Bəs onlara necə qulluq edirik?
Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən biri də şəhər və kəndlərimizdəki park və xiyabanlarda, magistral yol kənarlarında yaşıllıqların salınması, gülkarlıq və istirahət guşələrinin yaradılmasıdır. Naxçıvanlılar yaşayıb-işlədiyi hər yerin ətrafını gözəl görməyə çalışır, abadlığa ciddi fikir verirlər. Bəlkə buna görədir ki, Naxçıvanın bütün şəhər və kəndlərində ictimai təşəbbüslərlə salınan və qayğı ilə qulluq edilən gülkarlıqları görən sadə vətəndaşlar da yaşadıqları evlərin ətrafında gözoxşayan yaşıllıq və gülkarlıqlar salmağa başlayıblar.
Yaşıllıq sahələrinin genişləndirilməsi muxtar respublikamızın son iyirmi bir ildə əldə etdiyi ən mühüm uğurlardandır. Bu sahədə əldə olunan nəticələr fərəhdoğurucudur. Təkcə bir faktı nəzərə çatdıraq ki, 1995-ci ildə Naxçıvanda ərazinin cəmi 0,6 faizi yaşıllıq idisə, hazırda bu rəqəm 12 faizi ötüb. Amma heç rəqəmə ehtiyac olmadan bugünkü ortayaşlı naxçıvanlı öz gözü ilə şahiddir ki, o dövrdə, yəni ötən əsrin 90-cı illərinin əvvəllərində indiki gözoxşayan park və xiyabanların yerində nə var idi... Harda gəldi qoyulmuş qaydasız köşklər, plansız tikilmiş dükanlar, sökülüb-dağılmış bardürlər və sair. Jurnalist həmkarlarım yaxşı xatırlayırlar, 1990-cı illərin ortalarında Bakıdan Naxçıvana gəlmiş çəkiliş qrupunu ilin bu may ayında çiçəklik çəkə bilmələri üçün təkcə Möminə xatın türbəsi ətrafından başqa göstərəcək bir yer yox imiş. Bu gün Naxçıvana gəlmiş qonaqlar şəhərimizi dünyanın ən təmiz şəhəri adlandırır və sözün əsl mənasında, gül bağçasına bənzədirlər. Bunu həmin qonaqların öz vətənlərinə geri qayıtdıqda yazdıqları təəssüratlardan oxuyuruq. Xüsusən şəhərimizin giriş yollarından mərkəzə doğru irəlilədikcə yaradılmış yaşıllıq və gülkarlıqlar hamının gözünü oxşayır. Və hamımız yaxşı bilirik ki, bir zamanlar yanacaq çatışmazlığından qırılıb məhv edilmiş meyvə ağaclarının yerində salınmış yaşıllıq zolaqları, meyvə bağları, gülkarlıqlar Naxçıvanın sərt və quru iqlimi şəraitində yalnız işə doğma münasibətin nəticəsində hasilə gəlib.
Yaşıllıqlar uşaq kimidir. Doğrudan da, rəngarəng hüsnündən zövq alıb istirahət etdiyimiz yaşıllıqlara uşaq kimi nəvaziş göstərməsək, onlar da saralıb-solacaq və sonda məhv olacaq. İndi hər yerdə həvəslə qulluq edilən gülkarlıqlarla yanaşı, şəhərimizin bəzi yerlərində, həm də hamının gözünün qabağında gül əkilmiş baxımsız yerləri görəndə bu qənaətə gəlməmək olmur. Misal üçün, şəhərin tam mərkəzində, Dədə Qorqud meydanında baxımsızlıqdan boynubükük qalmış gül kollarını digərləri ilə necə müqayisə edəsən? Və yaxud Naxçıvan Dövlət Universitetinə gedən yolboyu geniş bir ərazidə ətrafını ot basmış tək-tük gül kollarının yaratdığı mənzərə, görəsən, tez-tez bu təhsil ocağına gələn əcnəbi qonaqlarda hansı təəssürat yaradır? Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının girəcəyindəki gülkarlığın mənzərəsi onunla qonşu olan Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Uşaq-gənclər idman məktəbinin həyətində yaradılmış gülkarlığın xoş görüntüsündən çox uzaqdır. Şəhərdə qısa bir gəzinti aparsaq, eyni fikirlər Dövlət Gömrük Komitəsinin həyətindəki gülkarlıqla onun qonşuluğundakı Üzgüçülük Mərkəzinin həyətindəki gülkarlıqlara baxanda da yaranır. Buna bənzər mənzərələrə Naxçıvan şəhərinin mərkəzindən bir az kənarlarda da rast gəlmək olar. Muxtar respublikamıza hər gün yüzlərlə turist gəlir. Onların gördükləri belə mənzərələr Naxçıvanımızın gözəl hüsnünə yaraşmır. Onda belə bir sual ortaya çıxır: səliqə-sahmandan çox uzaq olan bu mənzərələrin yaranmasına səbəb olan müvafiq qurumlarda çatışmayan nədir görəsən? Qoy bu sualın cavabını özləri axtarsınlar.
Əli Cabbarov