23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun ətrafında 22 aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə “Yer kürəsi hamımızındır” devizi altında aksiya keçirilib.

Gənc fəalların iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov çıxış edərək Beynəlxalq Yer Kürəsi Gününün yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ekoloji siyasətin əsas məqsədi gələcək naminə mövcud ekoloji sistemin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ekoloji problemlərin həllinə daim diqqət artırılır.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Yer Kürəsi Gününün mahiyyətini özündə əks etdirən genişmiqyaslı tədbirlər təşkil edilir, gənclərin həmin tədbirlərdə yaxından iştirakı təmin olunur. Bu istiqamətdə görülən işlərə gənclərin təmizlik aksiyalarını, təbiət guşələrinə ekskursiyalarını misal göstərmək olar.
Vurğulanıb ki, “Yer kürəsi hamı­mızındır” adlı aksiyanın keçirilməsində məqsəd gənclərin diqqətini ekoloji məsələlərə cəlb etməkdir.
Sonra gənclərin iştirakı ilə təmizlik aksiyasına start verilib.
Gənclər yaşıllıq zolağındakı ağaclara aqrotexniki qulluq göstəriblər, ətrafda səliqə-sahman yaradıblar.
Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan gənclər çay süfrəsi arxasında ekologiyanın mühafizəsində gənclərin rolu barədə diskussiyalar aparıblar.

*              *            *

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Sağlamlığımız təbiətin əlindədir” devizi altında ekoloji aksiya keçirilib. Beynəlxalq Yer Kürəsi Günü münasibətilə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında keçirilən aksiyada muxtar respublikanın orta ixtisas təhsili müəssisələrinin tələbələri və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rasim Məmmədov çıxış edərək keçirilən tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, 22 aprel bütün dünyada Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. Bu günü planetimizdə həyat üçün zəruri olan təmiz su, torpaq və hava bayramı da adlandırmaq olar. Əsas məqsəd ətraf mühitin mühafizəsindən, yaşıllıqların salınmasından, meşə zolaqlarının, nadir və kökü kəsilməkdə olan ağac və gül kollarının qorunmasından ibarətdir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda ekoloji təhsilin fasiləsizliyi bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilib. Eyni zamanda ölkə başçısının 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda ekoloji maarifləndirmənin genişləndirilməsi əsas vəzifələrdən biri kimi göstərilir.
Vurğulanıb ki, muxtar respublikamızda aparılan ekoloji tədbirlər qədim diyarımızın zəngin təbiətinin hər kəs tərəfindən qorunmasını zəruri edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də yaradılmış ekoloji mühitin qorunması və zənginləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinə çalışır.
Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin direktoru Bahadur Fərəcov, mərkəzin müəllimi Arzu Məmmədov, “Şərq qapısı” qəzetinin əməkdaşı Səbuhi Həsənov muxtar respublikada həyata keçirilən ekoloji tədbirlərdən danışıb, ətraf mühitin mühafizəsinin hər kəsin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Sonra aksiya iştirakçıları Nəbatat bağı ilə tanış olub, buradakı yaşıllıqlara qulluq göstəriblər.
Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərindən Esmira Əsgərova, Cəvahir Seyidli, Tahir Bağırov və Qəhrəman Qənbərli bu cür aksiyaların keçirilməsindən razı olduqlarını bildiriblər, ətraf mühitin mühafizəsinin sağlamlığımıza böyük təsir göstərdiyini deyiblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR