Aprelin 27-də Şərur Şəhər Mədəniyyət Sarayında keçirilən növbəti əmək yarmarkasını giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açmış, muxtar respublikada əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əmək yarmarkalarıdır. Şərur Rayon Məşğulluq Mərkəzi rayonda fəaliyyət göstərən dövlət təşkilatları, özəl qurumlar, emal və istehsal müəssisələri ilə sıx əlaqə saxlayır, boş iş yerləri barədə məlumatlar toplayır, həmin yerlər əmək yarmarkalarında vətəndaşlara təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynamışdır. Bu il yanvar ayının 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş növbəti dövlət proqramı isə 2016-2020-ci illəri əhatə edir. Dövlət proqramının məqsədi səmərəli məşğulluğun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsinə, vətəndaşların özünüməşğulluq imkanlarının artırılmasına, əmək ehtiyatlarının və peşə hazırlığının əmək bazarına uyğun formalaşdırılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğuna nail olmaqdır.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Hüseynov əmək yarmarkasında çıxış edərək vurğulamışdır ki, yeni yaradılan istehsal və emal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişlənməsi vətəndaşların işlə təmin olunmasına imkan vermişdir.
Mədəniyyət sarayının foyesində işini davam etdirən əmək yarmarkasına 37 təşkilatdan 276 boş iş yeri çıxarılmışdı. Yarmarkada 38 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilmişdir.
Elman MƏMMƏDOV