizami Yaqubov deyir ki, 2012-ci ildə kənddə istifadəyə verilən obyektlər içərisində məktəb binası da olub: Nə deyim? İndi Boyəhməd məktəbindəki şərait şəhər məktəblərindən fərqlənmir. Artıq boyəhmədli şagirdlər kilometrlərlə yolu qət edib başqa məktəblərə getmirlər.
Onlarla söhbətimiz çox çəkir. Kənddən axan Böyükçayın içməli suyundan, Dəvəyatağı, Qaranlıqdərə, Qırxlar piri, Qız-gəlin çuxuru, Gədik dağlarının yamaclarında əkilən meyvə ağaclarından, buz kimi suyu olan Qoşa çeşmədən, Soyuqbulaqdan və daha nələrdən danışmırıq. Bir sözlə, rayon mərkəzindən 64 kilometr uzaqlıqda yerləşən bu kəndin elə, təxminən, 64 il ərzində həll edilməyən problemlərindən tutmuş müasir dövrdə keçən hər gününə nəzər salırıq. Artıq gəldiyimiz yolu geriyə qayıtmaq zamanı çatmışdı. Ətrafımıza toplaşmış digər kənd sakinləri ilə də sağollaşıb yola düşürük...
Naxçıvan şəhərinə çatanda qaş qaralmaq üzrə idi. Bütün günü bizə yol şahidliyi etmiş Günəş artıq son şəfəqlərini qədim diyarın üstündən çəkməyə hazırlaşırdı. Bir azdan göy üzü qaralsa da, Naxçıvanın sayrışan işıqları ətrafı yenidən aydınladacaqdı... Saatlar keçəcək, sabah Günəş yenidən Haçadağın arxasından doğaraq ətrafı nura boyayacaqdır. Boyayacaqdır ki, insan oğlunun yaratdığı gözəllikləri hər kəsə bir daha göstərə bilsin...
Səbuhi Həsənov