23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə insanların səyahət etmək imkanlarının genişlənməsi öz avtomobili ilə xaricə səfər edənlərin sayında artıma səbəb olmuşdur. Bu səfərlər zamanı hər bir insanı daha çox düşündürən şərtlərdən biri də səyahətin təhlükəsiz və rahat olmasıdır. Bu baxımdan fərdi avtomobili ilə xarici ölkələrə səyahətə çıxanlara təklif olunan Yaşıl Kart sığorta şəhadətnaməsi mühüm yeniliklərdən biri kimi ölkəmizdə və muxtar respublikamızda da tətbiq olunur.
Hazırda, əsasən, Avropa ölkələrində geniş tətbiq olunan Yaşıl Kart sistemi buna qoşulmuş bütün ölkələrdə tanınan vahid mülki məsuliyyət sığortası növüdür. Bəri başdan qeyd edək ki, səyahətçilərin avtomobillərlə bir ölkədən başqa bir ölkəyə səfəri zamanı tətbiq olunan bu yeni sığorta növü bir çox cəhətlərinə görə sürücülər üçün çox faydalıdır. Belə ki, ölkə ərazisində hərəkət zamanı tələb olunan standart mülki məsuliyyət sığortasından fərqli olaraq müəyyən müddətə belə sığorta şəhadətnaməsini alan avtonəqliyyat vasitəsi sahibləri xarici ölkələrə hər gedişi üçün yeni müqavilələr bağlamaqdan azad olurlar. Başqa sözlə, Yaşıl Kart bu sistemə qoşulmuş ölkələrin ərazisində tanınan bir mülki məsuliyyət sığortası şəhadətnaməsi kimi hər bir sığortalıya rahat səyahət zəmanəti verir.

Yaşıl Kart sistemi ilə əldə olunan beynəlxalq sığorta şəhadətnaməsinin möhkəm hüquqi bazası vardır. Belə ki, hazırda “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan 48 ölkənin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər bütün dövlətlərin ərazisində etibarlı sayılır. 1 yanvar 1953-cü il tarixdən tətbiq olunmağa başlanılmış bu sığorta sistemi Azərbaycan Respublikasında cari ilin əvvəlindən tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa 2014-cü il 25 dekabr tarixdə edilmiş dəyişikliklərə əsasən, Azərbaycanın Yaşıl Kart sisteminə qoşulması ilə bağlı Qanuna yeni müddəalar əlavə edilmişdir. Qanuna görə, Azərbaycan vətəndaşları xaricə səfərə çıxarkən ölkəmizdəki sığorta agentliyi ilə bağladıqları Yaşıl Kart sığortası zəmanəti ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzi hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilir.
Bəs hər bir yenilik kimi bu yeni sığorta növü də Azərbaycan vətəndaşlarına nə kimi üstünlüklər vəd edir? İlk olaraq onu qeyd edək ki, hər gün çox sayda azərbaycanlı turist və işgüzar adamlar müxtəlif məqsədlərlə öz avtomobili ilə xarici ölkə­lərə səyahət edir. Əgər nəzərə alsaq ki, Azərbaycanla qonşu ölkələr Rusiya, Türkiyə və İranda da bu sığorta sistemi tətbiq olunur, onda ölkə­mizdən çıxmadan gördüyümüz hazırlıq işləri zamanı Yaşıl Kart sığorta müqaviləsini də bağlayıb rahat səyahətə başlaya bilərik. Yaşıl Kart sığortasının ikinci bir rahatlığı ondan ibarətdir ki, sürücülər və onlarla bərabər olan digər sərnişinlər sərhəd-keçid məntəqələrində günün müəyyən saatlarında çox zaman müşahidə olunan sıxlıqla əlaqədar əlavə vaxt itirməkdən də azad olurlar. Digər bir mühüm üstünlük isə səyahət edərkən bəzən bir deyil, iki və daha çox ölkə­nin ərazisinə daxil olduqda bu sığorta müqaviləsini bağlamış olan sürücülər daha az sığortahaqqı xərcləri çəkirlər. Misal üçün, bu gün daha çox istifadə olunan fərdi avtonəqliyyat vasitələrindən mühərrikinin iş həcmi 1501 sm3-2000 sm3 olan avtomobillərlə bir aylığa xaricə səyahət edən sürücü müvafiq tarifə görə cəmi 17 manat ödəməklə əldə etdiyi Yaşıl Kart sığorta şəhadətnaməsi ilə bütün səyahət boyu öz mülki məsuliyyətini sığortalamış olur. Qeyd etmək lazımdır ki, mövcud qanunla vətəndaşların xaricə səyahət müddətinə və intensivliyinə görə 1, 3, 6 və 12 ayadək müddətdə sərfəli sığorta müqavilələri bağlamaq mümkündür.
Ölkəmiz inkişaf edir və sığorta sistemində də beynəlxalq inteqrasiya müasir dövrün aktual məsələlərindən biridir. Yaşıl Kart sığorta sisteminin ölkəmizdə və muxtar respublikamızda tətbiqi də artıq iqtisadi gücümüzün və Azərbaycan vətəndaşlarının yüksələn rifahının doğurduğu bir tələbatdır.

Hafiz HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR