Beynəlxalq Əmək Təşkilatı tərəfindən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda əməyin mühafizəsini, işçilərin hüquqlarının qorunmasını, təhlükəsiz və sağlam iş yerlərinin yaradılmasını sosial siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Ölkəmizdə əmək qanunvericiliyi sahəsində islahatlar aparılmış, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul edilmişdir. 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirən dövlət qurumu yaradılmış, 1999-cu ildə isə Əmək Məcəlləsi qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında da hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək, əmək və istirahət hüquqları təsbit olunmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əməyin mühafizəsi tədbirləri uğurla həyata keçirilir. Əmək hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır, əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Muxtar respublikanın bütün bölgələrində geniş tikinti-quruculuq işləri aparılır, yeni istehsal və xidmət müəssisələri yaradılır. Bütün bunlar əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması ilə yanaşı, həm də iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi tədbirlərinin genişləndirilməsini şərtləndirir. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və 2014-cü ildə tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələr əməyin mühafizəsi sahəsində uğurlu nəticələrin qazanılmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qeyri-formal məşğulluğun qarşısının alınması və əməyin mühafizəsi istiqamətində daha geniş tədbirlərin görülməsini təmin edəcəkdir. Hazırda muxtar respublikada insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yarada biləcək hadisələrin qarşısının alınması, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlərin hazırlanması, onların peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsi əməyin mühafizəsi sahəsində görülən işlərin tərkib hissəsidir.
Əməyin mühafizə normaları və qaydalarının pozulması, bu normaların yaxşı mənimsənilməməsi, avadanlıq və qurğuların istismar qaydalarına əməl olunmaması, əmək və icra intizamının pozulması kimi hallar iş yerlərində bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Ona görə də hər bir işçi əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulan tələbləri öyrənməli və onlara əməl etməlidir. Hazırda muxtar respublikanın tikinti və istehsal müəssisələrində əmək normalarına diqqət yetirilir, işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması istiqamətində maarifləndirici tədbirlər görülür. Bu ilin birinci rübündə əməyin mühafizəsinin təşkili ilə bağlı 7 obyektə baxış keçirilmiş, 24 halda istehsal sahəsində çalışan işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı 188 obyektdə yoxlama aparılmış, 164 halda yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 430 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuş, istehsalatda yüngül xəsarətalma ilə nəticələnən hadisələrin təkrarlanmaması üçün işəgötürənlərə metodik köməklik göstərilmişdir. Bundan başqa, 6 müəssisədə əməyin mühafizəsi üzrə biliklərin və peşəkarlığın artırılması məqsədilə maarifləndirici seminarlar davam etdirilmiş, işçilərə əməyin mühafizəsinə dair bukletlər təqdim edilmiş, kadr işləri üzrə mütəxəssislər Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda keçirilən kurslara cəlb olunmuşlar.
Ümumiyyətlə, son illər muxtar respublikada istehsal və tikinti sahəsində işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, bədbəxt hadisələrin sayı minimuma enmiş, peşə xəstəliklərinin qarşısı alınmışdır. Bu sahədə maarifləndirici tədbirlərin təşkili isə işçilərin peşə vərdişlərini daha da möhkəmləndirmiş, əmək məhsuldarlığı yüksəlmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti