Cari ilin növbəti əmək yarmarkası Babək rayonunda keçirilib. Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev keçirilən əmək yarmarkalarının işaxtaran vətəndaşların rahat və sərbəst iş seçimində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, ötən dövr ərzində muxtar respublikada əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun daha da azaldılması, məşğulluğun artırılması, ümumilikdə, insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxış edərək bildirib ki, vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətini təşkil edir. Əmək yarmarkaları isə, nəticə etibarilə, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaradır.
İşaxtaran vətəndaş Əyyub Məmmədov əmək yarmarkalarının təşkilini muxtar respublikada insan amilinə göstərilən diqqət və qayğı kimi dəyərləndirərək minnətdarlığını bildirib.
Qeyd edək ki, 13 təşkilatdan 85 boş iş yerinin təklif olunduğu əmək yarmarkasında 33 nəfərə göndəriş verilib, 35 nəfər ictimai işlərə cəlb olunub.
Xəbərlər şöbəsi