Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Ailə dəyərləri Azərbaycanda həmişə uca tutulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə milli dəyərlərimizin qorunub yaşadılmasına, o cümlədən ailə dəyərlərinə diqqət artırılmışdır. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra dövlət-ailə-cəmiyyət məsələlərinə diqqət daha da artırılmış, mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, bu sahədə hüquqi baza yaradılmış, 1999-cu ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsi qəbul edilmişdir.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl sosial islahatlar həyata keçirilir, ailələrin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, uşaq və yeniyetmələrin sağlam nəsil kimi formalaşdırılması qayğısına qalınır. Ailə dəyərlərinə həmişə böyük həssaslıqla yanaşan dövlət başçısı demişdir: “Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Naxçıvan Muxtar Respublikasında da ailə siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutunun qorunması istiqamətində atılan mühüm addımlardandır. Hazırda muxtar respublikada 94 min 558 ailə yaşayır. Muxtar respublikada ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Ümumilikdə, son illər muxtar respublikada müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara 200-ə yaxın fərdi ev və mənzil verilmiş, gənc ailələr güzəştli şərtlərlə mənzil sahibi olmuşdur.
Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür, ailə üzvlərinə tibbi xidmət göstərilir, onların zəruri ehtiyacları ödənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə daha geniş tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Ailə sağlam cəmiyyətin bünövrəsidir. Sağlam cəmiyyətin formalaşdırılması üçün isə ailə dəyərlərinin yaşadılması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması vacib şərtdir. Buna görə də muxtar respublikanın şəhər, rayon və kəndlərində müvafiq mövzularda konfranslar, seminarlar, yazı və rəsm müsabiqələri təşkil olunur, kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsi ilə bağlı çıxışlar edilir. Bu sahədə həyata keçirilən maarifləndirici tədbirlərin nəticəsidir ki, muxtar respublikada boşanma halları xeyli azalmışdır.
Müasir Azərbaycan ailəsinin qarşılıqlı hörmət, məhəbbət və sağlam təməllər üzərində qurulmasının əsas səbəblərindən biri də tarixin süzgəcindən keçmiş ailə dəyərlərinin yaşadılması və nəsildən-nəslə ötürülməsidir. Naxçıvan Muxtar Respublikasında ailəsini ömrünün sonuna qədər qoruyub saxlayan uzunömürlü xoşbəxt ailələrin yubileylərinin qeyd edilməsi artıq bir ənənəyə çevrilmişdir. Hər il uzunömürlü ailələrlə görüşlər keçirilir, onların həyat tərzi gənc ailələrə nümunə kimi təbliğ edilir.
Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Buna görə də uşaqların böyüyə hörmət, milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunması ailələrin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Muxtar respublikada milli dəyərlərimizin əsas daşıyıcısı olan ailə dəyərlərinin qorunub yaşadılması, ailələrin bütövlüyünün möhkəmləndirilməsi istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti