23 Dekabr 2024, Bazar ertəsi

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib.

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin edilməsi ailələrin həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradıb. Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial problemlərinin həlli, müharibə əlili və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müvafiq kateqoriyalı məhdud fiziki imkanlı şəxslərin minik avtomobilləri ilə təmin edilməsi, habelə ailənin əmək qabiliyyətli hər bir üzvünün məşğulluq imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bu günədək 204 əlil və şəhid ailəsi mənzillərlə, respublikamızın ərazi bütövlüyü uğrunda mübarizədə, 1941-1945-ci illər müharibəsində, Çernobıl qəzasının ləğvində iştirak edərək sağlamlıq imkanları məhdudlaşan 454 nəfər minik avtomobili ilə təmin olunub. Bununla yanaşı, Milli qəhrəmanlara və şəhid ailələrinə Prezident təqaüdü, müxtəlif meyarlar üzrə, o cümlədən ailə başçısını itirənlərə, beşdən çox uşağı olan qadınlara, həmçinin digər kateqoriyadan olan şəxslərə sosial müavinət, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı ödənilir. Ahıl ailələrin sosial hüquqlarının təmin olunması, onların sağlamlıqlarının qorunması istiqamətində də bir sıra tədbirlər görülür. Hər il uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur.
“Ailə dəyərləri hər zaman xalqımızın milli düşüncəsində ən yüksək yer tutub. Buna görə də uzaq keçmişdən ölkəmizdə ailənin qurulmasına mühüm hadisə kimi yanaşılıb, onun təməlinin möhkəm olmasına çalışılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ailə dəyərlərinin də daxil olduğu milli dəyərlərimizin qorunub-yaşadılması diqqət mərkəzində saxlanılıb. Müstəqilliyimizin bərpasından sonra isə ölkəmizdə ailə problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası yaradılıb”.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında səsləndirib.
Qeyd olunub ki, 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapıb. Bundan əlavə, ölkəmizdə ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan bir sıra qanunlar qəbul edilib. Bir sözlə, müasirləşən ailə institutunun təməllərinin möhkəmliyi təmin olunub, onun nüfuzunun artmasına nail olmaq üçün ciddi addımlar atılıb.
Bildirilib ki, müstəqilliyimizi əldə etdiyimiz son 25 ildə muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutunun qorunması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdəndir. Hazırda muxtar respublikada 94 min 558 ailə yaşayır. Bunlardan 2702-si aztəminatlı, 1401-i qaçqın və məcburi köçkün, 244-ü isə şəhid ailəsidir. Bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Onların sosial rifahının yaxşılaşdırılması üçün yeni iş yerləri açılır, müavinətlər, ünvanlı dövlət sosial yardımı təyin edilir.
Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin ana xəttini təşkil edir. Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanlarının nümayəndələri son illər muxtar respublikada yaşayan 200-dən artıq aztəminatlı ailəyə baş çəkib, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülüb, ailə üzvlərinə tibbi xidmət göstərilib.
Vurğulanıb ki, ailə sağlam olmazsa, cəmiyyətin sağlam olmasından danışmaq mümkün deyil. Bunun üçün isə xalqımızın ailə dəyərlərinin yaşadılması, həmçinin milli dəyərlərin gənc nəsillərə aşılanması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması vacibdir. Ona görə də mütəmadi olaraq muxtar respublikanın kənd mərkəzlərində müvafiq mövzularda konfranslar, seminarlar, müsabiqələr və festivallar keçirilir, uzunömürlü ailələrin nümayəndələri ilə yeniyetmə və gənclərin görüşü təşkil edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edib. Qeyd olunub ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ailə dəyərlərini xalqımızın ən böyük sərvəti hesab edən ulu öndərimiz bu dəyərlərin qorunmasını daim diqqətdə saxlayırdı. Ümummilli liderin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət ailə siyasəti uğurla davam etdirilir. Ölkəmizdə ailələrə xüsusi diqqət göstərilir, ailələrdəki uşaqların sağlam böyüməsi, kamil tərbiyə və təhsil alması üçün lazımi şərait yaradılır. Pensiya və əməkhaqlarının artırılması, eləcə də digər sosial tədbirlərin ardıcıl və sistemli həyata keçirilməsi Azərbaycan ailələrinin maddi təminatını yaxşılaşdırıb.
“Muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu sahədə mühüm işlər görülür, aparılan sosial siyasət ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün Naxçıvan Muxtar Respublikasında 94 mindən çox ailə yaşayır. Bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar”, – deyən Rəhman Məmmədov bildirib ki, muxtar respublikada yaşayan aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir.
Bildirilib ki, gənc ailələrin ipoteka yolu ilə mənzillə təmin olunması üçün də əlverişli şərait yaradılıb. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir. Hər il muxtar respublikamızda istifadəyə verilən onlarla təhsil, səhiyyə və mədəniyyət müəssisələri ailələrə nümunəvi tibbi xidmətin göstərilməsinə, gənclərin savadlı və dünyagörüşlü yetişməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir.
Əhalinin məşğulluğunun artırılması da diqqətdə saxlanılıb, ötən müddət ərzində bu istiqamətdə ardıcıl tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ailələrin sosial rifahının yaxşılaşdırılmasında, işaxtaranların məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə həyata keçirilən tədbirlər də ailələrə dəstək istiqamətində dövlət tərəfindən görülən işlər sırasındadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” əqli və fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq uşaqların cəmiyyətə inteqrasiyası, müasir tələblər səviyyəsində təhsil alması baxımından mühüm əhəmiyyət kəsb edir.
Rəhman Məmmədov Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edib, onlara uzun ömür və xoşbəxtlik arzulayıb.
Tədbirdə uzunömürlü, gənc və Azərbaycan Vətən Müharibəsi əlili ailələrin üzvləri çıxış edərək muxtar respublikada ailələrin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Beynəlxalq Ailə Günü münasibətilə ailələrə hədiyyələr təqdim olunub.
Sonra Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda III muxtar respublika yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrin üzvlərinin və Naxçıvan şəhərindəki 12 nömrəli uşaq bağçası fidanlarının ifa və çıxışları alqışlarla qarşılanıb.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR