Muxtar respublikamızda cari ildə də iməciliklər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Aprelin 30-da keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Həmin gün iməciliyə 23 min 850 nəfər çıxmış, ümumilikdə, 9 min 140 ədəd həmişəyaşıl ağac və bəzək kolları əkilmişdir.
Həmin gün Naxçıvan şəhərinin sakinləri park və xiyabanlarda 20 ədəd həmişəyaşıl ağac, 80 ədəd gül kolu əkmiş, Naxçıvan Sement Zavodunun və avtobus parkının yaxınlığında, müəssisə və təşkilatların ərazilərində yaşıllıq sahələrinə qulluq etmişlər.
Şərur rayonunda da iməciliklər mütəşəkkil keçirilmişdir. Belə ki, rayon mərkəzindəki Heydər Əliyev Parkında 5800 ədəd, Gümüşlü kənd tam orta məktəbinin həyətində 100 ədəd gül kolu əkilmiş, Gümüşlü və Xanlıqlar kəndlərində ağaclara aqrotexniki qulluq göstərilmişdir.
İməcilik günü babəklilər Yarımca-Qahab yolunun kənarlarında, Şıxmahmud və Güznüt kəndlərində çalışmışlar.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər davam etdirilmişdir. Belə ki, Naxçıvan-Ordubad magistral yolunun Aza, Dəstə, Aşağı Əylis kəndləri hissəsində ağacların dibləri alaq otlarından təmizlənərək suvarılmışdır.
Culfalılar rayonun müəssisə və təşkilatlarının yaşıllıq sahələrində çalışmışlar.
Kəngərli rayonunun sakinləri Şəhidlər abidəsinin ətrafına 3000 ədəd, Xok kəndində 160 ədəd gül kolu əkmiş, Xok-Şahtaxtı kəndləri yolunun ətrafında yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Şahbuzlular Naxçıvan-Batabat magistral yolunun kənarlarındakı yaşıllıqlarda çalışmışlar.
Sədərəklilər Heydərabad qəsəbəsindəki 5 hektarlıq alma bağında, Qaraağac kənd tam orta məktəbinin həyətində və Gömrük İdarəsinin yaşıllıq zolağında aqrotexniki tədbirlər həyata keçirmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi