Ağbulaq İstirahət Mərkəzindən növbəti reportaj
Saat 900-ı göstərir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev siyahı üzrə məktəblilərin adını dəqiqləşdirdikdən sonra onlar üçün ayrılmış iki avtobus yola düşür. Məktəblilərin həyəcanını hiss etmək çətin deyil. Onların əksəriyyəti Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir, gedirlər. Yolboyu görünən mənzərələri, füsunkar Şahbuz şəhərini böyük maraqla izləyən məktəblilərə baxarkən heç də uzaq olmayan keçmişi xatırlayıram.
Keçən əsrin 90-cı illərinin əvvəllərinin məktəblisinin çəkdikləri çətinliklər gözlərim önündə canlanır. Adi tələblərə cavab verməyən soyuq sinif otaqları, köhnəlmiş tədris avadanlıqları təhsil ocaqlarında tədrisin səviyyəsini yüksəltməyə imkan vermirdi. Ümumilikdə, muxtar respublikada müasir tələblərə cavab verən məktəb binaları barmaqla sayılacaq qədər az idi. İndi isə təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə, ən müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyaları tətbiq edilir. Məktəblilər pulsuz dərsliklərlə təmin olunurlar. Şagirdlərin asudə vaxtlarının səmərəli keçməsi də diqqət mərkəzində saxlanılır. Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzi artıq məktəblilərin sevimli ünvanına çevrilib. Hər il müxtəlif təbəqədən olan məktəblilər bu mərkəzdə asudə vaxtlarını səmərəli keçirirlər. Artıq bu ilin aprel ayının əvvəllərindən sınaq imtahanlarında yüksək nəticələr göstərənlərin və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində istirahətinə start verilib. Mərkəzin budəfəki qonaqları Babək rayonunun məktəbliləridir. Qeyd edək ki, bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublika Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən həyata keçirilir.
Budur, məktəblilərin sevinclə üz tutduqları Ağbulaq İstirahət Mərkəzi. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev şagirdlərə proqram haqqında qısa məlumat verir, onlara xoş və mənalı istirahət arzulayır. Şagirdlər əşyalarını yerləşdirdikdən sonra istirahət mərkəzinin mini-futbol meydançasında komandaların yarışı başlayır, məktəblilərin futbol idman növünə böyük maraq göstərməsi elə bu yarışlar zamanı ortaya çıxır. Belə ki, komandalar qalib gəlmək üçün var-qüvvələrini nümayiş etdirirlər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Murad Babayev molbert arxasına keçir. Bütün şagirdlər rəssamın nə çəkdiyini maraqla izləyirlər. Bir azdan şagirdlər rəssamın çəkdiyi rəsmə baxırlar. Bu, Ağbulaq İstirahət Mərkəzidir.
Gənc rəssam Muradla söhbətləşirəm: – Şahbuz rayonundan olsam da, ilk dəfədir, Ağbulağa gəlirəm. Buranın təbiəti məni valeh etdi. Dağın sinəsi ilə çəkilmiş yolla irəlilədikcə mənə elə gəlirdi ki, qartal yuvasına qalxırsan. Hündürlüyə qalxdıqca Şahbuz rayonunun bu qol üstündəki kəndləri aşağıda qalır. Bu mənzərəyə baxmaqdan doymursan. Şair istəyir ki, bu gözəlliklərə şeir qoşsun, bəstəkar sorağındadır ki, nəğmə bəstələsin. Mən də rəssam olaraq bu gözəlliyi tabloya çevirdim.
Şam yeməyindən sonra şagirdlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən sənədli filmə baxırlar. Şagirdlərin ən çox diqqətini çəkən isə muxtar respublikada yaradılan istehsal sahələri olur. Hiss edilir ki, onların bu haqda az məlumatları var. 15-16 yaşlı bu gənclər xoşbəxtdirlər. Ona görə ki, onlar muxtar respublikanın ən inkişaf edən bir dövründə təhsil alıb yaşayırlar. Heç bir çətinlik görmədən. Onlar bu filmdə muxtar respublikanın yaşadığı çətin günləri də izləyirlər. 22 il bundan əvvəl həmyaşıdlarının hansı çətinliklərlə üzləşdiklərinin şahidi olurlar. Bugünkü məktəblilərin yalnız bir arzusu var: hərtərəfli gənc kimi yetişmək, tələbə adını qazanmaq və müstəqil Azərbaycan dövlətinə layiqli vətəndaş olmaq.
Axşam uşaqlar mərkəzin geniş və işıqlı, hər cür şəraitə malik otaqlarına istirahətə çəkilirlər. Onlar sabah keçirəcəkləri günün arzusu ilə şirin yuxuya gedirlər.
Günəş dağların ardından boylanmaqdadır. Yuxudan oyanan uşaqlar yavaş-yavaş idman meydançasına toplaşırlar. Səhər yeməyi başa çatdıqdan sonra onlar üçün əyləncəli oyun və viktorinalar, şeir və rəsm müsabiqələri təşkil edilir.
Müəllim və şagirdlərlə həmsöhbət oluram. Babək rayonunun Çeşməbasar kənd tam orta məktəbinin müəllimi Zülfəli Əliyev təəssüratlarını bizimlə belə bölüşür:
– Belə bir yerdə həm müəllimlərin, həm də şagirdlərin istirahətinin təşkil edilməsi bizim böyük sevincimizə səbəb olub. Burada müxtəlif məktəblərdən gələn şagirdlər bir-birini tanıdılar, gözəl dostluqlar quruldu, bilik müzakirələri aparıldı. Həm də onlar yaxşı istirahət etdilər. Belə gəzintilərin təşkil edilməsi həm də məktəblilərin muxtar respublikamızı yaxından tanımalarına imkan yaradır. Bu gün müşahidə apardım, şagirdlərimizdə dərs yorğunluğu qalmayıb. Bura gələn şagirdlərin əksəriyyəti dərslərini yaxşı oxuyan şagirdlərdir. Digər məktəblilər də yaxşı oxuyacaqlar ki, onlar da bu gün bura istirahətə gələn şagirdlərdən olsunlar. Görülən bütün bu işlərdə əsas məqsəd gələcəyimiz olan uşaqların savadlı, bilikli, vətənpərvər gənclər kimi yetişdirilməsindən ibarətdir. Mən bütün müəllimlər adından belə tədbirlərin keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığımı bildirirəm.
Söhbətimizə qoşulan Payız kənd tam orta məktəbinin müəllimi Elxan Babazadə məktəblilərə belə qayğını ölkəmizin gələcəyinə göstərilən qayğı kimi dəyərləndirdi. O dedi ki, muxtar respublikada son illərdə məktəblilərin, yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üstün istiqamət verilən sahələrdən birinə çevrilib. Təbii ki, bu da hər bir müəllimi ürəkdən sevindirir.
Məktəbli Zeynəb İbrahimova ilə söhbətləşirəm:
– Mən Şəkərabad kənd tam orta məktəbinin X sinfində oxuyuram. Muxtar respublikanın heç bir rayonunda olmamışam. Şahbuz haqqında müəllimlərimdən eşitmişdim. Burada şagirdlərin istirahəti üçün hər cür şərait var. Çox yaxşı anlar keçirdik. Gələn bazar sınaq imtahanı olacaq. Ağbulaq İstirahət Mərkəzində dincəlmək bu sınaq imtahanına hazırlaşmaq üçün mənə böyük stimul oldu. Sınaq imtahanlarında 500-dən yuxarı bal toplayıram. Hədəfim 600-ü keçməkdir. Buna nail olacağıma inanıram.
– Bəs burada ən çox diqqəti çəkən nə oldu? – sualı ilə şagirdlərə müraciət edirəm. Sualımı Xeyrənsə Qurbanova cavablandırır:
– Mən Nehrəm kənd 3 nömrəli tam orta məktəbin IX sinif şagirdiyəm. Ağbulaq İstirahət Mərkəzinin yerləşdiyi məkan mənim diqqətimi çəkdi. Mərkəzdə qədim əl işləri nümayiş etdirilir. Burada gördüyüm qədim xalça çox xoşuma gəldi. Xalça toxumağa böyük həvəsim var. Kursa yazılmışam. Bu yay kurslarda iştirak edəcəyəm.
Məktəbli idmançı Əli Əlizadə ilə söhbətləşirəm. O, Şıxmahmud kənd tam orta məktəbinin VII sinif şagirdidir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi yarışda 41 kiloqram çəki dərəcəsində muxtar respublika çempionu olub. Hazırda Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində idmanın sirlərinə yiyələnir. Ən böyük arzusu Azərbaycan və dünya çempionu olmaqdır. O, buradakı istirahətin ona xoş təsir bağışladığını bildirir.
Məktəblilərdən Vahid Bağırov (Nehrəm), Əfruz Zamanova (Naxışnərgiz), Hüseyn Zamanlı (Naxışnərgiz), Tural İmanov (Güznüt), Nail İsmayılov (Vayxır) və başqaları burada gördüklərindən razılıqlarını bildirirlər.
Məktəblilərin Ağbulaq İstirahət Mərkəzinə səfəri başa çatır. Onlar Naxçıvan şəhərinə yola düşürlər. Qeyd edək ki, tədbir bu il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən keçirilir. Aprel ayının 2-dən start verilən layihə çərçivəsində, ümumilikdə, 405 şagirdin Ağbulaq İstirahət Mərkəzində istirahəti nəzərdə tutulub. Layihə hər həftənin şənbə və bazar günləri olmaqla, iyun ayının 5-dək davam edəcək.
Sara Əzimova