Naxçıvan Muxtar Respublikasının inkişafını xarakterizə edən əsas xüsusiyyətlərdən biri formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəldilməsi, muxtar respublika sakinlərinin etibarlı sosial müdafiəsinin təşkilidir.
Qloballaşma prosesinin geniş vüsət aldığı bir dövrdə iqtisadiyyatda yaşanan yüksəlişin vətəndaşların həyatında da öz əksini tapması sosialyönümlü iqtisadi siyasətin yüksək səmərəliliyini və praktik nəticələrinin effektivliyini aydın şəkildə nümayiş etdirir. Dövlətin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb. İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə vaxtaşırı olaraq təşkil olunan əmək yarmarkaları isə vətəndaşların böyük əksəriyyətinin daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.
Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi əmək yarmarkası həmişəki kimi Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil olunmuşdu. Boş iş yerləri ilə tanışlıqdan əvvəl şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışdılar, işaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən bəhs etdilər. Sonra yarmarkaya gələnlər müxtəlif idarə, təşkilat və sahibkarlıq subyektlərindən təqdim edilən boş iş yerləri ilə tanış oldular.
Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasına 51 təşkilatdan 517 boş iş yeri çıxarılmışdı. Yarmarkada 21 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi