Ölkəmizdə əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər insan amilinə verilən dəyər kimi qiymətləndirilir. Bu tədbirlərin bir hissəsini isə əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması təşkil edir. Buna görə də əhalinin səmərəli məşğulluğunun təmin olunmasında əmək yarmarkalarının keçirilməsi mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası isə dünən Babək rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Babək rayonunda keçirilən əmək yarmarkasına 12 təşkilatdan 68 boş iş yeri çıxarılıb.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev çıxış edərək deyib ki, əmək yarmarkalarının təşkil edilməsi rayon əhalisinin məşğulluq problemlərinin təmin edilməsində mühüm rol oynayır. Məhz bu cür yarmarkalar vasitəsilə işaxtaran vətəndaşlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Seyidov çıxışında rayonda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, yarmarkada 18 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi