23 Dekabr 2024, Bazar ertəsi

Babək rayonunun Yarımca Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edib.
Bildirilib ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Məhz elə buna görə belə ailələrin qurulması üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Qızlar üçün nikah yaşının 18-ə qaldırılması, tərəflərin nikahdan əvvəl icbari olaraq tibbi müayinədən keçməsinin qüvvəyə minməsi, qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət müəyyən olunması bu tədbirlərin tərkib hissəsidir. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturunun, o cümlədən reproduktiv sağlamlığın qorunması sisteminin daha da təkmilləşdirilməsi üçün “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi belə tədbirlərin davamlı xarakter almasının ifadəsidir.

Vurğulanıb ki, Azərbaycan ailəsində valideynlər uşaqlara bağlıdır, valideyn-övlad münasibəti düzgün qurulub. Uşaqlar dünyaya gələn kimi ana nəfəsini, ata sevgisini hiss edirlər. Bu məhəbbətin nəticəsidir ki, uşaqlar böyüyə hörmət, milli adət-ənənələrə ehtiram ruhunda tərbiyə olunurlar. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması xalqımıza məxsus olan keyfiyyətlərdir. Övladlarını milli adət-ənənələrimiz əsasında əsl vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur. Ailə adət-ənənəmizdə çoxəsrlik tarixə malik olan ağsaqqal və ağbirçək institutu mövcuddur. Məhz bu institutun fəaliyyəti ailə üzvləri, eləcə də ailələr arasında ünsiyyətin formalaşmasında, ailə xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.
Ramilə Seyidova qeyd edib ki, ailələrimizdə qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Qadınlarımız ictimai həyatda uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Eyni zamanda qadınlarımızın ailənin bütövlüyünün qorunmasında özünəməxsus yeri vardır. Zəngin mədəni irsə malik olan xalqımızın qadının ailədə və cəmiyyətdəki roluna böyük ehtiramla yanaşmağını gərək qadınlarımız doğrultsun, ailənin möhkəmliyi, gələcək nəsillərin ruhən sağlam formalaşması üçün zəruri tədbirlər görsünlər.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR