Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq sığortanın əhəmiyyəti haqqında danışıb, rayonda sığorta işinin günün tələbləri səviyyəsində qurulduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında bildirib ki, gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi olur, bu barədə xəbərlərə televiziyada, internetdə, qəzetlərdə tez-tez rast gəlirik. Qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur, yaranan maddi fəsadları minimallaşdırmaq üçün isə mexanizm var. Bu mexanizm sığortadır. Sığorta itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. Beləliklə, öncədən sığorta şirkəti ilə müqavilə bağlamaqla maddi zərəri minimuma endirmək mümkündür.
Sədərək Rayon Dövlət Sığorta Agentliyinin əməkdaşı Mehman Mahmudov qeyd edib ki, sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə, sığortaolunanlarla sığortaedənlər başa düşülür. Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli metoddur. Sığorta həm də pul vəsaitlərinin sığorta fondu adlanan vahid bir fondda cəmlənməsini təmin edir. Belə hallarda hər bir sığortaçı maksimum zərərləri aradan qaldıra bilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Səbuhi HÜSEYNOV