23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə inklüziv və məsafədən (distant) təhsil imkanlarını artıracaq, uşaqların müasir tələblər səviyyəsində təhsil almasına, cəmiyyətə inteqrasiyasına, həmçinin bu sahədə pedaqoji kadr hazırlığının güclənməsinə stimul verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazirlik tərəfindən cari ilin I rübü ərzində dövlət proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı bir sıra işlər görülüb.
Belə ki, məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə yaradılmış məlumat bazası yenilənib. Bu kateqoriyadan olan uşaqların əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil müəssisələrinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbə, habelə distant dərslərə cəlb olunması diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud uşaqların məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 9 şəxs üçün distant dərslərin keçilməsi davam etdirilir. Hərəkət qabiliyyəti məhdud bir uşaq distant tədrisə cəlb olunub. Hazırda Distant Tədris Mərkəzində 23 uşaq təhsil alır.
Məlumatda o da qeyd olunur ki, sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, həmçinin uşaqlara defektoloji, multisensorlu və əmək terapiyası xidmətinin göstərilməsi davam etdirilir. Qeyd olunan dövr ərzində bu xidmətlərə, ümumilikdə, 139 uşaq cəlb olunub. Defektoloji bölmənin müəllim-defektoloqu iş təcrübəsini artırmaq məqsədilə Bakı şəhərindəki Müasir Psixologiya Mərkəzində kurs keçib.
Görmə qabiliyyəti məhdud uşaqların xüsusi ibtidai məktəbə cəlb edilməsi məqsədilə onların valideynlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib, bu kateqoriyadan olan şəxslər üçün “Könül işığı” adlı brayl jurnalının hər ay nəşri təmin edilib.
Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə xalq uşaq oyunlarından ibarət əyləncəli yarış keçirilib, onların asudə vaxtlarının səmərəli təşkili üçün uşaqlara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşa göstərilib.
Dövlət proqramında nəzərdə tutulan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün təlim-bərpa otağının və psixoloji dəstək xidmətinin yaradılması istiqamətində hazır­lıq işlərinə başlanılıb. Hər iki xidmət üçün ayrılan otaqlarda təmir işləri başa çatdırılıb, həmçinin müvafiq metodik vəsaitlər alınıb.
Məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən ötən dövr ərzində Şərur, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrdə monitorinq­lər, həmçinin valideyn, şagird və müəllimlərlə maarifləndirici görüşlər təşkil edilib.
Dövlət proqramının icrası ilə bağlı görülən işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR