Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, muxtar respublikada həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Ordubad Rayon Məşğulluq Mərkəzi də öz işini bu istiqamətdə qurub.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxışında son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 17 təşkilatdan 148 boş iş yerinin çıxarıldığı yarmarkada 24 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi