Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda seminar keçirilib.
Şagirdlərin, məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və valideynlərin iştirak etdiyi seminarda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildirib ki, məktəb insanın gələcək həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynayır. Orta məktəbdəki təhsil dövrü uşaqlara verilən düzgün tərbiyə, onların yaradıcı düşüncə qabiliyyətinin formalaşmasına şərait yaradılması, lazımi mənəvi biliklərə olan ehtiyacların vaxtında və yetərincə ödənilməsi, şübhəsiz, uşaqların daha möhkəm əsaslar üzərində, mənəvi-əxlaqi keyfiyyətlər əsasında öz həyat yolunu seçməsinə əhəmiyyətli şəkildə təsir göstərir. Xüsusilə bu dövrdə uşaqların milli dəyərlərə sevgi ruhunda tərbiyə edilməsi onların gələcəkdə ictimai həyatın aktiv iştirakçılarına çevrilmələrinə zəmin yaradır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Ona görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olmaları ilə bərabər, onların milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmalarına da ciddi yanaşılmalıdır. Müəllimlər şəxsi nümunələri ilə təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət rəmzlərinə, xalqımızın tarixinə, mədəniyyətinə, dilinə, adət-ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamalıdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, onların asudə vaxtlarının səmərəli təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından, qanunvericilikdə təsbit olunmuş valideyn məsuliyyətindən danışıb. Vurğulanıb ki, milli dəyərlərə bağlılıq vətənpərvərlik hisslərini gücləndirir, insanın əsl vətəndaş kimi tərbiyəsində birbaşa rol oynayır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqəti, onun tarixi, milli və mədəni dəyərləri üçün qürur hissi keçirməsi və müdafiəsinə hər an hazır olmasıdır.
Məktəbin direktoru Məlahət Rüstəmova seminarın təşkilinə görə minnətdarlığını bildirib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?”, “Erkən nikah – ailə faciəsinin təməli” adlı broşürlər, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və BMT-nin “Uşaq hüquqlarına dair Konvensiya”sının mətnləri paylanılıb.
Qeyd edək ki, cari ildə muxtar respublikanın ümumtəhsil məktəblərində 8 dəfə bu mövzuda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti