23 Dekabr 2024, Bazar ertəsi

   Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilmişdir. 

Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına nəzarət işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici görüşlər keçirilməsi istiqamətində öz səylərini artırmalıdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında 2015-ci ildə icbari sığortalar üzrə görülmüş tədbirlər nəticəsində sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 926 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 548 müqavilə bağlanılmışdır. Ümumilikdə, hər iki sığorta növü üzrə sahibkarlarla 1474 müqavilə bağlanılmışdır. Cari ildə də bu istiqamətdə görülən işlərin nəticəsi olaraq sığorta müqavilələrinin bağlanılması davam etdirilməkdədir. Belə ki, cari ilin ilk üç ayında sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 70, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 99 müqavilə olmaqla, cəmi 169 müqavilə bağlanılmışdır.
Lakin bunlara baxmayaraq, göstərilən icbari sığorta növləri üzrə bəzi sahibkarların vaxtında sığorta müqavilələri bağlamaqdan yayınmaları hələ də müşahidə edilməkdədir. Belə hallara yol verilməməsi və sığorta müqavilələrinin vaxtında bağlanılaraq sahibkarların öz üzərlərinə düşən vəzifələri yerinə yetirməsini təmin etmək üçün hər iki dövlət qurumu bu işə diqqəti daha da artırmalı, izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov qanuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hər iki icbari sığortalar üzrə müqavilələrin bağlanılmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd etmiş, bu sahədə idarənin üzərinə düşən vəzifələrdən danışmışdır.
Tədbirdə şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış etmişlər.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR