Naxçıvanda papaqçılıq sənəti yüz illər boyu xalqın tarixi, məişəti və mədəniyyət səviyyəsi ilə sıx əlaqədə inkişaf edib. Bu torpaqlarda yaşayan əcdadlarımızın əsas baş geyimi sayılan papaq qədimdən cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunub. Milli baş geyimlərinin forması həm də onun daşıyıcısının cəmiyyətin hansı təbəqəsinə mənsub olduğunu göstərib. Xeyir-şər məclislərində, elə küçə və meydanlarda da baş geyimi olmadan görünmək qəbuledilməz hal sayılıb. Bu baş geyimindən istifadə Naxçıvanda kütləviliyini XX əsrin əvvəllərinədək qoruyub saxlaya bilib.
Naxçıvanda papaqlar qoyun xəzi və ya qaragül dərisindən hazırlanıb. Növlərinə görə də fərqləndirilən papaqlar arasında ən çox populyar olan motal papağını, əsas etibarilə, yoxsul təbəqə, çoban papağını isə belə peşə sahibləri qoyub. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqə isə buxara papaq geyinib. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində hazırlayıblar. Papaq ənənəsi milli geyim tarixində dərin izlərlə kök salıb. Bu gün milli geyim atributlarının bir nümunəsi olan papaqlar tariximizin də müəyyən mərhələsinin əksidir. Onları nəinki qoruyub saxlamaq, papaqçılıq ənənəsini incəsənətin bir qolu kimi inkişaf etdirmək, yaşadılmasına dəstək olmaq vacibdir.
İndi Naxçıvanda bu sənəti yaşadan çox az usta var
Naxçıvan şəhərinin Xətai küçəsində 25 ildir ki, papaqçılıqla məşğul olan İsmayıl Babayev də barmaqla sayılan ustalardan biridir. Bu sənət ona babası Məşədi Cəfərdən miras qalıb. Rəhmətlik bu sənətə 1922-ci ildən başlayıb, 1945-ci ilə qədər davam edib. Bundan sonra isə papaqçılıq sənətini atası Məhəmməd yaşadıb. 1988-ci ildən isə İsmayıl usta ata-baba sənəti ilə məşğul olur. Hər hansı bir sənətin önəmini, ilk olaraq, o işi görən anlamalı, bu sənətə hörmət etməli, dəyər verməlidir, – deyirlər. İsmayıl usta da sənətinə dəyər verən, bu sənətdən qazandığı halal çörəyə hörmətlə yanaşan insanlardandır. Bu, onunla söhbətimizin hər bir kəlməsində sezilirdi:
– 25 ildir ki, papaq tikirəm. Pis-yaxşı tikdiyimi müştərilərimdən soruşa bilərsiniz. Dədə-babadan görüb eşitmişəm ki, bu geyim növünə böyük hörmət, diqqət olub. Başqalarını deyə bilmərəm, Naxçıvan camaatına papaq yaraşır, həm də çox yaraşır. Naxçıvanda papaq ən çox yerli əhali, bəzən də xaricilər tərəfindən alınır. Papağı bizdə gənclər deyil, yaşlı insanlar alırlar, ancaq keçmişdə olduğu kimi həvəs yoxdur.
“Qaragül” papağının dəyərinin sirri...
Qaragül dərisindən hazırlanmış papaqlar digərlərinə nisbətən daha bahalıdır. İsmayıl usta deyir ki, qaragül papaqlarının hazırlanma texnologiyası digərlərininkindən fərqlidir. Bu papaqları hazırlamaq o qədər də sərfəli deyil. Əvvəla, üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, quzunun dərisinin üzərindəki düyünlər açılar. Onda isə həmin dəridən qaragül papağı tikmək mümkün olmaz. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır. İkincisi, həmin növ qoyunları respublikamızda artırmaq mümkün olmayıb. Bu istiqamətdə cəhdlər göstərilib, lakin yerli şəraitə uyğunlaşmadıqları üçün qaragül heyvandarlıq təsərrüfatını yaratmaq və inkişaf etdirmək müşkülə çevrilib. Orta Asiyadan heyvan gətirib, üçündən bir papaq hazırlamaq isə papaqçılara sərf etmir. Ona görə də həmin papaqların sırası seyrəlməkdədir.
Bu sənətə yiyələnməyimlə qürur duyuram
İsmayıl usta deyir ki, papaqçı olmaq üçün bu sənətin sirlərinə dərindən yiyələnmək, bu sənəti, sözün həqiqi mənasında, sevmək lazımdır. Bu gün papaq üçün, əsasən, yaşlı kişilər müraciət edirlər. Cavanlarsa maraq göstərmir. Getdikcə papaqçılıq sənətinə olan marağın azalmasını dilə gətirən İsmayıl usta heç olmasa, xeyir-şər məclislərində bu papaqlardan istifadə olunmasını sənət üçün böyük ümid çırağı hesab edir. İndi çox az adam papaq tikir, çünki çox az adam papaq qoyur. Amma yaxşı olardı ki, insanlar milli adət-ənənələrimizi, qədim papaqçılıq sənətini yaşatmaq üçün bircə dəfə özünə papaq tikdirib babalarımızın ruhunu şad edəydi. Mənə elə gəlir ki, bu sənət üçün doğulmuşam. Nə yaxşı ki, belə bir sənətim var. Düzdür, elə vaxt olub ki, hər şeyi atıb getmək istəmişəm. Sonra fikirləşmişəm ki, onsuz da papaqçılıqla məşğul olan adamlar barmaqla sayılacaq qədər az qalıb. Bu sənəti kimsə yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Axı papaq bizim milli dəyərlərimizdən biridir. Onu qorumaq lazımdır.
Müasirliyə doğru can atdıqca bir çox milli dəyərlərimiz, peşələrimiz unudulur. Misgərlik, qalayçılıq, dulusçuluq və bu kimi peşələrin içərisində unudulmaq təhlükəsi olan bir peşə də papaqçılıq sənətidir. Son zamanlar papaqçılıq işi ilə məşğul olan az adam tapmaq olar. Zaman keçdikcə papaq aksesuara çevrilir. Papaqçılığın yaşadılması üçün mədəniyyət, təhsil müəssisələrinin də böyük rolu ola bilər. Məsələn, yaradıcı kollektivlər üçün milli geyimləri Azərbaycanın müxtəlif bölgələrindən, Gürcüstandan və yaxud digər bir ölkədən sifariş verməkdənsə, bu işi elə Naxçıvanda təşkil etmək olar. Həm papaqçılıqla yanaşı, digər sənət növləri inkişaf edər, həm də bu iş sıralarımızdan daha beş nəfərin dolanışığının təmin olunmasına imkan yaradar. Bundan başqa, cəmiyyət olaraq dəbə meyilli olduğumuz üçün milli papaqlarımızdan istifadə etməyi də dəb halına gətirə bilərik. Yeni il şənliklərində gənclərimiz Santa Klausun qırmızı, toppuzlu papaqlarını həvəslə gəzdirdikləri halda, nədənsə milli bayramımız olan Novruz şənliklərində milli papaqlarımız gözə dəymir. Bu haqda, necə deyərlər, şlyapanı, panamanı deyil, milli papağımızı qabağımıza qoyub fikirləşməyin vaxtı çatmayıbmı? Bəlkə, elə hər şey papaqdan başlayır?
Səbuhi HÜSEYNOV