Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunmuş Ağbulaq İstirahət Mərkəzinə həftəsonu gəzintiləri davam edir. Mərkəzin budəfəki qonaqları muxtar respublikanın ümumtəhsil müəssisələrində təhsil alan aztəminatlı ailələrin uşaqları olublar.
Səhər saat 900-da Naxçıvan şəhərindən bu istiqamətə yola çıxan avtobusda 45 şagird və bir neçə müəllimlə yanaşı biz də var idik. Uşaqlar bir-birlərinə getdikləri yer haqqında suallar verirlər: “Yol uzaqdırmı?”, “Gec çatarıq?”, “Ora soyuqdurmu?” və sair kimi suallardan aydın olur ki, onların çoxu Ağbulaqda olmayıb. Üzlərindəki ifadədə maraq qarışıq həyəcan sezilir – üz tutduqları məkana tez çatıb oranın necə bir yer olduğunu görmək həyəcanı... Bunu bütün şagirdlərdə hiss etsəm də, yanımda əyləşən, həyəcanı susqunluğuna hopmuş Yavərin durğunluğu mənə maraqlı gəlir. O, avtobusda olan digər uşaqlar kimi yoldaşları ilə söhbət etmir. Kəngərli rayonundan olan 8-ci sinif şagirdi Yavər Əliyev bildirir ki, o, Ağbulağa ilk dəfədir, gedir. Getdiyi yer haqqında heç bir məlumatı olmayan Yavərin heç nə soruşmamasının səbəbi hər şeyi öz gözləri ilə görmək istəyindən irəli gəlir. Deyir ki, qabaqcadan hər şeyi soruşsan onda gəzintinin nə marağı qalar ki?
50 dəqiqəlik yolu qət etdikdən sonra Ağbulaq İstirahət Mərkəzinə çatırıq. Məktəblilər hər cür şəraitə malik, geniş, rahat və işıqlı otaqlarda yerləşdirilir. Əşyalarını yerbəyer edib, mərkəzlə tanış olub, nahar yeməklərini yedikdən sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov tərəfindən onlara rəsm üzrə ustad dərsi keçilir. Budur, uşaqlar Həmzə müəllimin başına toplaşıb onun kətan üzərində yağlı boya ilə çəkdiyi mənzərə janrında olan əsərə diqqətlə nəzər yetirirlər. Həmzə Sadiqov dərs müddətində şagirdlərə rəssamlar və rəsm əsərləri haqqında müxtəlif suallar verir, rəssamlığın bəzi janrları haqqında onları məlumatlandırır. Dərsin sonunda uşaqlardan birinin dərs haqqında təəssüratlarını öyrənmək istəyirəm. Bu məqsədlə bir şagirdə yaxınlaşıram. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əli Əsədov incəsənətin bəzi növləri ilə maraqlandığını, rəsm çəkməyi çox sevdiyini və bu baxımdan da keçilən ustad dərsin ona xeyli köməklik edəcəyini deyir.
Rəssamlıq üzrə ustad dərsindən sonra uşaqlar idman müəlliminin nəzarəti altında bir sıra maraqlı oyunlara qatılırlar. Daha sonra isə onlar üçün Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən “Meşə macəraları” adlı tamaşa göstərilir.
Stolüstü oyunlar oynadıqdan sonra yeməkxanada şam yeməyinə dəvət olunan şagirdlər yeməklərin dadından və çeşidindən, göstərilən xidmətlərdən razı qaldıqlarını bildirirlər.
Axşam vətənpərvərlik mövzusunda “Nuhun yurdu” adlı sənədli film nümayiş olunur. Film bitdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himnini oxuyan uşaqlar yatmaq üçün otaqlara yollanırlar.
İstirahətlərinin ilk gününü başa vuran şagirdlərdən Ağbulaq barədə təəssüratlarını öyrənmək üçün Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə oxuyan Aysu Hətəmovaya yaxınlaşıram. O, vətənpərvərlik mövzusunda izlədiyi filmi xüsusilə bəyəndiyini bildirir, bu filmin sivilizasiyanın beşiyi olan Naxçıvanımızın mədəniyyətini, tarixini özündə əks etdirdiyi üçün öyrətmə məqsədli əhəmiyyətindən danışır.
İstirahətin ikinci günündə uşaqlar saat 800-da yuxudan oyanırlar və meydana toplaşırlar. Burada idman müəlliminin iştirak etdiyi səhər gimnastikası ilə məşğul olan uşaqları dadlı-tamlı səhər yeməyi gözləyirdi. Bundan sonra isə uşaqlardan ibarət “Ağbulaq” və “Batabat” komandaları “Nuh yurdu” intellektual oyununda biliklərini sınadı. Oyunun qalibi olan “Ağbulaq” komandası mükafatlandırıldı.
Mərkəzə dəvət olunmuş Aşıq Aydın tərəfindən ifa edilən saz havaları uşaqların yarış sonrası yorğunluğunu tamamilə unutdurur. Onlar sazın müşayiəti ilə rəqs edir, əylənirlər. Kiçik konsertdən yüksək əhval-ruhiyyə ilə ayrılan uşaqlardan biri – Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Mehriban Mahmudovanın dediklərindən aydın olur ki, səsləndirilən havalar onların zövqünü oxşayıb.
Günün ikinci yarısında onlar rəssamlıq üzrə ikinci ustad dərsində iştirak edirlər.
Saatın irəliləyən əqrəbləri uşaqların evə qayıtma vaxtlarını da yaxınlaşdırır. “Uşaqlarla söhbət etməyin tam vaxtıdır”, – deyib kənarda söhbətləşən bir qrup şagirdə yaxınlaşıram. Onlardan İlham Cəfərov burada digər həftəsonlarından çox fərqli bir həftəsonu keçirdiyini, buranın ona yeni dostlar qazandırdığını bildirir.
Digər bir şagird Nemət Yusifli isə burada keçirdiyi 2 günün onun üçün yaddaşından əsla çıxmayacaq qədər dəyərli günlər olduğunu deyir.
İdman oyunlarından sonra yola çıxmağa hazırlaşmaq üçün otaqlarına yollanan uşaqların susqunluqlarından sanki deyə bilmədikləri “mən getmək istəmirəm” cümləsini eşidirəm.
1700-da artıq şəhərə çatan şagirdlərin bir qismini valideynlər, bir qismini isə məsul qurumların nümayəndələri qarşılayır. Şagirdləri qarşılayan valideynlərdən biri – Culfa şəhər sakini İlham Məmmədov əmindir ki, övladı Ağbulaqda keçirdiyi günləri uzun müddət yaddan çıxarmayacaq, əlaçı şagird olmağa səy göstərib yenidən həmin ünvana getməyə çalışacaqdır. Valideynlər uşaqlar üçün bu layihəni təşkil edənlərə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, şagirdlərin Ağbulağa budəfəki səfəri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunmuşdu.
Fatma Babayeva