Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, bu gün Azərbaycanda davam etdirilən hüquqi-dünyəvi dövlət quruculuğu vətəndaşların hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. İnsanların hüquqlarının qorunması, əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Muxtar respublikamızda da işçilərin hüquqlarının qorunması və əməyinin mühafizəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. 8 iyun 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər haqqında və 21 fevral 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına əməl olunması və muxtar respublikada yanacaq ehtiyatlarının yaradılması ilə əlaqədar keçirilən müşavirələr mühüm əhəmiyyətə malikdir. Əməyin mühafizəsi və yerlərdə təhlükəsizlik qaydalarına əməl olunması Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əsas vəzifələrindən biri olduğundan şura 50-dən yuxarı tikinti, elektroenergetika, emal sənayesi və digər təşkilatlarda maarifləndirici tədbirlər həyata keçirib, əməyin mühafizə edilməsi qaydalarına əməl olunmasına nəzarəti gücləndirib.
Şuranın əməkdaşlarından Xatirə İbrahimli, Ceyhun Məmmədov, Hüseyn Quliyev, Ümbülbəni Musayeva, Mərdan Qurbanov, Eyvaz Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, muxtar respublikamızda əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə göstərilən diqqət və qayğını özündə ehtiva edir. Muxtar respublikamızda təhlükəsiz əmək şəraitinin təmin olunması prosesində dövlət qurumlarının, işçilərin və işəgötürənlərin iştirak etməsi təqdirolunası amillərdir.
Xəbərlər şöbəsi