23 Dekabr 2024, Bazar ertəsi

Bu gün dünyada ekoloji tarazlığın qorunması, təbiətsevərlərin təşəbbüs və təkliflərindən səmərəli istifadə olunması, suyun, havanın, torpağın çirklənmədən mühafizəsi böyük əhəmiyyət kəsb edir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, fauna və flora müxtəlifliyi ölkəmizdə, ümumilikdə isə Qafqaz ekoregionunda xüsusi yerə malikdir.

Bu barədə muxtar respublikada fəaliyyət göstərən “Təmiz Dünya” İctimai Birliyinin reallaşdırdığı “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki Gənc­lər Mərkəzində keçirilən seminar-aksiyada birliyin sədri, kimya üzrə fəlsəfə doktoru, beynəlxalq təlimçi Fizzə Məmmədova danışıb.
Fizzə Məmmədova bildirib ki, son illərdə qədim diyarımızda ətraf mühitin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülüb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib. Nəticədə, yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması yurdumuzu yaşıllıqlar məskəninə çevirib. Bu həm də muxtar respublikanın hər bir guşəsində keçirilən iməciliklər nəticəsində mümkün olub. İməciliklər yolu ilə təkcə ötən il 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ədəd ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında son illər həyata keçirilən tədbirlər nəticəsində təsərrüfat-içməli su təminatı da xeyli yaxşılaşdırılıb, əkin sahələri artırılıb, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəldilib. Təsərrüfat suyu ilə təchizatda muxtar respublikada yerləşən su anbarlarının da böyük rolu var. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvanda və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması bir sıra problemlərin həllinə səbəb olub. 2014-cü il aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi isə muxtar respublikanın paytaxtında yaşayan əhalinin keyfiyyətli su ilə təminatında mühüm rol oynayıb. Bu, bir daha göstərir ki, Naxçıvanda həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Çünki hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı, ekoloji tarazlığın qorunması ön planda saxlanılır. Nəzərə almaq lazımdır ki, dünyada yaşayan 2,5 milyarddan çox insan hazırda susuzluq səbəbindən praktik olaraq gigiyena və sanitariya üsullarından istifadə etmək imkanından məhrumdur. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, xərçəng xəstəliyinin səbəblərinin 60-90 faizi məhz ətraf mühitin, o cümlədən havanın, suyun çirkləndirilməsi ilə bağlıdır.
Vurğulanıb ki, əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpası, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi, təbii resurslardan əhalinin rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunmasıdır. Muxtar respublikamızda ekoloji tarazlığın qorunub saxlanılması üçün mühüm addımların atılmasına baxmayaraq, hələ də ətraf mühitə biganə yanaşanlara rast gəlinir. Unutmaq olmaz ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi halları baş verir. Buna görə də ətraf mühitin qorunması hər birimizin vətəndaşlıq borcudur.
“Muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib”, – deyən Fizzə Məmmədova bildirib ki, “Təmiz Dünya” İctimai Birliyi də bir qeyri-hökumət təşkilatı kimi bu sahədə görülən işlərə öz töhfəsini verməyə çalışır. Bu baxımdan “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsinin məqsədi ekoloji bilik və təcrübə əsasında gənclər arasında seminarlar keçirməklə onların diqqətini bu məsələlərə cəlb etməkdir. “Təmiz Dünya” İctimai Birliyi əvvəllər həyata keçirdiyi layihələrin təcrübəsindən istifadə edərək gənclərin şəhərimizin səliqə-sahmanında, yaşıllıqların artırılmasında, onların yaşadıqları və təhsil aldıqları ərazilərin təmizliyində və mühafizəsində iştirakını artırmağa səy göstərəcəkdir.
İctimai birliyin üzvləri Cavadxan Qasımov, Aliyə Rzayeva, Mahnur Cəfərli və Turac Süleymanova çıxış edərək bildiriblər ki, muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib. Yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri, fauna və floramızın qorunmasının və zənginləşdirilməsinin təmin olunması üçün maarifləndirici tədbirlərin aparılması davamlı xarakter alıb. Aidiyyəti qurumların və əhalinin bu tədbirlərdə fəallığı muxtar respublikada sağlam ekoloji mühitin yaradılmasında stimul olub. “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsinin məqsədi də muxtar respublikada uğurla həyata keçirilən ekoloji tədbirlərə töhfə vermək, əhalinin maariflənməsi prosesində iştirak etməkdir.
Sonra Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə “Şəhəri təmizləyək” şüarı altında iməcilik aksiyası keçirilib. Aksiyanın əsas məqsədi şəhərin təmizliyinin qorunması, əhali arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə ictimai dəstək və gəncləri bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir.
Aksiya çərçivəsində Naxçıvan şəhərinin mərkəzi yolları, parkları məişət tullantılarından təmizlənib, gənclər fərdi qaydada əhali arasında maarifləndirmə işləri aparıblar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR