Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçirilən tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasının uğurla başa çatdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayıb. Bu sahədə görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının xüsusi rolu var. Belə ki, məşğulluq orqanları tərəfindən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır və bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxışında qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaranların marağının böyük olması onu göstərir ki, onlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam vardır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 95 boş iş yerinin çıxarıldığı yarmarkada 24 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Culfa rayonunda keçiriləcək.
Səbuhi Həsənov